AZ

İlqar Məmmədovun istefası uğursuz “liderlərə” örnək olacaq?

İlqar Məmmədov ReAl-ın sədrliyindən istefa verdi. Onu bu addımı atmağa uzun illər sədr olduğu partiyanın nəinki məqsədlərinə nail ola bilməməsi, eyni zamanda sədr olaraq özünün belə parlament seçkilərində qalib gələ bilməməsi vadar etdi.

Əslində, bu addım nəticə göstərə bilməyən digər partiyalara da örnək ola bilər. Siyasi partiyanın fəlsəfəsi seçkilərə qatılmaqla mümkün nəticələr əldə edərək seçkili qurumlarda təmsilçiliyin təminindən ibarətdir.

Əgər bu mümkün olmursa, partiya idarəetməsində “qan dəyişikliyinə” ehtiyac yaranır. İlqar Məmmədovun bu addımını da belə qiymətləndirmək olar. Təbii ki, bir partiya sədri seçkidə qalib gələ bilmirsə, onun hansı formada partiyanı irəli apara biləcəyi sualı aktual olur və məhz bu baxımdan məsuliyyəti birbaşa sədr daşıyır. Yəni məğlubiyyət sədrin aktivinə yazılır. Doğrudur, ReAl Partiyasında tanınan digər simalar da var. Partiyada Erkin Qədirli və Natiq Cəfərli kimi tanınmış simalar olsa da, partiyanın adı daha çox İlqar Məmmovla bağlı olduğundan, əsas məsuliyyət onun idi.

İlqar Məmmədov da bu məsuliyyəti dərk edərək postundan getməklə bağlı doğru qərar verdi. Bu, həm də siyasi mədəniyyət nümunəsidir. Nəticə qazana bilməyən sədr postunu tərk etməklə partiyaya yeni nəfəsin gəlməsinə imkan yaradır. İlqar Məmmədovun istefası həm də cəmiyyətdə “ Bəs digərləri?” sualını yaradır. Uduzan partiya sədrləri bu haqda düşünürlərmi? Hələlik, Pənah Hüseyn bu addımı atdığını bəyan edib, bəs digərləri?

Qeyd edək ki, 1 sentyabrda baş tutan növbədənkənar parlament seçkilərində 9 partiya sədri həm də Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrlə lider namizəddir. Hələlik nəticələr təsdiqlənməyib. Amma bəllidir ki, 9 partiya sədri seçkiləri uğurla başa vurdu. Seçkidə iştirak edən digər partiya sədrləri isə uğur qazana bilmədilər. Bu isə yuxarıda səslənən sualları daha da aktual edir. Hətta həmin partiya sədrlərindən uzun illərdir heç bir seçkidə uğur qazana bilməyənlər də var. İlqar Məmmədovun qərarı onlar üçün nümunə olacaqmı?

Xatırlatma üçün onu da əlavə edək ki, budəfəki seçkilərdə yalnız bir partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iştirak etmədi. Bütün partiya üzvlərinin istəyinə rəğmən onların seçkidə iştirakına imkan verməyən Əli Kərimli nə düşünür? Seçkilərə qatılmayan, iştirakdan min bir bəhanəylə yayınan Əli Kərimli AXCP-ni 24 ildir inhisara alıb və özü üçün sanki bir “dərviş ocağı” yaradıb. Ancaq dərvişlər istefa vermir. 24 ildə keçirilən heç bir seçkidə iştirak etməyən bu şəxs istefa mədəniyyəti göstərə bilərmi? Hələlik bunun əksinin şahidi oluruq. Hətta, qurultayda belə alternativsiz namizəd olur...

AXCP Əli Kərimlinin diqtəsi ilə artıq uzun illərdir heç bir seçkidə iştirak etmir. Bunun isə əsas iki səbəbi var. Birincisi, Əli Kərimli seçkidə uğur qazanmayacağını bilir. İkincisi isə seçkidən məğlub çıxacaq Əli Kərimli ətrafında olanlara hesabat verməli olacaq. Əli Kərimli isə bundan maksimum qaçmaq üçün 24 ildir oxşar bəhanələrlə seçkidən yayınır və ətrafındakıları da bunlara inandırmağa çalışır. 24 illik nəticəsiz fəaliyyətin hesabatı isə yoxdur...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr