AZ

ŞKTC komandasının baş məşqçisi: “Ulduz Cup” turniri təcrübə toplamaq üçün yaxşı imkandır

Ankara, 7 sentyabr, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 12 yaşadək gənclərdən ibarət komandasının Azərbaycanda keçirilən “Ulduz Cup” beynəlxalq futbol turnirində iştirakı türk Kiprinin idman ictimaiyyəti və mediası arasında əsas müzakirə mövzularından biri olaraq qalır.

AZƏRTAC xəbər verir ki, ŞKTC-nin qəzetləri, xəbər portalları və telekanalları son günlər Azərbaycanda keçirilən yarışları diqqətlə izləyib, “Ulduz” kuboku uğrunda keçirilən görüşlərin nəticələri barədə ada dövlətinin sakinlərini vaxtaşırı məlumatlandırıb.

Jurnalistlər ŞKTC-in yeniyetmə futbolçularının keçirdikləri son matçda qazanılan qələbəni diqqət mərkəzində saxlayıblar.

ŞKTC mediası komandanın baş məşqçisi Hüseyn Kızmazoğlunun oyunun keyfiyyəti və oyunçularının qələbə əzmi haqqında fikirlərinə istinad edib.

“Belə beynəlxalq turnirlər gənc futbolçular üçün təcrübə toplamaq və öz bacarıqlarını inkişaf etdirmək üçün yaxşı fürsətdir. Onların sayının daha çox olmasını arzu edirik. Biz gənc istedadlara beynəlxalq səviyyədə özlərini sübut etmək şansı verməliyik”, -deyə baş məşqçi bildirib.

Kızmazoğlu “Ulduz Cup” çərçivəsində qazanılan təcrübənin başçılıq etdiyi komandaya gələcək çempionat və turnirlərə daha yaxşı hazırlaşmaq imkanı verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, ŞKTC-in 12 yaşadək futbolçulardan ibarət yığmasını Azərbaycana səfərdə Şimali Kipr Futbol Federasiyasının nümayəndələri müşayiət ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Seçilən
127
azertag.az

1Mənbələr