AZ

Humay - Günel Natiqin hekayəsi

Kulis.az Günel Natiqin "Humay" hekayəsini təqdim edir.

- Humay?..

Harda olsam, səs verirəm:

- Hə...

Və susub salam verməsini, söhbətə başlamasını gözləyirəm. İllərdir ki, buna vərdiş etmişik.

Yəni sağlığımda belə idi. Sağlığımda qəribə vərdişlərim vardı. Yəqin ki, öləndən sonra başqa vərdişlərə yiyələnməli olacam.

Amma dostum öldüyümdən xəbərsizdi. Çünki öləcəyimə ən son o inanır. “Sən yaşayacaqsan”, deyir. Nazim Hikmət kimi: “Yaşamaq ciddi bir işdi”.

Dostum elə bil ayrı dünyadan gəlib. Yox, o dünyadan deyil. Bizə məlum olmayan başqa bir dünyadan. Təsəvvür edin, milçəkləri öldürməmək üçün onları bayıra qovur. Qarışqalara əl vurmaz. Hətta yeməyinin üstünə tarakan da çıxsa ikrah hissi duymaz. Bəlkə ona görə ona baxanda gözəl şeylərə inanıram... Daha doğrusu, inanırdım. Çünki artıq ölmüşəm.

Yəqin işdəkilər də ölüm xəbərimi alıblar artıq. Reklam agentliyində belə xəbərlər ildırım sürətilə yayılır. İş vərdişidi, ölümü də dəyərləndirirlər. “Necə yəni? İki gün əvvəl burdaydı, deyib-gülürdü. Ölüm doğrudan da qaşla-göz arasındadı”, - deyəcək biri. Bəlkə də menecer Maya deyəcək. Nə qədər ağır olsa da, təsdiqləyəcəklər bunu. Saniyə xanımın gözü dolacaq. Amma bildirməmək üçün gözlərini gizləyəcək. Çünki o, hisslərini biruzə verməyi sevmir. Ən çətin vaxtlarında da dözümlü görmüşük onu. Asan keçməyən bütün həyatı boyu dərdlərinə dözüm göstərib. Bəlkə də öz iradəsini sındırmamaq üçün belə edib. “Qoca və dəniz” əsərindəki qoca kimi.

Məsləhətçi Narə hamıdan daha təmkinli davranacaq. Güclü qızdır, hisslərə tabe olan deyil. Bəlkə də heç ağlamaz. Mənimlə bağlı bir neçə xatirə kinokadr kimi gözünün önündən keçsə də ona ilişib qalmayacaq, bəlkə də gələcək günlərdə məni axtaracaq. Çünki hətta ölən adamın da sağların qəlbində bir gələcəyi olur.

Baş mütəxəssis Əlizadə müəllim yəqin ki, söz tapmayıb əlini stola vuracaq. Ömrümüzün neçə ili yanaşı keçib. İndi sağa-sola baxıb dostları görməyəndə insan nə deyə bilər axı? Deyilməli sözlər mənim sağlığımda tükənib. O qədər adamı son mənzilə yola salmışıq ki. Bütün doğma sözlər deyilib. İnsan gərək hər dost üçün son günündə deyiləcək bir söz saxlaya. Sözlərin qədrini bilməmək belə vaxtda yandırır adamı.

Ölüm xəbərimdən yəqin bizimlə bir mərtəbədə yerləşən N agentliyi də xəbər tutub. Xəbərin doğruluğuna əmin olmaq üçün iki-iki, üç-üç gəlib əvvəl yazı masama, sonra da iş yoldaşlarımın üzünə baxırlar: “Doğrudur yəni?” Deməsələr də üzlərdən, baxışlardan bəllidi ki, doğrudur: yenə bir doğma adam gedər-gəlməzin karvanına qoşulub.

Hətta qarderobdakı, Pırpız Sonaya oxşayan Məsmə xanım da yəqin ölüm xəbərimi eşidib. Onun reaksiyanı görmək üçün ölümdən bircə dəqiqə rüsxət almaq istərdim. Görəsən qarderoba bizi ancaq bəlli saatlarda buraxıb naümid yola salan “Pırpız Sona” ölüm xəbərimi necə qarşılayıb yola salacaq?

