AZ

Uşaqları mükafatlandırmaq və cəzalandırmaq üsulları


Uşaqların tərbiyəsində ən mühüm amillərdən biri də onların səhv hərəkətlərinə vaxtında müdaxilə etmək, yaxşı hərəkətlərini isə mükafatlandırmaqdır. Çünki uşaqların səhvlərini vaxtında düzəltməmək bu hərəkətlərin gələcəkdə də davam etməsinə gətirib çıxarır. Lakin unutmaq olmaz ki, bəzən ata-analar uşaqlara yersiz iradlar tuturlar. Bu da onların tərbiyəsinə mənfi təsir göstərir.
Əlbəttə ata-analar uşaqları cəzalandırmaqla kifayətlənməməli, onları yaxşı hərəkətlərinə görə mükafatlandırmağı da bacarmalıdırlar.
Uşağa yaxşı tərbiyə vermək, onları həyata hazırlamaq bütün ata-anaların arzusudur. Buna görə də, ata-ananın hər bir hərəkəti uşağın tərbiyəsində öz təsirini göstərir.
Həmçinin ata-ananın kiçik yaşlardan uşağa hansı cəza metodlarını tətbiq etməsi də çox vacibdir. Bu, gələcəkdə uşağın inikşafında da özünü göstərir.
Cəzalandırma metodları uşağın yaşından və yol verdiyi səhvlərdən asılı olaraq aşağıdakı mərhələlərdə aparılmalıdır:
1 - Xəbərdarlıqla kifayətlənin:
Əgər uşaq hər hansı bir səhvə yol verirsə və bu səhv çox ciddi deyilsə, ilk mərhələdə xəbərdarlıq etməklə kifayətlənmək olar. Çünki xəbərdarlığın özü də bir cəzalandırma metodudur.
2 - Söhbət edin:
Əgər uşaq bir səhvi yenidən təkrar edirsə və ya etdiyi səhvin dərəcəsi başqalarından yüksəkdirsə, onunla yaşına uyğun bir şəkildə və uşağı bu hərəkətdən yayındırmağa çalışaraq söhbət etmək lazımdır. Bu açıq şəkildə sizin bu hərəkətə qarşı olmağınız deməkdir.
3 - Verəcəyiniz cəzaları deyin:
Əgər uşaq bir səhvi yenidən təkrar edirsə, onu birbaşa cəzalandırmayın. Bunun üçün uşağa qarşı kəskin mövqe tutmamaq şərti ilə yenidən söhbət edin və bu səhvləri təkrar edəcəyi təqdirdə hansı cəzaları verəcəyinizi söyləyin.
Digər tərəfdən, ata-ananın uşaqla hansı tərzdə danışması da çox vacibdir. Belə hallarda qətiyyən mübahisəyə yol vermək olmaz. Çünki bu hər iki tərəfin ziyanına olar. Üstəlik, bu gələcək münasibətlərə də zərbə vura bilər.
4 - Vəd etdiyiniz cəzaları tətbiq edin:
Əgər bütün xəbərdarlıqlara baxmayaraq səhvlər davam edirsə, nəzərdə tutduğunuz cəzanı tətbiq edin. Əgər bir cəzanı tətbiq etməyəcəksinizsə, bu barədə qətiyyən uşağa bir şey söyləməyin.
Əgər cəza vermək istəmirsinizsə, alternativ variantlar təklif edə bilərsiniz. Məsələn, uşağa “Əgər otağını yığışdırsan, sənin cəzanı yüngüləşdirə bilərəm” deyə bilərsiniz.
Digər tərəfdən, uşağa hansı cəzaların verilməsi də çox mühümdür. Psixoloqlar belə hallarda uşağı müvəqqəti olaraq sevdikləri şeylərdən məhrum etməyi məsləhət görürlər.
Uşağa fiziki cəza tətbiq etmək son dərəcə təhlükəlidir və bu uşaqlarla valideynlər arasında münasibətlərin pozulmasına gətirib çıxara, üstəlik vəziyyəti daha da gərginləşdirə bilər. Uşağı tez yatızdırmaq, 1-2 dəqiqəliyə otağında bağlı saxlamaq və s. kimi sadə metodlardan da istifadə edə bilərsiniz.
5 - Mütəxəssis rəyi:
Bütün tədbirlərə baxmayaraq problem davam edirsə, mütəxəssislərə müraciət edə bilərsiniz. Çünki uşağınız diqqətsizlik, hiperaktivlik, depressiya və s. kimi səbəblərə görə də sözünüzü dinləməyə bilər.

Uşağınızı mükafatlandırın
Uşağın tərbiyəsində onu cəzalandırmaq kimi mükafatlandırmaq da çox mühüm əhəmiyyət kəsb edir.
Uşaq ilk dövrlərdən başlayaraq ata-anasının reaksiyalarına görə hərəkət edir. Məsələn, hər hansı bir hərəkətdən sonra uşaq ata-anasının üzünə baxır və onların bu hərəkətə reaksiyasını gözləyir. Əgər reaksiya müsbətdirsə (məsələn, gülümsəmək, başı ilə təsdiq etmək və s. kimi) uşaq bu hərəkəti get-gedə daha çox təkrar etməyə başlayır. Əgər reaksiya mənfidirsə (laqeydlik göstərmək, qaş çatmaq, xəbərdarlıq etmək və s. kimi) uşaq bu hərəkəti uzun müddət yaddan çıxarır.

Maddi və mənəvi mükafatlar
Mükafatlandırma metodları uşağın yaşından və ailənin vəziyyətindən asılı olaraq dəyişə bilər. Ancaq unutmayın ki, ən yaxşı mükafat mənəvi mükafatdır. Öpmək, qucaqlamaq, gəzməyə aparmaq, oynamaq, xoş sözlər demək və s. uşağı mükafatlandırmaq üçün ən yaxşı metodlardır. Bütün bu mükafatlarla yanaşı uşağa əlavə hədiyyələr də almaq olar.

Yaşın əhəmiyyəti
Uşaqları yaşa görə aşağıdakı kimi mükafatlandırmaq olar:
1 - Azyaşlı uşaqlar:
Azyaşlı uşaqları mükafatlandırarkən öpmək, oxşamaq, qucaqlamaq, oynamaq, danışmaq, gəzdirmək, onu sevdiyini hiss etdirmək və s. kimi metodlardan istifadə etmək olar. Lakin bu hərəkətləri adi vaxtlarda da etmək vacibdir.
2 - Məktəbəqədər uşaqlar:
Bu yaşda olan uşaqları mükafatlandırmaq üçün öpmək, oxşamaq, qucaqlamaq, oynamaq, danışmaq, birlikdə vaxt keçirmək, xoş sözlər söyləməklə yanaşı onlara yaşına uyğun oyuncaqlar və hədiyyələr də almaq olar.
3 - Məktəb yaşlı uşaqlar:
Yuxarıdakı metodları məktəb yaşlı uşaqlara da şamil etmək olar. Lakin digərlərindən fərqli olaraq məktəb yaşlı uşaqlarla birlikdə dərs hazırlamaq, onların qabiliyyətlərini üzə çıxaran məşğuliyyətlər tapmaq olar.

Aygün Vəliyeva
Seçilən
82
50
yeniavaz.com

10Mənbələr