İspaniyanın Pontevedra şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı sona yaxınlaşır.
Arena.az xəbər verir ki, mundialın 6-cı günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Camal Abbasov (61 kq) həm çinli Denqburile Denqburileyə, həm də braziliyalı Benjamin Souzaya 10:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimiz bu mərhələdə ötən il yeniyetmələr arasında dünya çempionu olmuş amerikalı Markus Blazeyə 1:7 hesabıyla məğlub olub.
Ağanəzər Novruzov (74 kq) fransalı Seyfulla İtayevə 7:6, çinli Ninq Vanqa 8:2 və qazaxıstanlı Yegor Ançuqinə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ağanəzər yarımfinalda ötən il yeniyetmələr arasında dünya çempionu olmuş amerikalı Ladarion Loketə 1:3 hesabıyla uduzub və sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi ya Baytemir Tuleberdiyev (Qırğızıstan), ya Tamir Eşinimayev (Rusiya), ya da Qaurav Qaurav (Hindistan) olacaq.
Sadiq Mustafazadə (86 kq) təsnifat mərhələsində moldovalı Aleksandru Borsa sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub.
Anar Cəfərli (92 kq) debütdə israilli Nikita Qubaretsi vaxtından əvvəl (10:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Sali Saliyevə 3:5 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Anar sabah təsəlliverici görüşə çıxacaq. Rəqib Yakov Çaplin (Qırğızıstan) – Amit Sinq (Hindistan) qarşılaşmasının qalibi olacaq.
Yusif Dursunov (125 kq) ilk mərhələdə gürcüstanlı Aleksandre Abramişviliyə 8:1 hesabıyla qalib gəldikdən sonra 1/8 finalda ermənistanlı Xaçatur Xaçatryanı xalların keyfiyyətinə görə (3:3) üstələyib. Həmyerlimiz 1/4 finalda türkiyəli Avropa çempionu Hakan Büyükçınqılla bacarmayıb – 0:9.
Qeyd edək ki, sentyabrın 2-də start götürmüş U-20 dünya çempionatı sabah yekunlaşacaq.