Qızlar ağlayacaq yəqin. Çünki hələ çox gəncdirlər, bərkə-boşa düşməyiblər. Ona görə o dünya onlara uzaq görünür. İnsan əzizini uzağa yola salanda ağlayır həmişə. Amma günlərin birində onlar da bu uzaqlığın heç də dəhşətli bir şey olmadığını anlayacaqlar.

Əgər öləndən sonra bəxtim gətirsə, xatirəmi yad etmək üçün kompüterimin qabağına bir dəstə çiçək qoyarlar. Çünki ölənlərin stolunun üstündə çiçək görəndə, nədənsə mən də masamın üstünə qoyulacaq bir dəstə gülə ümid etmişəm.

Əslində bütün bunların indi mənim üçün fərqi yoxdur. Masamın üstünə qoyulacaq çiçək də mənə yox, yaxın-uzaq dostlarıma, tanışlarıma lazımdır. Mənim ölümümənecə yanaşacaqları onların özünü ifadə edəcək. Təkcə ifadə etməyəcək, həm də mənən ya rahatladacaq, ya da əksinə, vicdan əzabına boğacaq.

Öz ölümünə ağlayan adam gördünüzmü? Mən özüm öz ölümümü ağlamışam. Şəkillərimə baxa-baxa “necə də xoşbəxtəm burda, yəqin nə vaxtsa öləcəyim heç ağlıma da gəlmir”, deyə düşünmüşəm. İndi anlayıram ki, təkcə son günlərdə yox, mən bütün həyatım boyu öz ölümümü yaşamışam.

Yəqin ki, mənim ölüm xəbərim çoxlarını ümidləndirib. Bəzən insan kiminsə ölümündən sonra içində bir yüngülləşmə hiss edir, elə bil hamının ölə biləcəyinə bir daha inanıb daxilən rahatlayır. Elnən gələn vay toy-bayramdır. “Bir halda ki hamı öləcək, o dünyanın əzablarını düşünüb özümüzə əziyyət verməyin anlamı yoxdur”.

Mənim öləcəyimə heç vaxt inanmayan Dostum da yəqin inanmamağa davam edəcək. Ona görə təkidlə mənə məktub yazmağa davam edəcək...

- Humay?...

Hə, həmişə belə yazır. Mən də harda olsam ona səs verirəm. Bu dəfə cavab verə bilməsəm, ölümü ilk və son dəfə qarğıyacam. Amma cavab verməsəm də, o gözləyəcək, təkidlə gözləyəcək.

Ən çətin vaxtlarımda ümidsiz əllərimdən tutub, məni ölümə yaxın getməyə qoymayıb. Əslində “ölülərlə aram yaxşıdır, ailəmizin yaşlılarını son mənzilə mən yola salmışam”, deyir. Amma düşünür ki, ölümün də öz vaxtı var. Ona görə də israrla məni bu tərəfə səsləyir:

- Humay?..

Dostumla ilk dəfə xəstəxanada rastlaşdıq. Həkimin qəbulunda- uzun, yarıqaranlıq koridorda yanaşı oturmuşduq. O, həkimə qardaşını gətirmişdi. Uzun boylu, zərif adamdı. Üzü kədərli olsa da, gözləri gülürdü. Amma bu həm də çarəsizliyin təbəssümü idi.

Yaşlı bir qadın gəldi, gülər gözlü adam tez durub yerini qadına verdi. Qadın oturub yan-yörəyə boylandı, gözləriylə dərdini deməyə adam gəzdi. Mən göz-gözə gəlməmək üçün başımı aşağı saldım.

Koridor çarəsiz xəstələrlə dolurdu. Məkanın köhnəliyi çarəsizliyimizi üzümüzə vururdu elə bil. Nəfəsim daralırdı, ayağa durdum, başım fırlandı, gözlərindən gülən adam tez irəli yeriyib qolumdan tutdu. Özümü lap yaşlı, köməksiz hiss etdim. Elə bil bunu duyub dedi:

- Koridor havasızdır, ona görə özünüzü pis hiss etdiniz, bu dəqiqə deyərəm, pəncərəni açsınlar.

