Sentyabrın 9-11-də, Bakıda Xaricdə yaşayan azərbaycanlı alimlərin 1-ci Forumu keçiriləcəkdir. Müsahibimiz Forumun iştirakçısı Moskva ”MİET” Milli Tədqiqat Universitetinin professoru Ələddin Allahverdiyevdir.
Arayış: Professor Ələddin Allahverdiyev dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan pyezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimidir. O, 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. Bakıda 190 saylı orta məktəbi medalla bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin və onun aspiranturasının məzunudur. SSRİ Elektron Sənaye Nazirliyinin Elmi-Tədqiqat “Fonon” İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və riyazi modelləşdirmə şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
“Green Star International” şirkəti baş direktorunun elm və istehsalat üzrə müavini, Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru, Moskva Biznesi İdarəetmə Akademiyasında ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru, İqtisadiyyat və menecment fakültəsinin dekanı, 1-ci prorektoru, Moskva “MİET” Milli Tədqiqat Universitetinin professoru, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəri vəzifələrində çalışıb.
– Ələddin müəllim, informasiya vasitələrində gedən məlumata görə, sentyabrın 9-dan 11-dək Bakıda Xaricdə yaşayan azərbaycanlı alimlərin 1-ci Forumu baş tutacaqdır. Bu tədbirə dəvət almış alim kimi bu haqda nə deyə bilərsiniz?
– Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan bu forum dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, onların təcrübə və bilik mübadiləsini təşkil etmək, alimlər arasında şəbəkələşməni yaratmaq, diaspor fəaliyyətinə töhfə verməklə Vətənlə əlaqələri möhkəmlətmək məqsədilə keçirilir. Forumda, həmçinin elm və texnologiya, texnika, energetika, təhsil, səhiyyə, iqlim dəyişikliyi və digər sosial elmlər və mədəniyyət sahələri ilə bağlı strateji planların hazırlanması və icrasında Azərbaycana kömək etmək, işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə töhfə vermək, təhsillə bağlı müxtəlif məzmunlu layihələr, proqramlar hazırlamaq, elmi işləri dəstəkləmək nəzərdə tutulur.
– Siz 56 ildir ki, Vətəndən kənarda– Moskvada yaşayıb, elm və təhsil sahələrində məsul vəzifələrdə çalışmısınız. Sizin oraya təhsilinizi davam etməyə getməyiniz, uzun illər orada qalıb işləməyiniz haqqında qısa da olsa məlumat verməyinizi istərdik.
– 1968-ci tədris ilinin sonları idi. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin 3-cü kursunu bitirirdim. Məni dekanlığa dəvət edib, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə köçürülmək üçün SSRİ Ali Təhsil Nazirliyindən universitetə 1 yer ayrıldığını və əlaçı tələbə kimi məni o yerə göndərmək barədə qərarlarını bildirdilər.
Moskva Dövlət Universitetinə köçürülməyim, orada tələbə və aspirant olduğum gənclik illəri həyatımda, ömür tariximdə silinməz izlər buraxmış, elmi-mədəni-siyasi dünyagörüşümün formalaşmasında xüsusi rol oynamışdır. Təsəvvür edin, hər altıncı gün universitetin teatr zalında, tamaşalarına bilet almaq çox çətin olan Böyük Teatrın opera və balet truppalarının universitet üzərində hamilik tamaşalarına baxmaq imkanımız vardı. Universitetin akt zalında dünyanın ən məşhur alimlərinin iştirakı ilə, elmin ən mübahisəli, eyni zamanda, aktual problemlərinə həsr olunmuş elmi diskussiyalar təşkil olunardı.
