AZ

Anti-Azərbaycan qüvvələr yeni fəaliyyətə başladılar- Şvabe baş roldadır…

Image

Bir çox beynəlxalq tədbirlərin, o cümlədən də idman yarışlarının Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Artıq start verilən “Formula-1” yarışı, bunun ardınca keçiriləcək COP29 beynəlxalq diqqəti Azərbayucan üzərində cəmləyir. Amma hər növbəti böyük beynəlxalq tədbir ərəfəsində anti-Azərbaycan qüvvələrin qarayaxma, şər və böhtanlarla çıxış etməsi də, görünür ki, ənənə halını alıb. 

Azərbaycan 2012-ci ildə “Eurovosion” mahnı müsabiqəsinə, 2015-ci ildə Avropa Oyunlarına, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarına və son bir neçə ildir, “Formula- 1” yarışlarına uğurla ev sahibliyi edib. Bütün bu beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib, amma görünür ki, bu, anti-Azərbaycan dairələri ciddi narahat edir. Erməni lobbisinin əlində alətə çevrilən alman deputat Frank Şvabenin yenə Azərbaycana qarşı qarayaxma kampaniyasına start verməsi də bunun növbəti göstəricisi hesab oluna bilər. Qeyd edək ki, Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı dedikləri Frank Şvabenin yuxusuna haram qatıb. Həmin çıxışında dövlət başçısı qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək: “Bu ilin yanvarında baş verənlər qırmızı xətti keçdi. Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, ötən ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni, biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”. Bununla yanaşı, Prezident Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarının adekvat olduğunu qeyd edib: “Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-nın yanvar ayındakı sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb. Almaniyanın AŞPA-dakı deputatlarından olan Frank Şvabe bunlardan sonra yenidən iftira kampaniyasına başlayıb. O, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının qaydalarına heç bir şərt qoymadan əməl etməli olduğunu deyib. Almaniyalı deputat AŞPA üzvlərinə qarşı qoyulmuş səyahət qadağasının da götürülməli olduğunu əlavə edib. Amma şübhə yoxdur ki, Frank Şvabe və onun kimilər anti-Azərbycan qüvvələrinin  təlimatlarını yerinə yetirir. Onun və digərlərinin “insan haqları”, “demokratiya”, “siyasi məhbuslar” ifadələri Qərb dairələrinin digər ölkələrə təzyiqi üçün vasitədir.

Ümumiyyətlə, bu metoddan Qərb uzun müddətdir istifadə edir. Müxtəlif dövlətlərin daxilində baş verən hadisələrə, həmin ölkələrin xarici siyasətdə atdıqları addımlara münasibətdə ikili yanaşmanın sərgilənməsi Qərb təcrübəsində ənənəvi hal alıb. Belə ki, bəzi ölkələr müəyyən siyasi mərkəzlərin, beynəlxalq təşkilatların, QHT-lərin əsassız ittihamlarına və təzyiqlərinə məruz qaldıqları halda, demokratiyanın “sütünları” sayılan bir sıra dövlətlərdə insan haqlarının, demokratiyanın prinsiplərinin mütəmadi olaraq kobud şəkildə pozulması sükutla qarşılanır. Məsələn, Fransada etiraz aksiyalarının keçirilməsi zamanı aksiyaçıların üzləşdiyi polis zorakılığı, yüzlərlə insanın, eləcə də, jurnalistlərin həbs olunması qeyd olunanlara bariz nümunədir. Eyni zamanda Ermənistanda baş verən hadisələrlə bağlı Qərb daim susur. Müxalifətə qarşı repressiya aktlarını Qərb görməzdən gəlir. Frank Şvabe də bunlar barədə danışmır. Burada qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, həmçinin lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə dövlət suverenliyinin bərpa edilməsi dostlarımızı sevindirdiyi qədər düşmənlərimizi dərin kədərə qərq edib. Həmin düşmən qüvvələr buna görə  bütün tribunlardan bizə hücuma keçməyə çalışırlar. Bu cür məkrli qüvvələr eyni zamanda Avropa Şurasında “yuva salıblar” ki, bu da həmin qurumun anti-Azərbaycan mövqeyindən qaynaqlanır. Frank Şvabe və onun kimilərin Qərbin, Avropanın müxtəlif tribunalarında Azərbaycanı hədəfə alması, ölkəmizə iftira yağdırması heç də təsadüfi deyil. Uzun zaman erməni lobbisinin dəstəklədiyi Şvabe və onun kimilər hazırda Azərbaycanın qətiyyəti qarşısında hər dəfə məğlub olandan sonra fərqli yollara əl atırlar. Onlar əllərinə düşən hər bir tribunadan sui-istifadə edərək Azərbaycana qarşı qarayaxma kampniyası aparırlar. Təsadüfi deyil ki, Almaniya Parlamenti 2016-cı ilin iyununda qondarma "erməni soyqırımı”nı rəsmən tanıyan zaman əsas fəallardan biri məhz Frank Şvabe idi. İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Azərbaycana münasibətdə  də  Şvabe əsl xislətini göstərib. Ümumiyyətlə, bu şəxs Qarabağda mövcud olmuş separatçıları daim müdafiə edib.  İndi də vaxtaşırı iddia edir ki, Qarabağı könüllü tərk edən  ermənilərin geri qayıtması və öz evlərinə girə bilməsi üçün Azərbaycan bütün addımları atmalıdır. Azərbaycan isə bildirir ki, ölkə vətəndaşlığını qəbul edən ermənilərin qayıtmasında heç  bir problem yoxdur.  Almaniyanın ”ARD Mediathek & Das Erste” kanalında Azərbaycanla bağlı yalan hadisələrə əsaslanan siyasi film olan “Uçurumda” bədii filminin hazırlanmasında Şvabenin “əməyi” heç kimə sirr deyil. O, erməni lobbisinin əlində açıq şəkildə istifadə olunan kart kimi daim Türkiyə və Azərbaycana qarşı xüsusi canfəşanlıqlar göstərib. Şvabe "məşhur" islamofob, türkofob, Azərbaycanofob kimi rol oynamağı üzərinə götürüb. Bu fonda Şvabe kimiləri ölkəmizdə keçirilən nüfuzlu tədbirlərin mühüm nəticələrini şübhə altına almaq üçün mütəmadi qarayaxma kampaniyaları keçirir. Axı Şvabenin özü korrupsiyaya bulaşmış şəxsdir və uzun illər Rusiyadan pul alıb. Bu səbəbdəndir ki, o, 2014-ü ildə Krımın işğalından sonra Rusiyanın AŞPA-dan çıxarılmasının əleyhinə olub. Azərbaycan ictimaiyyəti Şvabe və onun kimiləri yaxşı tanıyır. Bilir ki, COP-29 kimi mötəbər beynəlxalq tədbirin başlanması ərəfəsində belə qara qüvvələrin aktivləşməsi heç də təəccüblü deyil və bu cəhdlər iflasa məhkumdur.

Tahir TAĞIYEV





Seçilən
124
baki-xeber.com

1Mənbələr