Yol var: qoruma və qənaət
Su resurslarının məişət, sənaye və kənd təsərrüfatında səmərəsiz istifadəsi, inkişaf etməkdə olan ölkələrdə baş verən əhali artımı, suvarılan sahələrin genişlənməsi, meşələrin qırılması bir tərəfdən qlobal istiləşmə və quraqlığın artmasına, digər tərəfdən, şirin su ehtiyatlarının kritik böhran həddində azalmasına gətirib çıxarıb.
Beynəlxalq ekoloji və iqtisadi araşdırma mərkəzlərinin proqnozlarına görə, proseslər belə davam edərsə, yaxın gələcəkdə Yer kürəsində quraqlıq qlobal xarakter alacaq və şirin su resurslarının çatışmazlığının artması isə təkcə Afrika qitəsində yox, bütün dünyada ciddi ərzaq qıtlığı təhlükəsi yaradacaq. Belə qorxulu proqnozlardan düzgün nəticə çıxararaq müxtəlif həcmdə su ehtiyatlarına malik olan bir sıra ölkələr su qıtlığının fəsadları ilə üzləşməmək üçün artıq bu problemin həlli yollarını axtararaq müəyyən konkret addımlar atırlar.
Nümunə olaraq qardaş Türkiyə dövlətini göstərmək olar. Bu ölkənin şirin su ehtiyatının bir sıra Asiya və Afrika ölkələrinə nisbətən daha çox olmasına baxmayaraq, quraqlıq dövründə su qıtlığı ilə bağlı baş verə biləcək ağır fəsadların qarşısının alınması məqsədilə Dəclə, Fərat və Kür kimi transsərhəd çayların üzərində iri su anbarları yaradılır.
Avropa qitəsində yerləşən Belçikada isə qəbul edilən müvafiq qanuna əsasən, yeni tikilən çoxmərtəbəli binalarda və şəxsi evlərdə yağış suyunun toplanılması, həmçinin ondan texniki su kimi istifadə üçün çənlərin quraşdırılması kimi məcburi qaydalar tətbiq olunub.
Rusiya Federasiyasında da quraqlıqdan qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilir, su anbarları və süni göllər yaradılır, habelə su mənbələri arasında tarazlığı qorumaq məqsədi ilə onları birləşdirən xüsusi kanallar çəkilir. Müxtəlif həcmdə su ehtiyatları olan ölkələrdən gətirdiyimiz nümunələr bir daha göstərir ki, qlobal istiləşmədən irəli gələn quraqlıq və su qıtlığı problemi Azərbaycanı, eləcə də su ehtiyatlarının həcmindən asılı olmayaraq dünyanın bütün ölkələrini narahat edir.
Azərbaycanda da yuxarıda göstərilən səbəblər üzündən son illərdə şirin su ehtiyatları kəskin azalmağa başlayıb. Buna bariz nümunə kimi təkcə onu göstərmək kifayətdir ki, respublikamızın əsas su arteriyası sayılan Kür çayında suyun miqdarının kəskin azalması ildən-ilə davam edib. Əgər ölkə ərazisinin ¾ hissəsinin Kürün hövzəsinə düşdüyünü və bu çayın suyunun əhali üçün əsas içməli və suvarma su mənbələrindən biri olduğunu nəzərə alsaq, onda çayın səviyyəsinin getdikcə aşağı düşməsinin respublikamızın ümumi su resurslarının azalmasına mənfi təsir göstərdiyi barədə aydın təsəvvür yaranar.
Su qıtlığından baş verə biləcək fəsadları düzgün qiymətləndirən ölkə rəhbərliyi iqtisadiyyatın bütün sahələrində suya olan tələbatın təmin edilməsi üçün dövlət səviyyəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Dövlət başçısının tapşırığı ilə yeni iqtisadi çağırışlar nəzərə alınaraq ehtiyat su resursları “bankı” yaratmaq üzrə müvafiq tədbirlər həyata keçirilib və sudan qənaətlə istifadə etmək üçün innovasiyaların tətbiqinə və təşviqinə prioritet məsələ kimi yanaşılıb. Məhz bunun nəticəsidir ki, 2004-cü ildə ölkəmizdəki içməli su ilə təminat 40 faizə yaxın olduğu halda, hazırda bu rəqəm 70 faizə çatdırılıb.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq və bunun da nəticəsi Azərbaycanda içməli su və suvarma suyu ilə təminatı 100 faizə çatdırmaq olacaqdır”.
Ölkə rəhbərinin Azərbaycanda içməli suya tələbatı 100 faiz təmin etmək çağırışı Oğuz–Qəbələ–Bakı su kəməri, Taxtakörpü su anbarı kimi böyük layihələrin uğurla gerçəkləşməsi ilə nəticələnib və bu istiqamətdə müsbət nəticələr əldə olunub. Oğuz–Qəbələ–Bakı su kəməri Bakı şəhərinin su təminatının yaxşılaşdırılması ilə bağlı yeganə layihə deyil. Bununla yanaşı,Taxtakörpü su anbarının suyunun Ceyranbatan anbarına qədər axıdılması üçün əlavə yeni beton kanal inşa edilib. Ümumiyyətlə, Taxtakörpü su anbarının rolu tək Bakı şəhərinin şirin suya olan tələbatının yaxşılaşdırılması ilə kifayətlənmir. Bundan əlavə, bu anbardan Şabran, Siyəzən və Xızı rayonlarının, təqribən, 30 min hektar suvarılmayan torpaqlarına su verilir və nəticədə həmin sahələrdə bol kənd təsərrüfatı bitkiləri becərilir.
Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilməsindən və Taxtakörpü su anbarının tikintisindən sonra su təminatı ilə bağlı vəziyyəti daha da yaxşılaşdırmaq üçün in-frastruktur quruculuğu da diqqət mərkəzində saxlanılıb, dövlətin birbaşa dəstəyi ilə yeni sututarlar yaradılıb və şəbəkə infra-strukturunun genişləndirilməsi üzrə mühüm layihələr gerçəkləşdirilib. Həyata keçirilən bu tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənib, məhdud şirin su ehtiyatlarına malik respublikamızda əhalinin içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Bütün görülən işlərə baxmayaraq, ölkəmizdə şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, eyni zamanda, əhalinin artımı, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişafı, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması Azərbaycanda su təhlükəsizliyinin gerçəkləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini daha da aktual edir.
Azərbaycanın işğaldan azad edilmiş bölgələri su ehtiyatları baxımından kifayət qədər zəngindir. Ölkənin ümumi su ehtiyatlarının 25 faizi məhz Qarabağ və Şərqi Zəngəzur ərazisindədir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su ehtiyatı respublikamızın ümumi su resurslarının 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşır.
Teymur NİZAMZADƏ,
Bakı Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru