AZ

Rusiyanın Elçibəyi öldürmək istəyən məşhur dəstəsi…

Ayrat Gimranovun kriminal dəstəsi 1990-cı illərin əvvəllərindən 1999-cu ilə qədər Sankt-Peterburqda fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup idi.

Milli.Az xəbər verir ki, bu barədə tarixçi-alim Zaur Əliyev qeyd edib.

Fotoda Əfqanıstan müharibəsinin iştirakçısı Ayrat Kavyeviç Gimranovu görürsünüz. Əbülfəz Elçibəyin Azərbaycan Prezidenti olduğu dövrdə ona qarşı sui-qəsd təşkil etmək əmrini alan Rusiyanın ən təhlükəli kriminal dəstəsinin rəhbəri olan Ayrat 1961-ci ildə Başqırdıstanda anadan olub. Ryazan Ali Hərbi Hava Qüvvələri Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1982-1984-cü illərdə Əfqanıstanda döyüş əməliyyatları zamanı komandir olub. "Qırmızı Ulduz" ordeninin sahibi və idman ustası idi.

1985-ci ildə Leninqrad Ali Hərbi Bədən Tərbiyəsi Məktəbində yüksək ixtisaslı təlimçilər üçün hazırlıq qrupunda işləməyə başlayıb. 3 ildən sonra Gimranov nizam-intizamı pozduğuna görə xaric edilib.

1990-cı illərin əvvəllərində Gimranov dəstə yaradıb. Buraya Sergey Denisov, Valeri Şmorqun, Sergey Kolesin, Eduard Avzalutdinov, Stanislav Adamyan daxil idi. Onun çoxlu snayperləri və partlayışları dəqiq yerinə yetirən adamları var idi. Əvvəlcə onun dəstəsi əsasən oğurluqla məşğul olurdu. Lakin çox keçmədən Anatoli Sobçakın yaxın adamlarından biri olan Yuri Şutov onlarla əlaqə saxladı. Bundan sonra onlar güclü arxa əldə edib genişmiqyaslı fəaliyyətə başladılar. Leninqrad mehmanxanasındakı yanğın, şimal paytaxtının vitse-qubernatorunun məhvi - bunlar onların işlərindən yalnız ən diqqət çəkənləridir. O qədər güclü dəstə idilər ki, Rusiyanın ən yüksək vəzifəli məmurları onlarla hesablaşmağa məcbur idi.

1992-ci ildə Şutov və Gimranov Rusiya təhlükəsizlik xidməti əməkdaşları tərəfindən həbs edilirlər. İttiham isə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Əliyevə (Elçibəy) qarşı bu dəstənin hazırladığı sui-qəsdlə bağlı məlumatların onlara daxil olması idi. Rusiya təhlükəsizlik əməkdaşları dəstə başçılarının Azərbaycan prezidentinə sui-qəsd üçün sifarişi hardan almalarını müəyyən etmək istəyirdi.

Məhkəmə keçirilir və Əbülfəz Elçibəyin o dövrdə Rusiya ilə münasibətlərinin yaxşı olmaması səbəbilə ittiham edilənlər azadlığa buraxılır. Şutov tam bəraət alır, Gimranov və onun əlaltıları hədə-qorxu ilə insanlardan pul tələb etmə və zorakılıq hədələrinə görə yüngül cəzalar alır.

2016-cı ildə "Cinayətkar Rusiya" proqramında bu məsələ gündəmə gəlir və orda müzakirə edilir ki, niyə məhz Gimranovun yoldaşları fəaliyyətləri zamanı Azərbaycan Prezidenti Əbülfəz Elçibəyə sui-qəsd etməklə bağlı sifariş alıblar. Lakin bu, hələ də sirr olaraq qalır.

Qeyd edim ki, Elçibəyə qarşı dörd sui-qəsd cəhdi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
118
8
milli.az

9Mənbələr