Toz basmış pəncərəni açmaq mümkün olmadı. Gülər gözlü xeyirxah adam mənim oturmağıma kömək edib, pəncərəni açdırmağa getdi.

Bir azdan pəncərə açıdı, içəri təmiz hava doldu. Adam yanımda boşalmış yerdə oturdu, işıqlı gözləriylə gözümün içində baxdı:

- Yaxşı oldunuz?

Yalandan başımı tərpədib gülümsədim:

- Hə...

- Yaxşı olacaqsız, mənim qardaşım iki ildir müalicə alır. İndi yaxşıdı. Siz də yaxşı olacaqsız,- narahat-narahat məni süzüb əlavə etdi,- Darıxmayın... Yaxşı?

- Yaxşı, -mən halsız-halsız dedim. Elə bil yaxşı olmağım özümdən çox ona lazım idi.

Adam çarəsiz təbəssümüylə gülümsədi.

İlk terapiyanı alanda yenə qaranlıq koridorda həmin adamı gördüm. Mən başımı rəfiqəmin çiyninə söykəmişdim, onu görüb xəstəlikdən çirkinləşmiş üzümü gizləməyə çalışdım, amma yenə məni gördü.

- Salam. Necə oldunuz?

- Narahatdır, -rəfiqəm əvəzimdən cavab verdi. Qorxur ki, ürəkbulanması, ağrılar çox olar.

- Heç qorxmayın, indi təzə dərmanlar vurulur, ürəkbulanma, ağrı o qədər olmur. Qorxmayın... Yaxşı?

- Yaxşı,- dedim.

Başını mehribanlıqla tərpətdi. Mən də gülümsədim. Amma bu dəfə ona inandığım üçün gülümsədim.

Sonra onun qardaşının qoluna girib onu necə apardığını izlədim.

- Həkim dedi, onların Almaniyayla əlaqələri var, dərmanlar ordan gətizdirilir,-rəfiqəm mənim baxışlarımın ardınca baxdı,- bizim kimi aptekləri gəzib əziyyət çəkmirlər.

Birinci terapiyadan sonra düzəldim, artıq kömək olmadan gəzirdim. Amma özüm haqqında keçmişdəki kimi danışırdım hələ də.

Sonra bir dəfə də xəstəxananın koridorunda gördüm onu. Salamlaşmaq üçün (bəlkə də “yaxşı?” deyib gülümsəməsi üçün) ayağa durdum, amma o məni görmədi, tez-tələsik yanımdan keçib getdi. Pərtliyimi gizləməyə çalışaraq təzədən yerimdə oturdum. Həkimin qəbulunda adətən bir saata yaxın vaxt keçirdi. Bu müddət ərzində hamını tanımaq, hətta dostlaşmaq da olurdu. Rəfiqəm vaxtı yola vermək üçün hamının dərdini bir-bir soruşurdu. Bəlkə də adamları dindirib tək olmadığımı hiss etdirmək istəyirdi. Hamı da bircə suala bənd idi, xəstəlik tarixçəsini detallarına qədər danışırdılar. Bu söhbətlər mənə təsəllidən çox, əzab verirdi, qulaqlarımı tutmaq istəyirdim, amma o hadisələrin içində olduğumdan o ağrılardan uzaqlaşa bilmirdim.

Bayaq yanımdan tez-tələsik gəlib keçən gülər gözlü adamı başımın üstündə gördüm:

- Yaxşısız?

Mən tez-tələsik:

- Yaxşıyam- dedim.

- Yaxşı olun,- dedi, yenə gülümsəyərək.

- Yaxşı,- yenə dedim- Bəs qardaşınız?

- Qardaşım da pis deyil. Bayaq, terapiya alanda halı xarablaşdı, həkim yeni iynələr yazıb məni aptekə göndərdi. Görünür, səhər yaxşı yeməyib, həm də terapiyalar çoxaldıqca dərmanların dozası artır, istər-istəməz fəsadları olur.

