Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyada ilk dəfə mülki qrup tərəfindən həyata keçirilən kosmos yürüşü tamamlanıb.
Banco.az xəbər verir ki, ABŞ-ın kosmik nəqliyyat şirkəti “SpaceX” tərəfindən buraxılan “Polaris Dawn” ("Qütb Şəfəqi") missiyasının ən kritik mərhələsi başa çatıb.
Xüsusi missiyanın maliyyəçisi, milyarder iş adamı Cerid Aysakman, hərbi pilot Skot Potit və “SpaceX” mühəndisləri Anna Menon və Sara Gillis 12 sentyabr cümə axşamı günü 732 kilometr hündürlükdə baş tutan tarixdə ilk şəxsi kosmos səyahətini başa vurublar.
“SpaceX”in hazırladığı skafandrları geyinən komanda Bakı vaxtı ilə saat 14:50-də Dragon kapsulunun qapağını açaraq kosmosa addım atmağa başlayıb.
“SpaceX” şirkətinin sahibi İlon Mask bu şəkli sosial media hesabında paylaşaraq Dragon kapsulunun açılış anını elan edib.
Təxminən 2 saat davam edəcək kosmos yürüşü zamanı 4 nəfərdən ibarət komandanın bir sıra elmi təcrübələr həyata keçirəcəyi məlumdur.