AZ

Memar Frans Yants: Xalça Azərbaycan xalqının və bu torpağın mədəni kodudur

Azərbaycanın paytaxtına gələn turistlərin mütləq görməli olduğu memarlıq və mədəniyyət abidələrindən biri bu yaxınlarda özünün onilliyini qeyd etdi. Bu gün Dənizkənarı parkın bir hissəsini rəngli naxışlarla bəzədilmiş, nəhəng bükülü xalça şəklində ucalan orijinal binanın xətlərində olan yumşaq hamarlıqsız təsəvvür etmək çətindir. Bu, dünyada ilk Xalça Muzeyinin binasıdır.

 

Bu binanın unikallığı təkcə stilistik dizayndan ibarət deyil. O, muzey məkanları kimi xüsusi olaraq tikilən obyektlərdən biridir. Binanın müəllifi uzun illər təcrübəsi olan avstriyalı memar Frans Yantsdır. Onun yaradıcılıq portfelinə beynəlxalq müsabiqələrdə bir neçə qələbə və dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələr daxildir.

 

Xalça Muzeyi binasının layihələndirilməsindən sonra Frans Yants Bakıda, eləcə də ölkənin digər yerlərində, məsələn, Şəmkirdə və başqa şəhərlərdə müxtəlif layihələr üçün ideya və konsepsiyalar təqdim edib. Onların bir çoxu uğurla həyata keçirilib. Məsələn, Bakı Mərkəzi Parkı, Heydər Əliyev prospektindəki çoxmərtəbəli binalar – “Property Tower” və “Office Tower” (“Çinar Plaza”) bu layihələr cərgəsində yer alır. Ümumilikdə, 2009-cu ildən 2024-cü ilə qədər Frans Yants 50-yə yaxın tədqiqat, konsepsiya və layihə işləyib hazırlayıb ki, onlardan təxminən ikisi Azərbaycanda həyata keçirilib.

 

 

 

Memar özü haqqında deyir ki, layihələri vasitəsilə ünsiyyət qurmağa üstünlük verir, buna görə də qlobal internet şəbəkəsində onun haqqında məlumat tapmaq olduqca çətindir. Lakin Frans Yants AZƏRTAC-ın müxbiri ilə söhbətə razılıq verib və bir az da olsa, bununla dizayn eskizləri və çertyojlarının kölgəsindən çıxıb.

 

– Yeni layihəyə başlayarkən binanın konkret bir şəhər mənzərəsində onilliklər ərzində mövcud olacağını nəzərə alırsınız?

 

– Böyük və ya kiçik yeni tikili konsepsiyası uzunmüddətli xarakter kəsb etməli, baxıldıqda emosiyaları oyatmalı və yaxşı tanınan bir görünüşə malik olmalıdır. Funksiya və dizayndan asılı olaraq, binaların müxtəlif mövcudluq müddəti var, lakin memarlıq keyfiyyətinə əlavə kimi, onun sahibinin və ya investorun həmin tiklini qaydalara uyğun saxlaması da vacibdir. Təəssüf ki, bu amil çox vaxt diqqətdən kənarda qalır.

 

– Siz Bakının ən məşhur binalarından birinin müəllifisiniz. O, şəhərin görkəmini dəyişdirən müxtəlif iri memarlıq layihələrinin siyahısına daxil edilib və həm turistlərin, həm də ölkəmizin sakinlərinin daimi diqqət mərkəzindədir. Xalça Muzeyinin binasının meydana gəlməsi ilə başlayan ilk şərti üslubunuzu xatırlayırsınız?

 

– Fikir beynimdə püxtələşdikdən sonra çəkilən ilk xətt hamar tikili şəklində idi. Yəni, bükülmüş xalçanı simvolizə edən xətt. Xalça Muzeyinin yaradılması üzrə beynəlxalq müsabiqədə iştirak etməli olan layihə üçün 2006-cı ildə bir material hazırladım. Fikirləşirdim ki, bir tərəfdən mürəkkəb, digər tərəfdən çox sadə və aydın bir xətti necə düzəltmək olar. Beləliklə, bu, çox güclü və yaddaqalan bir simvola çevrildi.

 

– Layihə üzərində iş və onun icrası əsnasında şübhəli məqamlar olubmu?

 

-Yeganə şübhə bu ideyanın səlahiyyətlilər tərəfindən qəbul edilib-edilməyəcəyi idi. Müsabiqə çərçivəsində təqdimatdan əvvəl belə bir hal olub. Sonra hər şey aydın və dəqiq idi.

 

–Milli Xalça Muzeyinin yaradılmasının bütün mərhələlərində dövlətin yüksəkvəzifəli şəxslərinin fəal dəstəyi və şəxsi iştirakı sizin üçün nə dərəcədə vacib idi?

 

– Ölkənin və şəhərin gələcək inkişafı ilə bağlı yüksəkvəzifəli şəxslərin öz ölkəsi, şəhəri və xalqı üçün təfəkkürlərində formalaşan gözləntiləri və ümumi baxışı aydın hiss etmək üçün belə iştirak vacib idi. Mən Prezidentə və Birinci vitse-prezidentə göstərilən etimada və bu işdə iştirak etmək imkanına görə təşəkkür etmək istəyirəm.

 

Amma daha praktik mənada muzeyin əməkdaşlarının və rəhbərliyinin, Mədəniyyət Nazirliyinin nümayəndələrinin iştirakı vacib idi, çünki planlaşdırma zamanı binanın fəaliyyəti və xüsusi funksiyaları ilə bağlı suallar yaranır.