Hər xəstənin yaşantısı psixikama bir zərbə idi. Adam bunu duyub tez-tələsik:

- Amma indi yaxşıdı, sadəcə vaxtlı-vaxtında yemək, istirahət etmək lazımdır. Siz də güclü qidalanmalısınız, bütün bunlar keçib-gedəcək.

- Əlbəttə, - mən gülümsədim.

Nədənsə gödəkcəmin süzülmüş yerini gizlədim. Çantamda smit vardı, onu da hər ehtimala qarşı götürmüşdüm.

- Güclü yemək, keyfiyyətli dərman, vaxtlı-vaxtında müalicə- hamısı böyük vəsait tələb edir. -rəfiqəm söhbətə qarışdı,- ona görə də insanlar vaxtında müalicə oluna bilmir, dərdə düşürlər.

- Elə biz də sizin dərddəyik, arvadının terapiyadan gəlməsini gözləyən kişi dedi,- bəzi dərmanlar xəstəxanadan verilir, amma çoxunu da özümüz almalı oluruq. Əlimizdə nə var, dava-dərmana vermişik. Evdə də arvad ağlayır ki, müalicə yarımçıq qalacaq. Deyirəm, lazım olsa qum daşıyaram, amma səni bu bəladan qurtararam.

- Allah hamıya kömək olsun, - kişinin sözlərindən mütəəssir olmuş rəfiqəm dedi.

- Allahdan ümid kəsilməz, - parikli arıq qadın dedi,- bir çarə tapılar əlbət.

- Əlbət, tapılar, - gözlərindən gülən adam dedi- amma siz qorxmayın, yaxşımı?

Bu sözün enerjisi hamıya ünvanlanmışdı, amma bircə mən “yaxşı” dedim. Özüm də bilmədim, niyə bu çarəsiz təbəsümün sahibinə söz verirəm. Amma onun təbəssümündə həyata dair, insanlığa dair, bəlkə həyatın da, insanlığın da unutduğu nələrsə vardı. Adam uzaqlaşandan sonra rəfiqəmə dedim ki, tanımadığımız insanlara maddi durumumuz haqqında məlumat verməsin. “Tanmadığımız adamlar” ifadəsi özümü də təəccübləndirdi. Məgər mən bu çarəsiz təbəssümün sahibini tanımırammı?

Üçüncü terapiyanın nəticələrindən sonra məyusluq yaşadım, həkim müalicənin işə yaramadığını, təcili resepti dəyişməli olduğunu söylədi. Bu seriyadan olan dərmanların çox bahalı olduğunu da əlavə etdi. “Gücünüz çatarmı?” deyə soruşanda mən “almalıyıq, başqa yol yoxdur,” dedim.

Mən yol arayarkən rəfiqəm bildirdi ki, palto üçün yığdığı pulları mənə verəcək- “Onsuz da ürəyimcə olan bir model yoxdur”.

- Elə şey olmaz,- nazik plaşda üşüyən və mənim müalicəmə görə palto almaq planını elə hey təxirə salan rəfiqəmə dedim,- Sən paltonu al.

- İnadkarsan,-rəfiqəm əsəbiləşdi.- Elə bilirsən, o paltoda mənə rahat olacaq? Səni ehtiyacın olduğu pulu paltoya verib özümü rahat hiss edəcəyimi düşünürsən?

- Paltonu almasan, onda mən özümü rahat hiss etməyəcəyəm. Axı sən istəməzsən, mən özümü narahat hiss edim? Həm onsuz da o pul dərmanın yalnız bir hissəsini ödəyər. Sən paltonu al. Yox, yaxşısı budu, bir yerdə gedib alaq. Mən də nədənsə fərəhlənməliyəm, ya yox?

Rəfiqəmə etiraz etmək üçün şans vermədim. Birlikdə mağazaları gəzib palto seçdik. Sonra kafedə oturub çay içərək dərdləşdik.

- İndi nə edəcəksən?- rəfiqəm soruşdu.- Bəlkə işdən?..

- Yox, orda özün bilirsən, vəziyyət necədi. Büdcə yoxdu. Onlardan nə istəyə bilərəm.

- Bəlkə kredit?

- Kredit götürmək istəmirəm. Çünki sabahkı günə ümidim yoxdu. Heç kimi aldatmaq istəmirəm.

