AZ

Tehranin əsassız narahatlığı



İran ardıcıl şəkildə Zəngəzur dəhlizi əlehinə bəyanatlar səsləndirməkdir. Məsud Pezeşkianın prezident seçilməsindən sonra vəziyyətin dəyişəcəyi ehtimalı olsa da İran yeni hökumətin dövründə də eyni ritorika ilə getməkdir. Cənub qonşumuz iddia edir ki, Zəngəzur dəhlizinin açılması regionda sərhədlərinin dəyişdirilməsinə səbəb olacaq və buna icazə vermək istəmir. Çünki bu onun qırmızı xəttidir. Maraqlıdır ki, İranın bəyanatları Azərbaycana yox, daha çox Rusiyaya qarşı yönəlib. Sanki rəsmi Tehran Moskva ilə münasibətləri korlamaq üçün bəhanə axtarır. İranda hakimiyyətə gələn Pezeşkianın komandası qərbmeyilli şəxslərdən ibarətdir. Vitse - prezident Məhəmməd Cavad Zərif İranda ABŞ - la ən güclü münasibətləri olan şəxs kimi tanınır. Görünür ki, Tehran Qərblə yaxınlaşmaq üçün Rusiya ilə münasibətləri pozmağa çalışır və bunun üçün də bəhanə Zəngəzur dəhlizidir. Digər alternativ variant Ukrayna məsələsi ola bilərdi ki, İran hələ ki bu cəbhədə Rusiya ilə hələ ki, əməkdaşlıq edir. Ancaq Cənubi Qafqazda tərəflər arasındakı qarşıdurma Ukrayna cəbhəsinə də təsir göstərə bilər. Eyni zamanda İranın bu cür münasibətinə səbəb qısqanclıqdır. Tehran özünü regionda əsas oyunçulardan biri kimi göstərməyə çalışır. Digər bütün cəhdləri qısqanclıqla qarşılayır. İran öz qısqanclığını 44 günlük müharibədən sonra Rusiya və Türkiyənin iştirakı ilə Qarabağda formalaşan birgə monitorinq mərkəzinin açılışı zamanı da göstərmişdi. İran hələ də keçmişdəki imperial ambisiyalarından əl çəkmək istəmir. Cənubi Qafqazda özünün hegemonluğunu sübut etmək istəyindədir. Təbii ki, sərhədlərin dəyişdirilməsi barədə deyilənlərdə xülyadır. Əgər belə bir şey olsa idi İran Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə bir dəfə də olsun səsini çıxardardı. Bunlar sadəcə dəhlizin qarşını kəsmək üçün məqsədyönlü bəhanələrdir. İranda da yaxşı bilirlər ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Dəhliz sadəcə nəqliyyat xəttidir, burda sərhəd dəyişdirilməsi məsələsindən söhbət getmir. Dəhlizin açılması ilə bağlı Tehranın hansısa formada narahatlığına heç bir əsas yoxdur. İran yenə də Ermənistan üzərindən Gürcüstan və Qara dəniz hövzəsinə çıxa biləcək. Hazırda bu ölkənin özündə iqdisadi vəziyyət yaxşı deyil. Tehran Azərbaycan, Türkiyə, lap elə Rusiya ilə nəinki əlaqələri pozmaq, daha da inkişaf etdirməklə çox mühüm qazanclar əldə edə bilər. Bu dəhliz həmçinin İranın Avropaya çıxışını təmin edə bilər. Nəzərə alaq ki, Pezeşkian hökuməti Qərblə siyasi - iqdisadi əlaqələrin qurulmasını qarşıya məqsəd kimi qoyub. İstənilən dəhliz, yol həmən bölgədə yerləşən dövlətlərə yalnız xeyir gətirir. Zəngəzur dəhlizinin də region ölkələrinə, o cümlədən İrana faydası böyükdür. Ancaq Tehran mövcud reallıqları qəbul etmək istəməyərək keçmişdə qalmış imperial maraqlarını hər şeydən üstün tutmaqda və itirməkdə davam edir.

Zeynal Əmrəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
newscenter.az

1Mənbələr