AZ

Amen Əl-Daxil 9 milyon avroya “Ştutqart”da

İngiltərənin “Börnli” klubunun mərkəz müdafiəçisi Amen Əl-Daxil bundan sonra “Ştutqart”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Bundesliqa təmsilçisi bu transferi 9 milyon avroya rəsmiləşdirib. Əslən İraqdan olan belçikalı 22 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Amen Əl-Daxil Belçikanın “Anderlext” klubunun yetirməsidir. “Sent Trüden” və “Standard” (Lyej) klublarında da oynamış müdafiəçi “Börnli”yə 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında keçmişdi. O, İngiltərə klubunun heyətində 29 oyuna çıxıb, 1 qola imza atıb.

Əl-Daxil Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb. O, 2023-cü ilin iyun ayında əsas millidə də debüt edib və bu günə qədər 4 oyuna çıxıb.

“Ştutqart” iki futbolçusunu da icarəyə verib. 28 yaşlı hücumçu Luka Pfayffer “Karlsrue”yə keçib. Sözügedən klub almaniyalı forvardı bu mövsümün sonunadək icarəyə götürüb.

Luka Pfayffer “Hoffenhaym”ın yetirməsidir. Karyerası ərzində “Hollenbax”, “Darmştadt”, “Ştutqart Kikkers”, “Vürsberger Kikkers”, “Osnabrük”, “Midtyulland” kimi klubların da formasını geyinmiş hücumçu 2022-ci ilin avqustunda 2,85 milyon avro müqabilində “Ştutqart”a keçib. O, Bundesliqa təmsilçisinin heyətində 24 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Ştutqart”ın sağ vingeri Silas Katompa Mvumpa isə “Srvena Zvezda”ya üz tutub. Serbiya klubu Konqo Demokratik Respublikasından olan 25 yaşlı forvardı satınalma şərti ilə bu mövsümün sonunadək icarəyə götürüb.

“Ales”, “Paris” kimi klublarda da oynamış Silas, 2019-cu ildən “Ştutqart”ın uğurları üçün çalışırdı. O, Almaniya klubunun heyətində 132 oyun keçirib, 35 qol vurub, 21 məhsuldar ötürmə verib.

Seçilən
61
arena.az

1Mənbələr