AZ

Türkiyə millisində Arda Gülər şoku

UEFA Millətlər Liqasında Uels yığması ilə səfər oyunu (0:0) Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər üçün xoşagəlməz sonluqla bitib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, “Real”ın gənc yarımmüdafiəçisi oyunun 90-cı dəqiqəsində zədə alıb və hücumçu İrfan Can Kahveci ilə əvəzlənib.

Gülərin rəqib oyunçu ilə ağrılı toqquşmasından sonra meydanı bir ayağı üstə axsaq surətdə tərk etdiyi bildirilir.

Zədənin dərəcəsi və digər xüsuslara dair məlumat hələ açıqlanmayıb.

Arda Gülər “Gənclərbirliyi” klubunun yetirməsidir. Yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro məbləğ müqabilində “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsi 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.

Gülər geridə qalmış 2023/2024-cü illər mövsümündə “qaymaqlılar”ın heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 6 qol vurub. Cari mövsümdə isə o, “qaymaqlılar” üçün məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 4 oyun keçirib.

Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 13 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023-cü illər mövsümü Türkiyə Kuboku, “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və Çempionalar Liqası və UEFA Super Kuboku var.

“Transfermarkt” internet-portalı 19 yaşlı türk hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
198
31
arena.az

10Mənbələr