Elmin yeniliklərinə böyük maraq göstərən biz tələbə və aspirantlar bu nadir əhəmiyyətli elmi tədbirlərdə qabardılan fikirləri xüsusi “aclıqla” qəbul edərdik. Universitetin konsert zalında ölkənin ən məşhur elm və mədəniyyət xadimləri ilə təşkil olunan görüşlər çox maraqlı keçərdi. Bu görüşlərdə hər kəs mövzu ətrafında onu maraqlandıran sualları vermək imkanına malik idi. Bir qayda olaraq, bu görüşlərdə mən Azərbaycanla bağlı suallar verməyi sevərdim. Elmə xüsusi marağım, həllini gözləyən məsələlərlə məşğul olmaq həvəsi də məhz o illərdən yaranmış və həyatım boyu davam etmişdir. Orada aldığım fundamental elm və biliklər sonralar işlədiyim SSRİ Elektronika Nazirliyinin “Fonon” İnstitutunda ölkə təhlükəsizliyni təmin etməyə yönəlmiş texniki problemlərin həllində, Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında kafedra müdiri, dekan, 1-ci prorektor, və “MİET” Milli Tədqiqat Universitetində təhsilin keyfiyyəti sahəsinin rəhbəri kimi təhsil poblemlərinin həllində mənə böyük stimul və istiqamət vermişdir.
– Professor, sizin bu foruma dəvət olunmağınız elmi və ictimai fəaliyyətinizə verilən yüksək dəyərin təzahürüdür. Siz çoxsaylı elmi əsərlərin, ixtiraların müəllifi kimi, bir çoxunun mövzusunun və mahiyyətinin qapalılığını nəzərə alaraq, qısaca da olsa məlumat verərdiniz.
– Hələ tələbə və aspirant ikən 1970-ci illərin ortalarından elektron sənayesi sahəsində çalışarkən, dünya okeanında və kosmosda, dəniz seysmik kəşfiyyatında, mikroelektronikada, müdafiə və tibb sənayesində istifadə olunan pyezoelektrik aparat və cihazların işlənib hazırlanmasında riyazi modellərin yaradılması ilə bağlı elmi problemlərlə məşğul olmuşam.
Uzun illər ərzində həllini tapmayan, dinamik rejimdə əvvəlcədən tələb olunan fiziki xüsusiyyətlərə cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoelektrik elementlərin optimal formasının müəyyən edilməsi probleminin ilk dəfə həllinə nail olmuşam. Bu problemin həlli dünya okeanında su altında hərəkət edən obyektlərin yerini və ayrı-ayrı xarakteristikalarını müəyyən etməyə, müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran informasiyaların kosmik obyektlərdən – süni peyklərdən və kosmik gəmilərdən qeydə alınıb, Uçuşları İdarəetmə Mərkəzinə ötürmək və qəbul etmək üçün qəbul-edici-ötürücü qurğularının yaradılmasına imkan vermişdir. Hərbi texnikada istifadə olunan pyezoelektrik cihazların yaradılmasında vacib olan iki və üçölçülü dinamik məsələlərin həll metodunu da tələbələrimlə birgə ilk dəfə uğurla tətbiq etməyə nail olmuşam. Diskşəkilli pyezokeramik mem-branlarda “kənar effektinin” mövcudluğunu da nəzəri cəhətdən ilk dəfə mən açmışam.
Həmmüəlliflərimlə birgə hazırlanmış pyezokeramik ötürücü süni ürək yaratmaq probleminin həllində uğurla istifadə edilmişdir. 450-dən çox açıq və qapalı elmi əsərin, ixtiraların, monoqrafiyaların, ali təhsil dərsliklərinin, ali peşə təhsilinin təşkili problemlərinə və təhsil texnologiyalarına dair bir sıra elmi məqalələrin müəllifiyəm. Elmi rəhbərliyim altında 7 aspirant, o cümlədən 3 azərbaycanlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Ümumiyyətlə, əldə edilmiş elmi nəticələr əsasında 30 beynəlxalq və Ümumittifaq qurultay, konqres, konfrans və simpoziumlarda 60-dan çox, o cümlədən 12 sifarişli plenar elmi məruzə etmişəm.
– Xaricdə yaşayan azərbaycanlı öz tarixi Vətənini layiqincə təmsil etmək üçün hansı xüsusiyyətlərə malik olmalıdır?
– Tarixi Vətənimizdən kənarda yaşayan hər bir azərbaycanlı onun milli-mədəni-mənəvi dəyərlərinin daşıyıcısı kimi yaşadığı ölkədə öz məsuliyyətini daim düşünməli, yaddan çıxarmamalıdır. Ölkəmizə, xalqımıza münasibət hər birimizin oradakı peşəkar fəaliyyətimizdən, cəmiyyətdəki davranış mədəniyyətimizdən, dünyagörüşümüzdən alınan təəssüratlarla, Azərbaycanın, onun tarixini və mənəvi dəyərlərinin düzgün, layiqli təqdimatı, təbliği ilə formalaşır. Vətəndaşı olduğumuz ölkənin tarixini, mədəniyyətini, adət-ənənələrini, mövcud qanunlarını bilmək və onlara hörmətlə yanaşmaq da bu məsələdə mühüm rol oynayır. Əminəm, Azərbaycanın tarixini, mədəni-mənəvi dəyərlərini, adət-ənənələrini dərindən bilmədən onun yüksək səviyyədə layiqli təmsilçisi olmaq mümkün deyil! Bütün bunları biz, ilk növbədə, gənclərimizdə, ətrafımızda olan hər kəsdə tərbiyə etməliyik. Bu işdə Vətəndən uzaqlarda yaşayan biz ziyalıların üzərinə böyük məsuliyyət düşür! Ziyalı sözü, ana dilimizdə xalqına elm və bilik gətirən, onun “qaranlıqlarına nur saçan” insana şamil edilir!
– Uzun müddət Moskvada yaşayıb– çalışdığınız dövrdə orada Azərbaycana aid keçirilən tədbirlərlə bağlı xatirələrinizi də eşitmək maraqlı olardı.
– Keçən əsrin 60-cı illərinin sonlarından M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Moskvada təhsil alan azərbaycanlı tələbə və aspirantlar üçün əsl birləşdirici mədəniyyət mərkəzi idi. Həmin dövr, xüsusən də Azərbaycan KP MK-nın ovaxtkı 1-ci katibi, ümummilli lider Heydər Əliyevin 1973-cü ildə Moskvada Azərbaycanın daimi nümayəndəliyində tələbə və aspirantlarla olan ilk görüşündən sonra mədəniyyətimizin ən məhsuldar nümayişi dövrü idi. Buna biz yaradıcı ziyalılarımız – B.Vahabzadə, N.Xəzri, Qabil, M.Araz, T.Salahov, T.Nərimanbəyov, F.Əmirov, X.Mirzəzadə, M.Maqomayev və başqaları ilə keçirdiyimiz maraqlı görüşlərlə nail olmuşduq. Moskva Dövlət Universitetində əlamətdar tarixlərin qeyd olunmasını təşkil edən fəal tələbələr və aspirantlardan ibarət qrup yaratmışdıq. Universitetlərdə, məktəblərdə Azərbaycana, onun mədəniyyətinə, elminə həsr olunmuş gecələr keçirirdik.
Sonralar Moska ətrafında elektronika mərkəzi olan Zelenoqradda işləyərkən, ictimai əsaslarla mədəniyyət üzrə metodik şuranın sədri kimi rus, sovet mədəniyyətinin müxtəlif sahələrinə aid mövzularla yanaşı, Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər keçirməyə nail olmuşdum. Zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin 60 illik yubiley gecəsində onun səhnədə nəhəng portretini, foyedə yaradıcılığına həsr olunmuş sərgini, musiqi nümunələrini, musiqisi ilə bağlı filmlərdən parçalar nümayiş etdirdik. Tədbirdən 1 gün əvvəl Q.Qarayevə Sosialist Əməyi Qəhrəmanı adı verilməsi qərarı isə gecədə onun haqqında söylənilən ən yüksək sözlərin təsdiqi idi. SSRI Rəssamlar İttifaqının 1-ci katibi, dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığına həsr olunmuş tədbir və onunla görüş Azərbaycan təsviri incəsənətinin qürurverici təntənəsinə çevrildi.
– Ələddin müəllim, sizin xalqımızın iftixarı, dahi bəstəkar Üzeyir Hacıbəylinin şəxsiyyətinə və yaradıcılığına sonsuz sevginiz və ehtiramınız hamımıza məlumdur. Yəqin ki, bu cür tədbirlər sırasında Üzeyir bəyə həsr olunmuş tədbir də keçirmisiniz...