- Qəribə adamsan,- rəfiqəm dedi. - bəs dərmanlar necə alınacaq?

Tək yaşayırdım. Bu fani dünyada özümdən başqa heç kimim yox idi. Bəzən özüm də özümə dönük çıxırdım, laqeydlik edir, sevgisiz olurdum özümə qarşı. Bilmirəm, bu 35 ildə özümü necə daşımışdım. Yəqin, bu xəstəlik elə vaxtında gəlmişdi, bəlkə də ölüm üçün bundan uyğun zaman olmayacaqdı. Bəlkə də bu hüzursuzluğun sonu elə bu olmalıydı. Xəyallarıma belə dönük çıxan adam olmuşdum. Bəlkə də məni ancaq ölüm xilas edə bilərdi.

Görünür, dərmanları da bu üzdən ala bilmədim. Ya da nəsə mane oldu almağa. Yəqin tale deyilən bir şey budur. Mən əslində taleyimə doğru gedirdim.

Amma terapiya günü həkimə getdim. Yenə hər gün ümidlərlə, sevinclərlə, faciələrlə dolub-boşalan yarıqaranlıq koridor... Koridorun sonundakı həkim otağı... Yenə yenicə diaqnoz qoyulmuş cavan qadın... Gözləri dəhşət saçır. Bir anlıq yuxu olmasını arzulayır. Amma heyhat. Hər şey o qədər gerçəkdir ki.

Çiyninə qara şal salmış yaşlı qadın nigaran baxışlarını hönkürə-hönkürə ağlayan qızına dikmişdi. Ana qızdan daha toxtaq görünürdü. Bəlkə də həyat təcrübəsi öz sözünü deyirdi.

Maraqlıdır ki, həkim nə edəcəyini bilmirdi. Hər gün onlarla xəstəni bu fəlakətli xəbərlə baş-başa qoyan həkimin deməyə söz tapmamağı həyatın ironiyasıdır yəqin.

Deyəsəm mən həkimin bu çıxılmaz vəziyyətdə qurtuluşu idim.

- Bir bu qıza bax,- həkim məni onlara nümunə göstərdi- Vəziyyəti səndən də pis idi, amma bax, ayaqdadı və hələ də gülümsəyir.

Mən doğrudan da gülümsəyirdim, amma həkimin bu sözlərindən sonra bunu etmək çətin idi.

Bu qız əslində özü özünə edəcəyini etmişdi, bir il qabaq ona müalicə təklif edilmişdi, o isə başısoyuqluq edib kəndə qayıtmışdı. Bu bir ildə orqanizmdə partlayış olmuşdu.

Mənim gülümsəyən üzüm də qıza təsəlli olmadı, hönkürərək bayıra qaçdı, anası da qızın dalınca otaqdan çıxdı.

Həkim başını yellədi:

- Bayaqdan bunlar belədir, bir yerə toparlamaq, normal danışmaq mümkün deyil. Uşaq deyil ki, iki uşaq anasıdır. Heç siz belə etmədiniz. Halbuki...

- Doktor, mən dərmanları tapmadım.

- Necə yəni?

- Ala bilmədim.

- Bəs niyə gəlmisiz?

- Siz dediniz ki, bu gün gəlim, terapiya vaxtıdır.

- Terapiya hansı yola ediləcək, bir halda ki, dərmanlar yoxdur. Bu gün 21-ci gündür, təxirə sala bilmərik.

....

- Qəribə adamsız. Həyatınızla oynayırsınız.

....

Onda məni məşğul etməyin, xəstələr gözləyir.

Çıxış qapısının ağzını dilənçi qadın kəsdirmişdi. Xəstəxanaların qapısı ağzında keşik çəkən dilənçilər leş yeyən quzğunlar kimi məndə ikrah doğurur.

Dilənçilərin yanındakı belibükük qocadan iki smit alıb skamyada əyləşdim.

Hesabat verəcəyim yeganə adam rəfiqəm idi, ona da dərman üçün pul tapdığımı, terapiya aldığımı deyib sakitləşdirdim.

