AZ

“İstisu”yu necə içmək lazımdır? – HƏKİM MƏSLƏHƏTİ + FOTOLAR

“İşğaldan öncə Kəlbəcərdə “İstisu” sanatoriyasında həkim işləmiş Şahin Cəfərovla danışdım. Həkim deyir ki, bu müalicəvi suyu əsasən mədə, öd, qaraciyər, mədəaltı vəz, bağırsaq, böyrək problemlərində içirlər. Xəstəlikdən asılı olaraq su 15, 21, bəzən isə 30 günədək içilə bilər. Onu daimi hər gün uzun müddət içmək məsləhət deyil”.

Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Səadət Məmmədova bildirib.

O, həkim Ş.Cəfərova istinadla qeyd edib ki, mədə turşuluğu yüksəkdirsə, yeməkdən 30 dəqiqə əvvəl 200-250 qr. içmək məsləhətdir: “Əgər insanda mədə turşuluğu aşağıdırsa, bu zaman yeməkdən 10 dəqiqə əvvəl içilməsi kifayətdir. Əgər mədədə qıcqırma, yanma halları olarsa yeməkdən 40-45 dəqiqə sonra da yarım stəkan içmək olar. Əgər insandakı problem qaraciyər, öd, mədəaltı vəz, bağırsaqlarla bağlıdırsa, yeməkdən yarım saat öncə içmək məsləhətdir. Böyrək problemlərində də həmçinin 30-40 dəq. yeməkdən öncə içilsə yaxşı olar. Şahin həkim deyir ki, “İstisu” içilən kimi fayda verməyə bilər. Onun orqanizmə təsiri 20 gün, bəzən bir ay sonra müşahidə edilir. Yəni, içərkən dərhal dəyişiklik görməsəniz, narahat olmayın, müalicəvi sxemlə içməyə davam edin, faydasını sonra mütləq görəcəksiniz”.

Həkim Ş.Cəfərovdan sitat gətirən Əməkdar jurnalist S.Məmmədova izah edib ki, qaydaya görə, “İstisu”yun qazı emal zamanı xüsusi qaydada çıxarılır və qablaşdırılarkən onun içinə vurulur: “Biz mağazadan onu alıb içəndə öncə qazının çıxmasını gözləsək yaxşı olar. Və xüsusi bir məqam da budur ki, “İstisu” ilıq halda içilməlidir. Şüşənin üstünə yazılıb ki, ağzı açıldıqdan sonra 0+6 dərəcədə saxlanmalıdır. Deməli soyuducuya qoysaq, öncədən çıxarıb ilıqlanmasını gözləməliyik, sonra içməliyik. Şahin həkim məsləhət görür ki, müalicəvi sxemlə (15, 21, 30 gün) “İstisu”yu içdikdən sonra bir qədər ara verin. Uzun müddət davamlı içməyin. Amma arada bir qonaqlıqda, məclislərdə süfrədə qoyulubsa içə bilərsiniz. Hər gün 3 dəfə rejimini uzun müddət etmək olmaz”.

S.Məmmədovanın sözlərinə görə, böyrək daşı olan insanların USM müayinəsı keçib daşın yerini və ölçüsünü bilmələri vacibdir ki, daş axarkən narahatlıq, fəsad törətməsın: “Daş elə yerdə ola bilər ki, “İstisu” içmək məsləhət görülməz”.

Ərtürk İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
medianews.az

2Mənbələr