Azərbaycan – İsveç oyunundakı penalti anında Ramil Şeydayevin topu Emin Mahmudovun əlindən alanda, yadıma məktəb vaxtı nisbətən fərasətli şagirdin əfəl sinif yoldaşının başını bişirib əlindəki şirinquşu alması düşdü.
Kriştiano Ronaldo, yaxud Lionel Messi topu əlinə götürüb “nöqtə”yə yaxınlaşanda, hansısa komanda yoldaşı onlardan top istəyə bilər?
Cəsarətləri çatmaz. Ronaldo ilə Messinin bir baxışı bəs edər. Bəlkə də həmin futbolçu üçün milli karyerası bitər.
Nə yazıq ki, Emin Mahmudov üçün kapitanlıq anlayışı yalnız qolundakı sarğıdan ibarətdir. Adamın nə xarakteri var, nə zəhmi, nə də kapitan kimi hörməti. Futbolçu keyfiyyətlərinə görə yarısı qədər olmayan, yaşca özündən qat-qat kiçik Şeydayev yaxınlaşıb topu qoçu formasında Mahmudovun əlindən alır, o da arxasınca baxa-baxa qalır.
Penaltini qola çevirə bilməmək ayıb deyil. Dağ boyda Roberto Bacco 94-də İtaliya millisinin dünya çempionluğundan etməyi bacarmışdısa, Ramilin hədəfə düşə bilməməsində qəbahət yoxdur.
Adama yer edən futbolçu bacarığı yalnız qaçmaqdan ibarət olan, 7 metrlik “çərçivə”yə düşməkdə çətinlik çəkən Şeydayevin Fernando Santuşun qərarına, Emin Mahmudovun kapitanlığına tüpürməsidir.
Dikbaşlığına görə “Buriram Yunayted”dən elə qovdular ki, səsi də çıxmadı. “Kocaelispor” azarkeşləri komandanı tərk etməsi üçün əllərindən gələni etdilər, o da başını götürüb müftə pul yeri “Neftçi”yə qaçdı.
Kim nə deyir desin, millimizin İsveçə 1:3 hesablı məğlubiyyətinin başlıca səbəbkarı Ramil oldu. Komanda yoldaşlarına ötürmə vermir, hər fürsətdə özü zərbə vurur. Bununla da komanda daxilində gərginliyə səbəb olur. Heç kim də ağzını açıb söz deyə bilmir.
Vaxtilə Rusiyadan bəh-bəhlə dəvət edilənlərdən biri qoçu, o biri əfəldirsə, vay o yığmanın halına.
HƏBİB