– Əlbəttə, Üzeyir bəy Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, XX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Avropa bəstəkarlıq məktəbinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərək musiqimizin bütün dünyada şöhrət qazanmasında əvəzsiz rol oynamışdır. Zənnimcə, Üzeyir Hacıbəylinin musiqimizdə ən mühüm, taleyüklü xidməti onun möhtəşəm musiqi əsərləri yaratması ilə yanaşı, uzaqgörən dahi bəstəkar, alim, siyasi xadim kimi musiqimizin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyən etməkdə, ilk növbədə, öz milli xalq musiqimizə, muğama və aşıq musiqisinə köklənməyi əsas tutmasındadır. Bəli, Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş və böyük uğurla baş tutmuş gecədə səslənən məlumatlar tədbirdə böyük canlanma yaratdı, dinləyicilər tərəfindən xüsusi marağa səbəb oldu.
Ümumiyyətlə, Üzeyir bəy Sovet İttifaqında yaxşı tanınan dahi bəstəkar idi. Onun hələ 1907-ci ildə yazdığı “Leyli və Məcnun” operasının təkcə ilk Azərbaycan operası deyil, həm də Şərqdə, o cümlədən bütün İslam aləmində ilk opera olması, SSRİ-nin ovaxtkı rəhbəri İosif Stalinin Üzeyir Hacıbəylinin musiqisini çox sevməsi, məşhur rus bəstəkarı, Leninqrad Konservatoriyasının rektoru Aleksandr Qlazunovun “Arşın mal alan”ı Rusiyanın “ilk operettası” adlandırması barədə səslənən faktlar tədbirdə xüsusi maraq doğurmuşdu.
Hollivudda erməni əsilli Maqalyanın eyniadlı film çəkdiyi və musiqinin müəllifinin isə özü olduğunu bildirilən məlumat isə dinləyicilərin ironiyalı gülüşünə səbəb olmuşdu. Bundan xəbər tutan Üzeyir Hacıbəyli etirazını “Arşın mal alan”ı çox sevən Stalinə ünvanlamışdı. Tezliklə bəstəkara Stalindən şəxsi teleqram gəlir: “Mən bizim, sovet, əsl “Arşın mal alan”ı çəkməyi təklif edirəm”. 1945-ci ildə Azərbaycanda eyniadlı film çəkildi və Stalin mükafatına layiq görüldü. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Koroğlu” operasının Stalinin şəxsi göstərişi ilə Böyük Teatrda 3 dəfə tamaşaya qoyulması və Stalinin hər üç tamaşaya gəlməsi, onun “Koroğlu” operasını “ən gözəl sovet operası” adlandırması tədbirdə coşqu yaratdı. Üzeyir Hacıbəylinin sovet bəstəkarları arasında ilk dəfə SSRİ Xalq artisti adına layiq görülməsi dinləyicilər tərəfindən rəğbətlə qarşılandı. Bütün bu faktlar, məlumatlar dinləyicilər tərəfindən Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqi incəsənətinin ən yüksək səviyyəsi kimi qəbul edilirdi.
Moskva Dövlət Universitetində keçirilən digər tədbirlərdə də Azərbaycanla bağlı maraqlı, qürurverici məlumatlar səslənərdi. Məsələn, Rəsul Həmzətovla görüşdə görkəmli şair Azərbaycan poeziyasını yüksək qiymətləndirdi və Səməd Vurğunu öz müəllimi adlandırdı. Onun fikrincə, “Səməd Vurğun vasitəsilə Azərbaycan bir baş ucaya qalxıb.” Azərbaycan musiqisi haqqında nə düşündüyünü soruşduqda, məşhur erməni bəstəkarı Aram Xaçaturyan Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun və A.Məlikovun yaradıcılığı haqqında çox yüksək sözlər deyərək, öz əsərlərində, xüsusən də “Qayane” və “Spartak” baletlərində Azərbaycan xalq mahnı və rəqslərindən geniş istifadə etdiyini dilə gətirdi. Dedi ki, əslən naxçıvanlı olan anasının uşaqlıqda ona zümzümə etdiyi, oxuduğu xalq mahnıları ömürlük onun beyninə həkk olunub.
