Zərdabın icra başçısının sabiq müavini Əyyub Əzizovun məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinən sabiq məmurun azadlığı üç il müddətinə məhdudlaşdırılıb.
Elektron qolbağa məhkum edilən Əzizov, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozub.
Belə ki, onun Zərdab rayonu Çallı kəndi ərazisində təqribən 186 hektara yaxın torpaq sahəsi olub. Təqsirləndirilən şəxs həmin torpaq sahələrində həm özü əkin işləri görüb, həm də başqa şəxslərə əkməsi üçün icarəyə verib. Əyyub Əzizov özünə məxsus 186 hektar torpaq sahəsi ilə kifayətlənməyərək, Çallı kənd bələdiyyəsinə məxsus olan torpaq sahələrində də şumlama və əkin işləri aparıb. Söhbət əvvəllər həmin kənd sakini İlqar Bünyatova icarəyə verilən 4.21 hektar torpaq sahəsindən gedir.
Məsələ burasındadır ki, İlqar Bünyatovun daha sonra kənd bələdiyyəsi ilə müqaviləsi başa çatıb və həmin torpaq sahəsi kənd sakinləri üçün örüş yeri olaraq ayrılıb. Ancaq Əyyub Əzizov həmin torpaq sahəsinin İlqar Bünyatov tərəfindən təhvil verildiyini görərək sahəni iki il özbaşına becərib və əkib. Nəhayət, 2023-cü ildə yenidən həmin torpaq sahəsini şumlamaq və arpa əkmək istəyərkən onun bu əməli kənd sakinləri və həmçinin hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb.
Qeyd edək ki, Əzizov Əyyub Fəzli oğlu həm də, 2010-2015-ci illərdə Çallı bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Emin Səfərov