Bir qadının qolundan tutub gətirirdilər. Yəqin diaqnoz qoyulandan sonra birbaşa evə getməyə gücü qalmamışdı. Bu skamyanın da qara yazısı təsəlli edilməsi mümkün olmayan insanları qonaq etmək idi.

48-50 yaşında olardı. Saçlarının dibi görünürdü, bəlkə də xəstəlikdəndir, deyə fikirləşdim. İki qadın başının üstündə durub ovutmağa çalışırdılar.

- Niyə axı ağlayıb özünü öldürürsən? Bircə sənsən bu xəstəliyi çəkən? Bircə səndə çıxıb bu zəhrimar? Bilirsən nə qədər adam bundan əziyyət çəkir? Hamı ölür məgər? Yox. Sən niyə o dəqiqə ölüm haqqında düşünürsən?

- Bir alim vardı, onda bu xəstəliyi tapmışdılar, ondan sonra 100 il yaşadı,- sarışın, üzü bəzəkli qadın təsdiqlədi.

- Hamı ölmür bundan bəyəm?- qadın istədiyi cavabı almaq ümidilə soruşdu.

- Ay balam, nə ölürəm, ölürəm salmısan? – bəzəkli qadın dedi, hiss olunurdu ki, hövsələsi daralıb.- bəlkə mən səndən əvvəl öldüm elə?

Bu sözlər xəstə qadını məchul dalana saldı, bəzəkli qadının ondan əvvəl öləcəyi ehtimalı dərdinə dərman deyildi.

İndi yadıma düşdü ki, iki smit almışdım.

- Smit istəyirsiniz?- smitin birini xəstə qadına uzatdım.

Qadın təəccüblənmədən:

- Bəs siz?- deyə soruşdu.

- Məndə var, - o birisini göstərdim.

Qadın smiti alıb ağzına apardı, ikimiz də yanaşı oturub dinməz-söyləməz smitin saqqız kimi xəmirini çeynəyirdik. Bu dəqiqələrdə bəlkə də həyatı bizdən – laqeyd şəkildə oturub smit yeyən bu iki qadından daha yaxşı anlayan yox idi.

Tibb bacısından zəng gəldi:

-Humay, siz hardasınız?

-Xəstəxananın həyətində, amma gedirəm indi...

-Yox, yox getməyin, həkim sizi görmək istəyir.

Həkimin qəbuluna düşmək üçün çox gözləmək lazım gəlmədi, yarıaçıq qapıdan məni görüb çağırdı.

- Siz bu səhər terapiya almaq üçün iynələri vurdurmusunuz?

- Bəli.

- Tez müalicə otağına keçin, vaxt itirməyək.

- Bəs dərman?

- Dərmanlar var, bir xəstəyə gərək olmadı, qardaşı ehtiyac olana verin, dedi.

- Sağaldı yəni?

- Yox, öldü... İntihar etdi. Xəstəliyə üstün gəlmək üçün həyata inanmalı, pozitiv olmalısan. Biz ona psixoloqa getməyi məsləhət görmüşdük, gedib-getmədiyini bilmirəm. Kim bilir, bəlkə psixoloqun da onu həyata qaytarmağa gücü yetməyib.

Gülər gözlü adamı xatırladım.

- Mən o dərmanlardan istifadə etmək istəmirəm...

- Ürəyinizə pis gəlir? Siz bu haqda düşünməyin, ölümü xəstəlik səbəbindən deyil.

- Yox, özümü elə bil günahkar hiss edirəm.

- Kimin qarşısında? Öləni nəzərdə tutursunuz?

- Yox, ölümü nəzərdə tuturam.

- Belə anlamsız söhbətlər üçün vaxtım yoxdur. Siz müalicə otağına keçin, tibb bacısı gözləyir.

Terapiyadan sonra ehtimalımı dəqiqləşdirdim, intihar edən, gülər gözlü adamın qardaşıydı. Telefon nömrəsini həkimdən aldım. Başsağlığı vermək və üzrxahlıq etmək istəyirdim. Amma zəng vurmağa utanırdım. Həm də terapiyadan sonra özümü bir neçə gün pis hiss etdim, başım fırlanır, ürəyim bulanırdı. Yer üzünün bütün ağrıları elə bil gəlib bədənimə və qəlbimə dolmuşdu.