SSRİ-nin digər nüfuzlu mədəniyyət xadimlərindən Azərbaycan poeziyası və musiqisi barədə yüksək qiymətlər və etiraflar eşitmək çox qürurverici idi. Uzun illər işlədiyim Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında rəqs şousu müsabiqələrində tələbələrim Azərbaycan rəqsləri ilə nömrələr hazırlayardılar. Yeni il, 8 Mart və digər bayram axşamlarında professor-müəllim heyəti isə bu tədbirlərin kulminasiya zirvəsini– Azərbaycan rəqslərinin səslənməsini səbirsizliklə gözləyərdilər. Bu anda məclis canlanar, xüsusi rəng alardı.
– Qarabağın işğalı, itirilmiş torpaqlarımızın geri qaytarılması, Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı problemlərin həlli hər bir azərbaycanlını, o cümlədən xaricdə yaşayan soydaşlarımızı da səfərbər etmişdi. Hər kəs öz imkanı, bacarığı daxilində ümumi Qələbəyə öz töhfəsini verməyə çalışırdı.
– Keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq, 30 il ərzində, xüsusən də 44 günlük Vətən müharibəsində biz də hər gün, hər an universitetlərin professor-müəllim heyəti arasında, digər auditoriyalarda aktiv fəaliyyət göstərir, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri izah edir, onlara münaqişənin həqiqi səbəblərini, yaranma və inkişaf mərhələlərini izah edirdik. Biz bu münaqişədə Rusiyanın mövqeyini, əzəli torpaqlarımızda başqa ölkələrdə yaşayan ermənilərin yerləşdirilməsini, Azərbaycan türklərinin dəfələrlə Ermənistandan deportasiya olunmasını diqqətə çatdırdıq.
44 günlük müharibədə qazandığımız parlaq Qələbənin tariximiz üçün misilsiz əhəmiyyəti artıq milli şüurumuzda əbədi həkk olunub. Bu gün hər birimiz Qələbəmiz, müzəffər ordumuz, onun Ali Baş Komandanı, dərin, strateji düşüncəli, uzaqgörən, dünya səviyyəli siyasətçinin, Prezidentimiz İlham Əliyevin müdrikliyi və əzmkarlığı sayəsində başımızı dik tutaraq qürurla addımlamaqdan məmnunluq duyuruq! Allah bu Qələbə uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət eləsin! Onların müqəddəs ruhu qarşısında baş əyirəm! Qərbi Azərbaycan İcmasının yaradılması, onun gündəlik fəaliyyəti, Qərbi Azərbaycana qayıdış proqramının uğurla həyata keçirilməsi qədim torpaqlarımız olan Göyçə mahalına, Zəngəzura, İrəvana, Dərələyəzə möhtərəm Prezidentimizin ifadə etdiyi kimi sülh yolu ilə qayıdacağımıza hər birimizin inamı böyükdür!
– Moskvadakı diasporlarımızı birləşdirməyə, milli-mədəni dəyərlərimizi qoruyub saxlamağa, tanıtdırmağa, inkişaf etdirməyə məsuliyyət daşıyan Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
– Təəssüflər olsun ki, son illər bu qurumun rəhbərliyinin fəaliyyətsizliyi, onun işinə biganə, laqeyd yanaşması nəticəsində təşkilat durğunluq dövrünü keçirirdi. Sevindirici haldır ki, təşkilatın 2 il əvvəl demokratik yolla seçilmiş yeni rəhbərliyi qısa müddət ərzində fəallıqla, Moskvada yaşayan ziyalılarla geniş məsləhətlər keçirərək düşünülmüş proqram, fəaliyyət strategiyası əsasında, ayrı-ayrı elm, təhsil, mədəniyyət ocaqlarında görülən tədbirlər vasitəsilə bu təşkilatın işinə yeni nəfəs verməyə, Azərbaycan diasporunun birliyinə, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin davamlılığını təşviq etməyə və real münasibətlərə kömək etməyə nail olmuşdur. Bu vacib işdə “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti”nin rəhbəri, veteranlar və əlillər üçün bir çox nəcib işlər görmüş Bəxtiyar Həsənovun tükənməz enerjili rəhbər, təcrübəli sahib-kar, xeyriyyəçi iş adamı kimi göstərdiyi səylər təqdirəlayiqdir.
Müsahibəni apardı:
Araz YAQUBOĞLU,
tədqiqatçı-jurnalist