AZ

Paşinyan danışıq tonunu dəyişir - Qabil Hüseynli

Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqaz regionu Qərbin, Avropanın bir sıra təsisatlarının təzyiq və təsirləri ilə qarışdırılır. 30 il erməni işğalına göz yuman, regionda hegemonluq etmək istəyən maraqlı güclər vəziyyəti beynəlxalq müstəviyə çıxarıb gərginləşdirmək üçün cidd-cəhdlə çapalayırlar. Azərbaycana qarşı hücumların BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində müşahidə olunmaqla ardıcıl xarakter daşıması diqqətdən yayınmır. Eləcə də Qarabağ ermənilərinin geriyə qaytarılması, cinayətkar separatçı ermənilərin həbsdən çıxarılması kimi  iddialarla bu bölgəni gərginlik ocağı kimi saxlamaq niyyətlərindən əl çəkmirlər. Politoloq, professor Qabil Hüseynli ilə də elə bu mövzulara dair söhbətləşdik:

 - Son zamanlar bölgəmizlə bağlı müşahidə etdiyimiz oyunlar sülh müqaviləsinin imzalanması prosesinə necə təsir göstərir?

- Ermənipərəst qüvvələr, Rusiya, əsasən də Avropa dövlətləri, ABŞ, Fransa vəziyyəti mürəkkəbləşdiriblər. Sülh müqaviləsinin gecikdirilməsində bizim özümüzün də yol verdiyimiz yumşaq yanaşmalar var. Müharibədən dərhal sonra Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməli idik. Kapitulyasiyaya imza atan məğlub bir ölkənin danışıqlara cəlb edilib şərtlər diktə etməsinə icazə verilməməli idi. Azərbaycan Ermənistanla danışıqlar aparıb məsələni daha sivil formada həll etməyə çalışdıqca, Paşinyan oliqarx ermənilərin və havadarlarının diqtəsi ilə ritorikasını dəyişdi. Danışıqlar uzandıqca və Avropa İttifaqı, ABŞ kimi qüvvələr prosesə qarışdıqca, nəticə əldə edilməsi çətinləşir. İndi sülh müqaviləsinin imzalanması məsələsini ortaya atdıqları absurd, əsassız şərtlər, iddialar ilə pərdələməyə, yaxud öz şərtlərini irəli sürməyə çalışırlar. Üstəlik, Ermənistan Azərbaycanla şərti sərhədlərdə hərbi təxribatlar törətməkdən çəkinmir. Ermənistanın bu cürəti haradan və necə aldığı da hər kəsə bəllidir. Müharibədən sonra Ermənistana mülki missiya adı ilə gələn Avropa İttifaqının müəyyən dəstələri, eləcə də Ermənistanın ciddi şəkildə ABŞ, Fransa, Hindistan tərəfindən silahlandırılması, keçilən hərbi təlimlər bu ölkəni yeni müharibəyə, revanşa həvəsləndirib. Bundan sonra başda Amerika olmaqla Avropa Birliyinin də bəzi ölkələri, xüsusən də Fransa Ermənistanı Azərbaycana qarşı çıxış etməyə sövq etməklə, bölgədə yeni gərginlik ocağı hazırlamaqda davam edəcəklər. Azərbaycan güclü dayanışı, təmkinli adekvat mövqeyi ilə bu qrupları yerində oturda bilər.

- Avropa, Qərb dairələri Ermənistanı sülh müqaviləsindən yayındırmaqla və bölgədə gərginliyi artırmaqla hansı dəyişikliyə nail ola bilər?

- Məsələn, ABŞ bütün gücü ilə çalışacaq ki, Azərbaycandan çıxıb-getmiş ermənilərin hamısını olmasa da, müəyyən qismini geriyə qaytarsın. Bundan başqa, Qərbin, Avropa Birliyinin Azərbaycanda bəyənmədiyi bir sıra səbəblər var. Belə ki, “seçki, siyasi məhbus”, “ifadə azadlığının pozulması, məhkəmə qanunlarının işləməməsi”, “mətbuat azadlığının boğulması” ilə bağlı bir sıra "nöqsanlar"ı qeyd edirlər. Əlbəttə ki, Azərbaycan bu səbəbləri əsassız hesab edir və bunlarla razılaşmır.

- Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra Ermənistan baş naziri ilə telefon danışığı nəyi ifadə edir? Azərbaycanla kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması üçün təsiri ola bilər?

- Rusiya prezidentinin danışıqlarına, söylədiklərinə o qədər də bel bağlamıram. Rusiya həmişə Ermənistanı müdafiə edib. Son vaxtlar onun üçün ən maraqlı məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Rusiya Zəngəzur dəhlizi vasitəsilə Şərqə açılmalıdır. Onun üçün Qərb yolu bağlanıb. Rusiya istəyir ki, Azərbaycanın nəqliyyat qovşaqları, Zəngəzur dəhlizi vasitəsilə Yaxın Şərqə çıxışlar əldə edib özünün neftini, qazını mühüm bazarlara çıxarsın və bir sıra digər problemlərini bu yolla həll eləsin. Rusiya Prezidentinin bu zənglə nəyə nail olmaq istəyinə gəlincə, bu barədə dəqiq fikir bildirmək çətindir. Rusiya Ermənistanı Zəngəzur dəhlizinin açılmasına maneə yaratmamağa razı sala bilər. Rusiya bunu İran vasitəsilə edə bilər. İran da Şimal-Cənub dəmir yolu dəhlizindən Azərbaycanı çıxarmaq istəyir. Şimal, Xəzər dənizi və Bəndər-Ənzəli vasitəsilə bu nəqliyyat qovşağını qurmaq istəyir. Yalnız bunun qarşılığında Zəngəzur yolunun açılmasına razılıq verə bilər.

- Mövcud proseslər fonunda indiki vəziyyətdə Ermənistanın sülh müqaviləsi naminə özünün konstitusiyasında dəyisiklik edəcəyi mümkün görünürmu?

- Bunu söyləmək çətindir. Bu, iki dövlət arasında münasibətlərin qurulmasından asılı olacaq. Bu məsələdə də çətinliklər var. Burada elə müddəalar var ki, daha çox Türkiyəyə toxunur. Ona görə də Türkiyə bu işdə önə çıxmalıdır. Ermənistan sərhədlərin açılmasını, normal münasibətlərin qurulmasını və bölgədə inkişaf etmək istəyirsə, bu addımları atmağa məcburdur.

- Sülh müqaviləsinin bağlanmasında ikitərəfli formatın işləməsi nə dərəcədə əhəmiyyətlidir?

- Bir qədər əvvəl sərhədlərdə ölçülər aparılmaqla dirəklər basdırıldı. Sərhədin 13 kilometri dəqiqləşdirilib, üstəlik, bu istiqamətdə əsas götürülən Almatı prinsipi də dəqiqləşdirilib. Həmin prinsiplərə əsasən sərhədlərin delimitasiyası, demarkasiyası aparılmalıdır. Sərhədlərin müəyyənləşdirilməsi prosesi dayanıb. Görünən budur ki, bu məsələdə də müəyyən əngəllər baş qaldırıb. O ki qaldı Ermənistanla danışıqların ikitərəfli format müstəvisində aparılmasına, biz bunu müdafiə edən tərəfik. Üçüncü tərəfin müdaxiləsi olmadan danışıqların aparılmasını daha əlverişli hesab edirik. Bunun əyani nəticələrini də gördük. ABŞ kimi üçüncü tərəflər prosesə qoşulanda məsələyə bitərəfli yanaşır, problemi Ermənistanın xeyrinə həll etməyə çalışırlar. Qərb ölkələrinin çoxu Ermənistanın tərəfini tutur. Belə olan təqdirdə istənilən nəticəni almaq çətinləşir.

Kommunikasiya xətlərinin sülh mətnindən çıxarılmasına gəlincə, bu heç bir tərəf üçün yaxşı hal deyil. Kommunikasiyaların sülh mətnindən çıxarılması ABŞ-nin təzyiqi ilə baş verir. ABŞ bununla Rusiyanı bölgədən sıxışdırmaq, özünün mövqelərini bölgədə gücləndirmək istəyir.

Mövcud vəziyyəti ümumiləşdirsək, belə bir fonda sülh müqaviləsinin yaxın vaxtda bağlanması problemli görünsə də, mümkündür.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
hafta.az

1Mənbələr