“Williams” komandasının pilotu Franko Kolapinto Bakıda Beynəlxalq Avtomobil İdmanı Federasiyasının təşkil etdiyi mətbuat konfransında iştirak edib.
İdman.biz xəbər verir ki, iki həftə əvvəl Monzada Franko Kolapinto “Formula-1”də debüt mərhələsini keçirib və həftəsonu Azərbaycan Qran-prisinə hazırlaşır.
Argentinalı bu mövsüm yarışacağı treklərin əksəriyyətini bilmədiyini, buna görə də məşqdə diqqətli davranmağı və tədricən sürəti artırmağı planlaşdırdığını bildirib: "Çətinliyin həlli tədricən təkmilləşməkdir". “Düşünürəm ki, mən də Monzadakı kimi yanaşacağam. Monzada maşını tanımırdım, treki də bilmirdim, amma onu öyrənmək üçün 3 məşq kifayət idi”.
O, etiraf edib ki, şəhər treklərində çıxış etmək təcrübəsi azdır: “Ancaq ümid edirəm ki, Bakıya qədər simulyatorda apardığım hazırlıq işləri kifayət edəcək. Komanda olaraq, çox çalışdıq ki, sürətimi artırım. Reallıq budur ki, növbəti 7 yarışın keçiriləcəyi trekləri bilmirəm, ona görə də çətin olacaq. Bu bir riskdir, amma eyni zamanda böyük təcrübə qazanacağam. İnanıram ki, xallar uğrunda mübarizə aparacaq qədər yaxşı maşınımız var və bunun üçün əlimdən gələni edəcəyəm. Addım-addım, sessiya-sessiya irəliləyəcəyəm”.
İdman.biz