AZ

İstehsala və inkişafa...

İnvestisiyaların həcmi artmaqda davam edir

2024-cü ilin yanvar-avqust aylarında ölkədə sərmayə qoyuluşlarında da yüksək artımlar qeydə alınıb. Belə ki, bu dövr ərzində əsas kapitala 11,2 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9 faiz artıb. Sərmayələrin 9 milyard manatını daxili investisiyalar təşkil edib. İnvestisiyanın 5,6 milyard manatı və ya təxminən 50 faizi istehsalı sahələrinə yönəldilib. Bu da iqtisadi sektorlarda əlavə dəyərin artmasında mühüm rol oynamaqdadır.

Xarici investorlardan 1,5 milyard dollar sərmayə...

Hazırda ölkə iqtisadiyyatında investisiya axıcılığı yüksələn xətlə davam edir və aylıq sərmayələrin həcmi 1,3 milyard manatdan çoxdur. Bu dinamika ilin sonunda sərmayə qoyuluşlarının həcminin 16 milyard manatı ötəcəyini deməyə əsas verir. Nəzərə alsaq ki, sərmayə portfelində xərclərin böyük bir hissəsi, təxminən 70 faizi tikinti-quraşdırma işlərinə sərf olunur və 2024-cü ilin dövlət büdcəsində aparılan dürüstləşmələrdən sonra işğaldan azad edilmiş ərazilərə yönələn vəsaitlərin həcmi 2,2 milyard manat artacaq və həmin resurslar əsas etibarilə tikinti-bərpa işlərinə yönələcək, onda ilin sonunda sərmayələrin daha da böyüyəcəyi istisna deyil.

2024-cü ilin ötən 8 ayı ərzində iqtisadiyyata 2,4 milyard manat və ya 1,5 milyard dollar xarici sərmayə yatırlıb.

Ölkəmizdə təmin edilmiş dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi daxili və xarici investisiya fəallığına dərin zəmin yaradır. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Xarici biznes fəaliyyəti üçün daha əlverişli sərmayə iqliminin təmin edilməsi, investisiyaların təşviqi və qorunması, gəlirlərə və əmlaka vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalayan xarici ölkələrin sayının artması investisiyaların ölkə iqtisadiyyatını da stimullaşdırır, xarici investorların sayını artırır. Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə 2024-cü ilin 7 ayı ərzində Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 700-ü xarici investisiyalı şirkətlər olub.

Sərmayələrin yeni istiqaməti - “yaşıl enerji”...

Azərbaycana yatırılan xarici sərmayələrin strukturunda “yaşıl investisiyalar” isə daha ön plana çıxmağa başlayıb. Son 2 ildə “Masdar”, “ACWA Power”, “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”,“Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə imzalanmış müqavilələrə əsasən, “yaşlı enerji” ilə yeni sərmayə layihələrinin əsası qoyulub. Təkcə 2024-cü il may ayının 4-də dünyanın ən nəhəng enerji şirkətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə 3 “yaşıl sazişin” (iki günəş, bir külək elektrik stansiyasının inşası) sərmayə dəyəri 1 milyard dollar təşkil edir ki, bu da ölkəmizdə bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bu investisiya layihələri külək, günəş və “yaşıl hidrogen” layihələrinə yeni sərmayələrin cəlbinin artmasına səbəb olmaqla ilin sonuna qədər qeyri-neft sahələrinə digər sərmayələri də təşviq edəcək.

Dövlət investisiyalarından özəl investisiyalara doğru...

Onu da qeyd edək ki, hökumət investisiya siyasətində dəyişikliklər edərək dövlət investisiyalarının tədricən azaldılması, özəl sərmayələrin, xüsusilə də xarici özəl sərmayələrin artırılması strategiyasını həyata keçirməyi planlaşdırır. Dövlət investisiyaları əsas etibarilə azad ərazilərdən yenidən qurulması və zəruri sosial-iqtisadi infrastrukturların yaradılması üçün əsas mənbə rolunu oynayacaq. Strateji hədəfə uyğiun olaraq, qeyri-neft sektoru üzrə yönəldilmiş investisiyaların həcmi neft sektoru üzrə yönəldilmiş investisiyaların həcmini üstələyəcək. Hazırda özəl bölmənin iqtisadiyyatda payı 90 faiz təşkil edir. Ona görə də, dövlətin investisiya qoyuluşlarında payı azalmağa, özəl bölmənin payı isə artmağa doğru gedir. İnvestisiya qoyuluşlarında yerli və xarici sərmayələrin payının birgə 65-70 faizə çatdırılması strateji məqsədlərdəndir.

Bu məqsədlə yerli və xarici biznesin sərmayə qoyuluşlarında fəallığının artırılması üçün stimullaşdırıcı iqtisadi alətlərdən istifadə olunacaq. Xüsusilə də, xarici şirkətlərin Azərbaycanda fəaliyyətini stimullaşdırmaq və iqtisadiyyata xarici investisiyaların cəlb olunması məqsədilə qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi davam etdiriləcək. İnvestisiyanın təşviqi ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir və xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması hazırkı iqtisadi tədbirlərdə əsas yer tutur. Xarici investisiyaların cəlb edilməsi məqsədilə investorlara dəstək məqsədilə iş icazələrinin alınması və sahibkarlıq subyektlərinin qeydiyyatı, potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulması, məqsədyönlü subsidiyalar yolu ilə layihələrin maliyyələşdirilməsi və digər tədbirlər prioritet hesab olunur. Əcnəbi iş adamları ilə işgüzar əlaqələrinin genişləndirilməsi, xarici biznesin fəaliyyətinin daha da stimullaşdırılmasında yeni qüvvəyə minmiş Rəqabət Məcəlləsi də mühüm rol oynayacaq.

ELBRUS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
yeniazerbaycan.com

1Mənbələr