AZ

Televiziyalar UNUDULUR - Ənənəvi media, yoxsa “yeni media”?

"Təəssüflər olsun ki, televiziya yayımı artıq öz mövqelərini əldən verməkdədir". 

Bu sözləri News24.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.

"Bu da təsadüfi deyil, dünyada gedən proseslərin, yeni texnologiyaların inkişafı, özəlliklədə onlayn xidmətlərin əlçatanlılığının getdikcə genişlənməsi ona gətirib çıxarır ki, televiziya kanalları rəqabətdə uduzur. Ayaqda qala bilmək, daha geniş auditoriyanı əldə saxlamaq üçün televiziyalar keyfiyyətdə güzəştə getməli olurlar. Yəni bir zamanlar alternativsiz yayım olduğu üçün hamı televiziyaya baxırdı, amma indi televiziyaya alternativ deye biləcəyimiz sayı hesabı bilinməyən xidmətlər var. Özəlliklə də onlayn xidmətlər. Burada "youtube", "tiktok", başqa bənzər xidmətlər televiziyaları səhnədən sıxışdırmaqla məşğuldur. Belə bir rəqabətə dayanmaq asan məsələ deyil. Əvvəlki kimi daha keyfiyyətli, daha üstün verilişlər təqdim edərək, bu rəqabətdə qalib gəlmək mümkün deyil. Auditoriya genişliyini təmin etmək üçün mütləq keyfiyyətdə güzəştə gedilməlidir. Televiziyalar isə güzəstə gedirlər, amma buna görə də tənqid hədəfi olurlar. Çünki daha üstün tamaşaçı bununla barışmaq istəmir". 

Ekspert televiziyalar ilə alternativ xidmətlər arasındakı əsas fərqdən də danışıb:

"Eyni zamanda alternativ fikirlərə yer vermək lazımdır. Təəssüflər olsun ki, Azərbaycan televiziya kanalları alternativ fikrə o qədər də yer vermirlər. Vermədiklərinə görə də alternativ fikir axtaranlar "tiktok", "youtube", "instagram"a yönəlir. Onlar axtarışda olduqları zaman qarşılarına televiziya kanalları çıxanda orda həmin alternativ fikri görmürlər, görmədiklərinə görə də başqa yerdə axtarırlar.  Bu da dövlət və informasiya təhlükəsizliyi baxımından çox zərərlidir. Yəni böyük tamaşaçı auditoriyası alternativ axtarışında zərərli yayımlara tuş gəlir. Nəticə etibari ilə də anti-dövlət, anti-milli təbliğatın qurbanı olur".

Bəs çıxış yolu nədir? 

"Çıxış yolu odur ki, televiziya kanallarımız alternativlərə qapılarını açmalıdırlar. Bəzi adamlar var ki, onların sosial media hesablarına baxanda görünür ki, yüz minlərlə, milyonlarla izləyicisi var. İnsanlar onları davamlı izləyir. Amma bizim televiziya kanallarımızı açanda görürük ki, həmin adamlardan əsər əlamət yoxdur. Yaxın belə buraxılmırlar. Və təbiidir ki, tamaşaçı, izləyici həmin adamları görmək üçün alternativlərə əl atmalı olacaq. Alternativə əl atdığı zaman isə televiziyadan imtina edəcək. Televiziyalar auditoriyanı əldə saxlamaq üçün sosial mediada milyonlarla insanın diqqətini çəkən adamlara qapılarını açmalıdırlar", - deyərək Azər Həsrət fikrini yekunlaşdırıb.

Məryəm İlhamqızı


Seçilən
47
news24.az

1Mənbələr