Rumıniya Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan və Qazaxıstana dəstək verməyə çalışır.
Bunu Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Ana Kristina Tinka deyib.
"Avropa İttifaqı 2023-cü ildə təxminən 42 milyard ABŞ dolları ticarət həcmi və son 20 ildə 180 milyard ABŞ dolları həcmində investisiya ilə Qazaxıstan üçün əsas iqtisadi tərəfdaşdır. Ən yüksək səviyyədə ardıcıl müntəzəm siyasi dialoqla dəstəklənən Avropa İttifaqı-Qazaxıstan Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Avropa İttifaqının "Global Gateway" təşəbbüsü nəqliyyat və logistika, enerji, mühüm xammal, kənd təsərrüfatı, rəqəmsallaşma sahələrində və bir çox başqa sahələr əməkdaşlıq üçün yeni platformalar açıb", - deyə o bildirib.
Dövlət katibi qeyd edib ki, Cənubi Qafqaz regionu, eləcə də Azərbaycan Xəzəryanı ölkə kimi Avropa İttifaqı ilə Qazaxıstanı birləşdirən və onların siyasi və iqtisadi yaxınlaşmasına töhfə verən təbii körpüdür:
"Həm Qazaxıstan, həm də Azərbaycanın enerji sektorunda Avropa İttifaqının əsas tərəfdaşları olması eyni dərəcədə vacibdir. Beləliklə, Avropa İttifaqı, eləcə də Rumıniya Qara dənizdə Avropa İttifaqına üzv dövlət kimi enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş bütün layihələri dəstəkləməyə davam edəcək. Biz təchizat mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində, yeni enerji mənbələrinin davamlı inkişafının təşviqində və yaşıl iqtisadiyyata balanslaşdırılmış keçidin təşviqində xüsusilə maraqlıyıq. Təbii ki, Xəzər və Qara dənizlər vasitəsilə karbohidrogen nəqlinin həcminin artırılması, yeni infrastruktur obyektlərinin tikilməsi və ya mövcud obyektlərin genişləndirilməsi, eləcə də yaşı” enerjinin inkişafı bizim üçün əsas maraq kəsb edən mövzular olaraq qalır".
O qeyd edib ki, qarşıqlı əlaqəyə gəlincə, Rumıniya hesab edir ki, Qazaxıstan, Azərbaycan və Avropa İttifaqının (o cümlədən Rumıniya) siyasətçiləri nəqliyyat və logistika, enerji və rəqəmsal əlaqənin inkişafının vacibliyi ilə bağlı eyni fikirləri bölüşürlər.
“Trend”