Nəhayət, terapiyanın 7-ci günü mesaj yazdım.

“Qardaşınızın ölüm xəbərini eşidib üzüldüm. Hamımız bu dünyada yolçuyuq. Amma hər gediş ürəyimizi dağlayır. Bəlkə də onun yerində mən olmalıydım və ya olacaqdım. Üzr istəyirəm, sizin dərmanlara özüm də istəmədən mən sahib çıxdım.”

Mesajı yazıb telefonu mümkün qədər uzağa qoydum. Elə bil telefon yaxında olsa necə xəcalət çəkdiyimi hiss etdirəcəkdi. Mesaj səsi gələndə hələ də yazmaqda düzmü etdim,- deyə düşünürdüm.

“Şadam ki, dərmanların sizə müsbət təsiri olub. Hər kəs öz taleyini yaşayır, istəsəniz belə heç kimin taleyini yaşaya bilməzsiniz. Qardaşım haqqa yürüdü. Təəssüf ki, mübarizə edə bilmədi, həmin vaxt mən də yanında ola bilmədim... Onu xilas edə bilmədim, amma başqa insanları xilas etmək olar. Mən dəfndən sonra Almaniyaya gəldim. Əslində işim həmişə burdaydı, amma qardaşımın problemləri səbəbindən müvəqqəti Bakıya köçmüşdüm. Harda olsam sizinlə əlaqəni itirməyəcəyəm. Lazım olan dərmanları sizə burdan alıb göndərəcəyəm. Qardaşım dözə bilmədi, amma siz dözümlü olun... Yaxşı?”

“Yaxşı”-mən cavabında yazdım.

Beləcə internet vasitəsilə bir-birimizdən hal-əhval tutur, sevincimizi, kədərimizi bölüşürdük. Günlər keçdikcə, bir-birimizə isinişir, daha da yaxın olurduq. Danışmayanda, sadəcə susurduq. Sükut ancaq bu qədər gözəl ola bilərdi. Hamıdan gizli saxladığım qorxularımı ona deyirdim. O da məni anlayır, qorxularımı qovurdu.

“Qorxma, keçəcək”.

“Əgər ölsəm?”

“Sən ölməyəcəksən. Sənə heç nə olmayacaq. Qorxma, yaxşı?”

“Yaxşı”.

Uşaq kimi onunla razılaşırdım. Elə bil ölməyəcəyimə söz verirdim.

...Əslində çoxdan bu ifadə dilimdədir- “mənim sağlığımda”. Yəqin ki, mən çoxdandan ölmüşəm. Şair demiş, hətta özümdən də xəbərsiz.

Son vaxtlarda nəyə inanmışam? Həyat ölümü gözləməkdir bəlkə də. Bəlkə də elə bununla həyat gözəldir. Biz ölümü suçlayırıq, pisləyirik, amma ölümü sevmək heç kəsin ağlına gəlmir. Axı son təsəllimiz bəzən ölüm olur. Xəyanətdən, ağrılardan, təklikdən, əzabdan- çox şeydən ölüm bizi xilas edir. Amma biz insanlar elə nankoruq ki.

İnsan niyə heç vaxt öləndə ağlamır? Yəqin ki son anda həyatın fəlsəfəsini anlayır.

Mən sağlığımda təkcə insanlığı deyil, bütün kainatı, varoluşu sevən, bütün insanlıq üçün dua edən, bir böcəyi də incitməyəcək qədər adil olan insanlar gördüm. Dostum da belə insanlardandır. Ona görə öləndən sonra ən böyük ümidlərimdən biri odur ki, mən ölsəm də dostum yaşayacaq. Və ölümümdən sonra da bir səs elə hey səsləyib-duracaq...

- Humay?..

- Hə...

- Niyə səs vermirsən? Yatmışdın?

- Hə... Yuxu görürdüm.

- Nə görürdün?

- Gördüm ki, ölmüşəm...

- Humay, sən ölməyəcəksən, sənə heç nə olmayacaq... Yaxşı?

- Yaxşı!..

Seçilən
261
kulis.az

1Mənbələr