AZ

İmkan da var, potensial da…

Son günlərdə Azərbaycan milli komandaları uğursuz nəticələrlə gündəmə gəlir. Əsas yığmanın İsveçə məğlubiyyətindən (1:3) sonra U-21-lər səfərdə Lüksemburq seçməsinə (0:2), U-19 isə yoldaşlıq görüşündə Şotlandiyaya (0:2) və Niderlanda(0:3) uduzub.

Əsas yığmanın İsveçə Bakıdakı məğlubiyyətindən sonra xüsusilə AFFA rəhbərliyi ilə bağlı narazılıqlar var. Milli komanda daxilində oyunçuların intizamsızlığı, yeni baş məşqçinin debütünün uğursuzluğu Azərbaycan futbolu inkişaf edirmi sualını yenidən gündəmə gətirib.

İnkişaf təməldən başlayır və əfsuslar olsun, bu məsələdə ciddi addımlar atılmamaqdadır.

Əsas narazılıq yaradan məqam U-21 yığması ilə bağlıdır. Hansı ki, bu uşaqlar bir neçə ilə əsas millinin formasını daşıyacaqlar. Lakin nəticələr indidən ürəkaçan deyil. Avropa çempionatının seçmə mərhələsində Ukrayna, İngiltərə, Serbiya, Lüksemburq və Şimali İrlandiya ilə F qrupunda mübarizə aparan komanda 7 oyunda cəmi 1 qələbə qazanıb və 3 xalla sonuncu sıradadır. Cırtdan ölkə hesab olunan Lüksemburq yığmamızdan 4 xal daha çox yığıb və 4-cü pillədə qərarlaşıb.

Son illər əsas yığmasının qazandığı nəticələrdə inkişafda olduğu görünən Gürcüstanın U-21 komandası da yaxşı çıxışlə diqqət çəkir. Gürcülər AÇ-də Niderland, İsveç, Moldova, Şimali Makedoniya və Cəbəllütariqlə C qrupunda mübarizə aparır və 16 xalla qrup ikincisidir. Eyni zamanda, Latviyanın, Moldovanın, Bolqarıstanın, Kosovonun, Qazaxıstanın U-21 kollektivləri də seçmə mərhələlərdə Azərbaycan millisindən daha çox xal toplamaqla diqqət çəkir. Bəs, nə üçün onlarda futbol inkişafdadır, bizdə yox?

Azərbaycanda şərait, maliyyə baxımından hansısa çətinlikdən söz gedə bilməz. Hərçənd, müəyyən mənada stadionlarla bağlı narazılıqlar olsa da, bu, nəticələrin qeyri-sabiq olmasına səbəb deyil. Azərbaycanın U-21 yığmasının heyətində yer alan əksər oyunçular Premyer Liqa klublarında mütəmadi şans qazananlardandır. Lüksemburqla görüşdə start heyətində yer alan Murad Vəliyev, Abdulla Rzayev, Cəlal Hüseynov, Fərid Yusifli, Emil Səfərov, Xəyal Əliyev, Samir Abdullayev kimi oyunçular yerli çempionatda demək olar, hər matçda forma şansı qazanır. Lakin nəticələrin uğursuzluğu, hücum fazasında geri qalmaq, qol vurmaqda yaşanan çətinliklərin səbəbi anlaşılmaz qalır.

Bu heyətdə yer alan Cəlal, Emil kimi oyunçular əsas milliyə də dəvət almışlardır. Baş məşqçi Samir Əliyevin tez-tez oyunçu qıtlığından, futbolçuların komandalarında şans qazanmamalarından haqlı olaraq gileylənirdi. Lakin bu dəfə vəziyyət fərqli olsa da, mənzərə dəyişmir. Yerli mütəxəssisin yığmada çalışması müsbət məqamlardandır, lakin nəticələrin uğursuzluğu yerli məşqçilərə inamı azaldır.

U-21-in növbəti sınağı sabah Serbiyaya qarşı Bakıda olacaq. Növbəti üç görüş Samir Əliyev üçün həlledici olacaq. Komandanın qrupdan çıxmaq şansı olmasa da, son görüşlərdə əldə ediləcək pozitiv nəticələr mütəxəssisin millidə davam etməsinə səbəb ola bilər. Eyni zamanda, Əliyev yerli məşqçinin də nələrə nail ola biləcəyini göstərmək şansındadır.

Əsas və aşağı yaş qrupları üzrə milli komandalarla bağlı ciddi işlər görülməli, təməldən proseslərə düzgün yanaşma şərtdir. Gürcüstan kimi bizdən şərait, maliyyə baxımından geri qalan ölkənin futbolu belə sürətlə inkişaf edir, milli komandaları Çexiya kimi rəqibə 4 qolla qalib gələ bilirsə, deməli, hansısa sistem qurulub və düzgün yanaşma nəticəsində indi bunun bəhrəsi görülür. Azərbaycanda da bunu bacaracaq kifayət qədər futbol adamları, ixtisaslı kadrlar var. Futbolçu qıtlığından gileylənənlər də artıq oyunçu seçiminin artdığını, Bakıda və bölgələrdə potensiallı uşaqların çoxluğundan danışırlar.

Yekunda varılan nəticə odur ki, müəyyən sistem qurub, 5-10 ilə hansısa işlər görmək mümkündür. Bunun üçün lazım olan büdcə də var, şərait də, material da…

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Seçilən
248
38
futbolpress.az

10Mənbələr