AZ

Çörək ajiotajı kimə və nəyə lazımdır?

Dünyada nə taxıl qıtlığı mövcuddur, nə də ki, buğdanın ixrac qiymətlərinin artması gözlənilmir

Son günlər bəzi media orqanlarında, ələlxüsus da  sosial mediada Azərbaycanda çörəyin bahalaşacağına dair fikirlər səsələnməkdədir. Buna səbəb kimi ölkəmizdə bir neçə ay əvvəl yanacağın qiymətinin artması, eləcə də Qazaxıstan və Rusiyadan idxal etdiyimiz buğdanın guya bahalaşması göstərilir. İddia olunur ki, Azərbaycan daxilində daşımalar, əkin-biçin, kənd təsərrüfatında, aqrar sahələrdə dizel yanacağından istifadə olunur. Azərbaycanda da iki aydır ki, dizel yanacağının qiyməti 25 faiz artıb. Habelə Azərbaycanın əsas buğda aldığı ölkələrdə - Qazaxıstan və Rusiyada daşqınların olması, məhsuldarlığa ciddi təsir göstərib. Bu o deməkdir ki, dünya bazarında da taxılın qiymətinin artması gözlənilir.

İddialar nə dərəcədə əsaslıdır, çörəyin qiyməti bahalaşacaqmı?

Əvvəla, Azərbaycanda dizelin 2 ay əvvəl bahalaşması taxılın ümumilikdə maya dəyərinə cəmi 7-8 faiz təsir edir ki, bu da 1 ton çörəyin qiymətində cüzi artım dəyəri yaradır. Ancaq bu qiymətin 0,5 kq- 1 kq çörəyin qiymətinə dəyər olaraq təsiri 1 qəpikdən də azdır. Həmin 1-2 qəpik xərc sadəcə çörəkbişirmə müəssisələrinin ümumi xərclərinə təsir edə bilər ki, bu da 1 tonda ən yüksək halda 7-8 manat ola bilər. Ona görə də, bu amil ciddi faktor deyil və çörəyin bahalaşması üçün əsas verə bilməz. Çörəyin qiymətində artım bir ton buğdanın idxal qiymətində təxminən 100 dollara yaxın artım baş verdiyi halda qarşısıalınmaz faktor kimi meydan çıxır. Hazırda isə belə bir ciddi təhdid də yoxdur.

2024-cü ildə dünyada ən yüksək həcmdə taxıl və buğda istehsal edilib...

Hazırda qlobla taxıl tədarükündə pozulmalar müşayiət edilmir, bu il dünyada taxıl yığımında kəskin azalmaların olacağı da gözlənilmir. Doğrudur, son illərdə qlobal istiləşmə, dünyanın müxtəlif regionlarında kəskin iqlim dəyişiklikləri, regional müharibələr və münaqişələr səbəbindən nəqliyyat-logistika zəncirlərinin pozulması halları müşahidə edilməkdədir. Ancaq bütün bunlara rəğmən, 2024-cü il mövsümündə dünyada ərzaq, xüsusilə də bitkiçilik məhsullarının istehsalı və emalında, tədarükündə ciddi azalmalar baş verməyib. Hazırda bütün ölkələrdə taxıl əkini sahələrində biçin tamamlanmaqdadır və hazırkı statistik göstəricilər də dünyada taxıl istehsalında ümudverici proqnozlardan xəbər verir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Taxıl Şurasının məlumatına görə, cari ildə dünya üzrə taxıl istehsalı 2 milyard 855 milyon tona çatacaq ki, bu da 2023-cü illə müqayisədə 1 faiz çoxdur. Bu, son 5-6 ilin ən yüksək göstəricisidir. Bundan başqa, ərzaqlıq buğda istehsalı 0,3 faiz artaraq 789 milyon tona çatdırılıb. Proqnozlar Argentina və Braziliyada qarğıdalı məhsulu üçün daha yaxşı istehsal gözləntilərinə əsaslanır. İki ölkədə məhsuldarlıq proqnozları əvvəlki aylardakı dəyişkən şəraitdən sonra daha əlverişli hava şəraitini əsaslanaraq yüksəlib. Dünya buğda istehsalında əsas yer tutna Asiya regionunda da artımlar qeydə alınıb. Xüsusilə də, Pakistanda rekord buğda hasil olunub.

Taxıl tədarükçüləri qiymətlərin sabit qalacağını bəyan edir...

Rusiyada buğda istehsalı əlverişsiz hava şəraiti ilə əlqədar cüzi azalıb. Qazaxıstan və Ukraynada da cüzi azalmlar var. Ancaq digər əsas buğda ixracatçılarının hasilatı artırması qlobal bazardakı tədarükləri artıqlaması ilə təmin edəcək. Nəticədə dünyada taxıl məhsullarının tədarükündə dayanıqlı bazar zənciri formalaşmış olacaq. Bu isə qlobal bazarlarda taxıl və buğdanın qiymətinin artması üçün təsiredici rol oynaya bilməz. Hazırda 1 ton buğdanın dünya bazar ixrac qiyməti təxminən 190-200 dollar arasında dəyişir ki, bu da normal qiymət indeksi kimi səciyyələndirilir.

Hazırda dünyanın ən iri taxıl istehsalçıları qiymətləri artıracağına dair bəyanatlar da verməyib. Amerika qitəsinin əsas ixracatçıları olan ABŞ və Kanada buğda tədarükünün tariflərinin sabit qalacağını bildirir. Avropanın iri ixracatçı ölkələrindən Avstraliya, Macarıstan, Fransa, Rumıniya və digərləri də cari mövsümdə ixrac kvotalarında və ticarət prosedurlarında yeni rejimlərin tətbiqi barədə heç bir  anons verməyib. Kvotaların hazırkı dərəcələri isə qiymətlərin sabit saxlanmasına zəmin yaradır. 

Rusiya və Qazaxıstan Azərbaycana “taxıl dempferi” tətbiq etmir...

Azərbaycanın taxıl və buğda idxal etdiyi əsas strateji partnyorları olan Rusiya və Qazaxıstanda buğda problemi yoxdur, cari mövsümdə məhsuldarlıq da normalara yaxın olub. Rusiya və Qazaxıstan Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşlarıdır və digər region ölkələri ilə müqayisədə Azərbaycana satılan taxılın qiymətlərində hansısa “taxıl dempferi” adlanan ticarət mexanizmi tətbiq etmək niyyətində deyil. “Taxıl demferi” məhsulun əlavə gömrük tarifləri ilə bahalaşmasıdır ki, Rusiya bunu bir çox Avropa ölkələrinə 2021-ci ildən tətbiq edir. Rusiya hökuməti Federal Gömrük Xidmətinə kvota protokollarına uyğun tənzimləmələr aparmaq barədə tapşrıq verib ki, bu da taxılın ixracının məhdudlaşdırılmasını təşviq edən siyasətdir. Həmin mexanizmə əsasən, taxıl və qarğıdalı, buğda məhsullarının dünya qiymətləri əsasında hesablanan “üzən rüsum”u tətbiq edilir. Bu rüsum buğda üçün ixrac rüsumu hər tona görə, 200 dollar, qarğıdalı və arpa üçün isə 185 dollar təşkil edən satış qiyməti deməkdir. Azərbaycana gəldikdə, Rusiya tərəfindən bizə qarşı belə addım atılmamaqdadır.

Ümumilikdə, Rusiya və Qazaxıstanın, eləcə də digər əsas tədarükçü ölkələrin ixrac tarif kvotalarının artırlacağı, yaxud “taxıl dempferi” kimi mexanizmlərin tətbiqi barədə gözləntilər yoxdur.

Azərbaycanın kifayət qədər buğda ehtiyatı var...

Azərbaycanın buğda tədarükü ilə bağlı vəziyyət hazırda normal səviyyəddədir. İlk olaraq yerli taxıl və buğda istehsalı təminatı ötən illə nisbətdə daha yaxşıdır. 2024-cü ildə payızlıq və yazlıq dənli bitkilərin istehsalında artım qeydə alınıb, cari mövcümdə 995,7 min hektar əkin sahəsindən 3 milyon tona yaxın taxıl yığılıb, məhsuldarlıq 30 sentnerə bərabər olub. Məhsulun təxminən 1,7 milyon tonu və yaxud 57,2 faizi buğdadır. Bu isə yerli ərzaqlıq buğdanın təxminən 55-60 faiz tələbatının yerli mənbələr hesabına tədarükünün təminatı deməkdir. Bundan başqa, xarici ölkələrdən idxal olunmuş taxıl hesabına kifayət qədər taxıl ehtiyatları mövcuddur.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. Bütün bu tədbirlərin məqsədi ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində əsas məhsullardan biri olan buğdanın yerli istehsal imkanlarının artırılması və daxili bazarda qiymət sabitliyinin təmin edilməsidir.

Yeri gəlmişkən, Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti bir ton üçün 400 manat müəyyənləşib ki, bu da 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1 faiz azdır. Bu isə çörəkbişirmə müəssisələrinin yerli buğda tədarükünün daha münasib qiymətə təmin etməsinə yaxşı fürsət yaradır. Hazırda Dövlət Ehtiyatları Agentliyi tərəfindən 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükü davamlı şəkildə təmin edilməkdədir ki, bu da payız-qış aylarında taxıl anbarlarında çörəkbişirmə sənayesi üçün böyük həcmdə ehtiyatların formalaşması deməkdir.

Taxıl və çörək strateji ərzaq məhsulu olduğundan bu mövzuda süni ajiotaj yaratmaq qətiyyən yolverilməzdir. Ona görə də, həmin mövzuda fikir söyləyən hər kəs olduqca məsuliyyətli davranmalı, hərtərəfli araşdırma aparmadan, mövcud vəziyyəti dərindən dəyərləndirmədən ümumi fərziyyələrə əsaslanaraq ictimaiyyətdə çaşqınlıq yaratmaqla bir növ sabotajla məşğul olur.

T.CƏFƏROVA

Seçilən
88
yeniazerbaycan.com

1Mənbələr