AZ

Aslan Kotsoyev Avropa ikincisi oldu

Azərbaycan cüdoçusu Aslan Kotsoyev Estoniyanın Tallin şəhərində keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, 3-cü yarış günündə 4 çəkidə qaliblər müəyyənləşib.

Bu gün Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxıb.

Qızların yarışında Nigar Süleymanova (+78 kq) qüvvəsini yoxlayıb. 1/8 finaldan mübarizəyə başlayan Süleymanovanın rəqibi fransalı Selia Cancan olub. İlk görüşündə uduzan Nigar mübarizəni erkən dayandırıb.

Oğlanların yarışında Aslan Kotsoyevin (90 kq) çıxışı daha uğurlu alınıb. O, ilk olaraq Aleksandru Sibisanı (Rumıniya), daha sonra isə Miçe Velteri (Lüksemburq) yolundan uzaqlaşdırıb. 1/4 finalda sloveniyalı Oleksi Boldyriedən üstün olan Aslan yarımfinala yüksəlib. Burada onun rəqibi Henry Ovusu (İtaliya) olub. Rəqibinə qalib gələn Kotsoyev finalda Milyan Raduljla (Serbiya) ilə qarşşılaşıb. Aslan Kotsoyev yalnız həlledici görüşdə uduzaraq Avropa ikincisi olub.

Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz – Tuncay Şamil Kiril Volkov (Litva) və Kristiano Minçinezidən (İtaliya) üstün olsa da, 1/4 finalda serbiyalı Milyan Radula uduzub. Şamil bürünc uğrunda təsəlliverici görüşdə xorvatiyalı Borna Butuyevi üstələyib. O, italiyalı Henry Ovusunu da məğlub edərək bürünc medala sahib olub.

İlk mərhələdən güləşməyə başlayan Azad Bağırov (100 kq) Frantizel Lotskini (Çexiya) məğlub edib. O 1/8 finalda fransalı Makenze Bordinlə bacarmayıb.

1/8 finalda mübarizəyə qoşulan Kənan Nəsibov (+100 kq) Fedir Yarosenkoya (Ukrayna) qalib gəlib. O daha sonra komanda yoldaşı Ramazan Əhmədovu məğlub edib. Kənan yarımfinalda İbrahim Tataroğluya (Türkiyə) uduzub. O, bürünc medal uğrunda görüşdə çexiyalı Tomas Raskaya qalib gələrək bürünc medala sahib çıxıb.

Ramazan Əhmədov isə litvalı Armandas Vaskasdan güclü olub. 1/4 finalda Kənana uduzan Ramazan bürünc medal uğrunda təsəlliverici görüşdə Saba Kardavaya (Gürcüstan) uduzub.

Xatırladaq ki, bu Avropa çempionatında daha öncə Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
arena.az

3Mənbələr