“Kəpəz”in futbolçusu Əli Səmədov Sportinfo.az-a müsahibə verib.
Komandasının heyətində azsaylı gəncəlilərdən olan 26 yaşlı yarımmüdafiəçi “Sabah”a 2:3 hesablı yenilgidən sonra sualları cavablandırıb.
- İlk hissədə 2 qol vurduğunuz halda, yekunda məğlub oldunuz. Nə baş verdi?
- Oyuna yaxşı hazırlaşsaq da, əhval-ruhiyyə qaydasında deyildi. Adil Şükürovun ayrılığına görə bir az narahatlıq var idi kollektivdə. Nəyə qadir olduğumuzu göstərməyə çalışırdıq ki, ilk 45 dəqiqədə “Sabah”ın qapısına 2 top vurduq. Fasilədən sonra rəqib böyük qüvvə ilə üstümüzə gəldi. Görünür, təzyiqə dözə bilmədik. Bilirdik ki, hücumları əsasən cinahlardan qururlar. Buna uyğun hazırlaşmışdıq. İki qolu məhz bu yolla vurdular.
- Ən azından heç-heçə hesabını qoruya bilərdiniz.
- Qorumağa çalışırdıq. “Sabah” kimi rəqibdən 1 xal da pis olmazdı. Təəssüf ki, son dəqiqələrdə dözə bilmədik.
- Adil Şükürovun ayrılacağını gözləmirdiniz?
- Adil müəllimi hamımız çox istəyirdik. Əlbəttə, onun gedişi bizə pis təsir etdi. Xaliq Mərdanov və digər məşqçilər sağ olsunlar, bizi bu oyuna hazırladılar, motivasiya verdilər. Etiraf edək ki, Adil Şükürovun komandanın üzərində böyük əməyi var.
- Vəziyyətin bu yerə çatmasında Adil Şükürovdur günahkar?
- Xeyr, Adil müəllimlik bir şey yox idi. Günah biz futbolçulardadır. Biz oynamayandan, tapşırıqları tam yerinə yetirməyəndən sonra nə qədər məşqçi dəyişsə də, xeyri olmayacaq.
- Bu qədər baş məşqçi dəyişikliyinin səbəbi nədir?
- Gəncə tələbkar şəhərdir. Azarkeşlər hər zaman yaxşı nəticələr tələb edir. Ard-arda 2-3 oyun uduzanda, məşqçi dəyişikliyini tələb edirlər, istefaya səsləyirlər. Məşqçi dəyişikliyi yeni nəfəs deməkdir. İnşallah, Azər müəllimin gəlişi xeyirli olar.
HƏBİB