AZ

Cəlilabadı niyə Quba əvəzlədi? – Vitse-prezident səbəbi açıqladı

"Azərbaycan Basketbol Federasiyasının strategiyası odur ki, bu idman növü böyük şəhərlərdə təmsil olunsun. Ona görə də biz böyük şəhərlərə köçürük. Respublika tabeli şəhərlərimiz olan Gəncə, Sumqayıt və Şəkinin komandaları vardı. Lənkəranda da yeni mövsümdən komanda olacaq. Mingəçevirdə də komandanın olmasını istərdik. Ancaq orada "Kür" həndbol komandası oyunlarını keçirir deyə, alınmadı".

Bunu Prosport.Az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov bildirib.

Ötən il yaradılmış "Cəlilabad" komandası yeni mövsümdən "Quba" adı ilə çıxış edəcək. Həmin komandanın baş məşqçisi Şəhriyar Əsgərov və məşqçisi Zaur Paşayev "Quba"da fəaliyyətini davam etdirəcək. Fərrux Mahmudov bu dəyişikliyin səbəbinə aydınlıq gətirməyə çalışıb:

"Ötən mövsüm Cəlilabadın komandası vardı. Strategiyaya uyğun olaraq Cəlilabadı bu il Quba ilə əvəzlədik. Ötən mövsüm "NTD-İndiqo" komandası da Xaçmazı təmsil edirdi. Artıq Bakıda oynayacaqlar. Cəlilabad və Xaçmaz Olimpiya İdman Komplekslərində parket zallar vardı. Biz oranı təmir etmişdik deyə, komandalar orada oynaya bilirdi. Həm Lənkəran, həm də Quba Olimpiya İdman Kompleksində şərait daha yaxşıdır. Sadəcə, oradakı zallar betondandır. Artıq onlara da biz tərəfdən parket vurulur. Demək olar ki, Lənkəranda işlər yekunlaşıb, yalnız parketin laklanması qalıb. Daha sonra çempionata kimi Qubadakı işləri yekunlaşdırmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının yeni mövsümündə ilk dəfə 12 komanda mübarizə aparacaq.

Səbuhi Musa

Seçilən
105
prosport.az

1Mənbələr