AZ

Alberto Mari “Valensiya”nı tərk etdi

İspaniyanın “Valensiya” klubunun mərkəz hücumçusu Alberto Mari La Liqa təmsilçisini tərk edərək “Saraqosa”ya keçib.

Arena.az xəbər verir ki, “Saraqosa” 23 yaşlı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspan forvardın müqaviləsində transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.

Alberto Mari “Eybar”ın yetirməsidir. O, 2021-ci ilin iyul ayında azad agent kimi “Valensiya”ya qoşulmuşdu. Hücumçu La Liqa təmsilçisinin heyətində 25 oyuna çıxıb, 2 qol vurub, 1 assistlə yadda qalıb.

“Saraqosa” La Liqanın digər təmsilçisi “Atletik”dən sağ vinger Malkom Adu Aresi də icarəyə götürüb. 22 yaşlı futbolçu da bu mövsümün sonunadək icarədə olacaq.

Əslən Qvineya Bisaudan olan Adu Ares peşəkar karyerasına “Santutxu”da başlayıb. “Baskoniya”da da oynamış futbolçu “Atletik”ə 2022-ci ilin yanvar ayında cəlb olunub. O, Bilbao təmsilçisinin əsas komandasında 27 oyun keçirib, 2 qola imza atıb.

Malkom Adu Aresi icarəyə verən “Atletik” “Selta”nın mərkəz müdafiəçisi Unai Nunesi heyətinə qatıb. Bilbao təmsilçisi 27 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Unai Nunes elə “Atletik”in yetirməsidir. “Baskoniya”da da oynamış futbolçu “Selta”ya 2022-ci ilin yayında icarə əsasında keçmişdi. “Selta” bu il 7 milyon avro ödəməklə Nunesin transfer hüquqlarını da almışdı. Amma “Atletik” oyunçunu icarə əsasında da olsa, heyətinə qaytarmağa nail olub.

Unai Nunes “Atletik”də 116 oyun keçirib, 3 qol və 1 assist müəllifi olub. Onun “Selta” karyerası isə 76 oyun, 1 qol və 2 məhsular ötürmədən ibarətdir.

25 ildir “Atletik”in şərəfini qoruyan İker Munyain də komandasını dəyişib. 31 yaşlı hücumçu Argentinanın “San Lorenso” klubuna keçib. Argentina klubu 31 yaşlı futbolçu ilə 2025-ci ilin dekabrına qədər müqavilə imzaladığını açıqlayıb.

Munyain “Atletik”də 500-dən çox matçda iştirak edib. “San Lorenso” İkerin karyerasındakı ikinci komanda olacaq.

Seçilən
58
arena.az

1Mənbələr