AZ

Kurban Berdiyevin son qərarı narazılıqla qarşılandı - Ən çox pulu özünə yazdı

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev yenidən diqqət mərkəzindədir.

O, verdiyi növbəti qərarla komanda daxilində narahatlıq yaradıb.

Belə ki, rusiyalı mütəxəssis rəhbərlik tərəfindən kollektivə ayrılan fondun xərc «qollar»ını «budayıb». Bundan belə burada ən böyük məbləği Berdiyevin özü alacaq.

72 yaşlı çalışdırıcı hər qələbəyə görə 100 faiz mükafat alacaq. Əvəzində yerli və rusiyalı köməkçilərinin «ənam»ını 70 faizdən 50 faizə endirib.

Həkim və inzibatçılar, həmçinin komandaya məsul digər şəxslərin mükafatı isə daha 50 faiz yox, 30 təşkil edəcək.

Gözlənildiyi kimi, Kurban Berdiyevin yeni «pay bölgüsü» düşərgədəkilər tərəfindən birmənalı qarşılanmayıb, narazılıq yaradıb.

Redaksiyamıza bu yöndə daxil olan şikayətlərin artıq sayını itirmişik. Elə gün olmur ki, «Turan Tovuz»da işləyənlər saytımızla əlaqə saxlamasın, gündəlik proseslər barədə bizə məlumat verməsin.

Açığı, bu vəziyyət bizi də çox narahat edir. «Turan Tovuz»un Premyer Liqada işlərinin əla getdiyi, turnir cədvəlinin zirvəsinə qalxdığı bir vaxtda belə informasiyalar narahatedicidir.

Qətiyyən istəməzdik ki, yeni-yeni iddialaşan, nəticələri ilə gündəmə damğa vuran klubda problemlər baş qaldırsın və bütün bunlar mediada əksini tapsın.

Nə məsələdirsə, Kurban Berdiyevdən öncə İdarə Heyətinin sədri Ehtiram Quliyev klubda çalışanları təəccübləndirib.

İki ilə yaxındır qərb təmsilçisini himayəsinə almış iş adamı nə etsə yaxşıdır?

Quliyev rəhbərlikdə təmsil olunan şəxsləri mükafatdan məhrum eləyib. Onlar udulan oyunlara görə daha pul almayacaqlar.

Halbuki rəsmilər buna qədər futbolçulara çatan mükafatın 50 faizi qədər qazanc əldə edirdilər.

Sədrin yeni mövsümdə «Turan Tovuz»a xərclədiyi mükafat fondu 350 min manata çatıb.

Premyer Liqanın 5-ci turunda «Səbail»ə evdə 1:0 hesabıyla qalib gələn komandaya 60 min manat verib.

Tikinti maqnatı «Sumqayıt»ı 1:0, «Kəpəz»i 3:0 hesabıyla udan kollektivə hər dəfə 60 min ödəyib. Suraxanıda «Qarabağ»ı 1:0 üstələyən qərb təmsilçisi ondan 100 min manat alıb.

Həmçinin ilk turda «Neftçi» ilə Bakıda qeydə alınan 0:0-a görə 70 min manat qazanıblar.

P.S. Klub daxilində yaşanan xoşagəlməz hadisələrin səbəbini öyrənməyə, yəni, idarəçiləri dinləməyə hazırıq. İdman və əməliyyatlar üzrə direktor Səməd Nəsibovu tapsaq, çox sevinərik.

Təəssüf ki, onu dinləmək fürsətini hələ də yaxalaya bilməmişik. Deyəsən, Ehtiram Quliyev klubun bütün işlərini hörmətli Səməd Nəsibova tapşırdığı üçün başını qaşımağa vaxt tapa bilmir.

SPORTİNFO.AZ

Seçilən
91
sportinfo.az

1Mənbələr