 

 

 

– Azərbaycanın ən görkəmli mədəniyyət ənənələrindən birinin memarlıq təcəssümü sizin üçün nə deməkdir?

 

– Xalça, faydalı funksiyası olmaqla yanaşı, Azərbaycan xalqının, bu torpağın mədəni kodudur. Bu muzey və onun üçün tikilən bina, xalçanın mənalarının lazımi təhlili məni Azərbaycan üçün gələcək layihələr üzərində işləməyə hazırladı.

 

– Hər bir memarlıq layihəsində hansı cəhətləri əsas götürürsünüz? Müəllifi olduğunuz bina ilə əlaqədar olan insanın nəyi və necə hiss etməsi sizin üçün vacibdirmi?

 

– Müxtəlif müştəri tələblərinə və tikinti funksiyalarına görə layihəyə yanaşmam və memarlıq dilim fərqli ola bilər. Amma ümumilikdə, yeni binanın formalaşması zamanı mənim devizim ölkənin funksiyalarının, estetikasının, iqtisadiyyatının, nizam-intizamının, yerləşməsinin və mədəni xüsusiyyətlərinin balanslaşdırılmış sintezidir.

 

- Azərbaycan təkcə Bakıda deyil, ölkənin başqa yerlərində də sizin bir çox tədqiqatlarınız, ideyalarınız və konsepsiyalarınızın təcəssümü məkanına çevrilib. Ölkəmiz haqqında düşüncələrinizi bölüşərdiniz...

 

– Azərbaycan, onun paytaxtı Bakı şəhəri özümü dəyərli hiss etdiyim yerlərdir. Məni ruhlandıran da Azərbaycan mədəniyyətinin obyektləri, eləcə də Xəzər dənizi və səmimi, mehriban insanlardır. Buraya Aralıq dənizinə bənzər iqlimi və həddindən artıq çərçivəyə salınmamış qaydaları da əlavə edin. Bütün bunlar mənə yaradıcılıq potensialımı inkişaf etdirmək imkanı verir. Son on səkkiz ildə etdiyim kimi, gələcəkdə də buraya gəlmək istərdim.

 

 

 

– Mənim qeyri-peşəkar düşüncəmə görə, memarlıq yalnız tikilmiş bina deməkdir. Onu əbəs yerə musiqi ilə müqayisə etmirlər. Layihənin hazırlanması prosesi heyranedici musiqi notu ilə müqayisə oluna bilər: baxırsan, amma melodiya eşidilmir. Siz necə düşünürsünüz? Bakıda artıq “səslənən” “musiqi parçaları”ndan hansını xüsusilə bəyənirsiniz?

 

– Bəli, hər bir memarın əsas məqsədi öz “notlarını” yaratmaq və bununla da tamaşaçı və ya “dinləyici” auditoriyasına müsbət təsir göstərməkdir. Bakıda mənə ilham verən xüsusi memarlıq obyektləri tarixi İçərişəhər, xüsusilə Qız qalası, bulvar və ya “Bakının qonaq otağı”, eyni zamanda, loqo effektli ən son layihələr olan Heydər Əliyev Mərkəzi, “Alov” qüllələri, Bayraq meydanı və Heydər Əliyev prospektindəki yeni hündürmərtəbəli binalardır.

 

- İlham almaq sizin üçün nə dərəcədə vacibdir? Yaradıcılıq fəaliyyətinizdə başqa memarların təsiri olubmu? Memarlıq sənətində sizə istiqamət verən insanlar varmı?

 

– İlham almaq vacibdir və təbii ki, mən planetimizdə mövcud olan müxtəlif memarlıq üslublarından təsirlənirəm. Ancaq yeni layihə yaradanda, daim yuxarıda qeyd etdiyim devizimə diqqət yetirməyə çalışıram. Memarlar, eləcə də rəssamlar və musiqiçilər arasında mənim çoxlu istinad nöqtələrim var - Lüdviq Mis van der Roedən tutmuş Zaha Hadidə qədər.

 

Memarlıq mənim üçün mümkün qədər maksimum səviyyədə qəbul edilən və estetik cəhətdən xoş bir layihə yaratmaq üçün bütün cəhətlərin vəhdətidir.

 

– Qırx illik peşəkar təcrübənizə əsaslansaq, müştərilərin ehtiyac və prioritetlərində dəyişikliklər görürsünüzmü və sizə müraciət edərkən onlar nəyə üstünlük verirlər? Hansı sifarişçi sizə daha uyğundur? Sifarişlərdən imtina etdiyiniz hallar olubmu? Gələcəyin memarlığını necə görürsünüz?

 

– Müasir dünyada iqtisadi komponent, satış və ya icarə sahəsinin maksimallaşdırılması, eləcə də günəş enerjisi və yaşıllıqdan istifadə etməklə enerji səmərəliliyi və resursa qənaət planlaşdırması mühüm əhəmiyyət kəsb edir. Bu, şübhəsiz ki, vacibdir, lakin müştəri ilə qaynaşmaq da mənim üçün vacibdir. Bəzən şəxsi “kimyası” düzgün olmayan müştərinin sifarişini rədd etmişəm. Sabahın memarlığına gəlincə, mən daha çox şaquli şəhərlərin olacağından şübhələnirəm, onların əksəriyyəti tikinti dəsti kimi prefabrik elementlərdən yığılacaq. Amma muzey tipli xüsusi funksiyaları olan binalar istisna təşkil edəcək. Onlar fərdi sənət əsərləri olaraq qalacaqlar.

Seçilən
55
sam.az

1Mənbələr