İlon Maskın X şirkətinin baş qərargahı yerli hakimiyyət orqanları ilə fikir ayrılıqları səbəbindən bu gün San-Fransiskodan ayrılaraq Texasa köçəcək.
Valyuta.az "Fortune"ya istinadən xəbər verir ki, bəzi işçilərə başqa ştata köçməli olduqları, əks halda işdən çıxarılacağı bildirilib.
Avqustun sonunda işçilər ofisin iki həftəyə bağlanacağı barədə xəbərdarlıq alıb. Onlara Texasdakı digər şirkət ofislərinə köçmək imkanı təklif edilib.
İlon Mask iyul ayında San-Fransiskodakı qərargahını bağlamaq və Ostinə köçürmək niyyətində olduğunu açıqlayıb. O, qərarını qubernator tərəfindən "uşaqların gender öz müqəddəratını təyinetmə məsələləri" ilə bağlı qanunun qəbulu ilə izah edib və belə bir siyasətin ailələrin dövlətdən axınına səbəb ola biləcəyini qeyd edib.
2022-ci ildə satın alındıqdan sonra İlon Mask tərəfindən X olaraq adlandırılan "Twitter" sosial şəbəkəsi 2006-cı ildə San-Fransiskoda yaradılıb. 2012-ci ildə şirkət 43 min kvadratmetrdən 65 min kvadratmetrə qədər ərazini icarəyə götürərək şəhərin mərkəzindəki böyük bir art deco binasına köçüb. İyul ayında yerli media şirkətin bəzi binaları üçün subicarəçilər axtardığını bildirmişdi. Artıq X binasında ofislərin subicarəyə verilməsi ilə bağlı elanları daşınmaz əmlak saytlarında tapmaq olar.
Yeni X ofisinin açılışının vaxtı və yeri barədə hələlik heç bir məlumat yoxdur. "SpaceX"in baş qərargahının da Texasa köçürülməsi gözlənilir, burada şirkətin artıq istehsal və tədqiqat obyektləri və "Starbase" buraxılış meydançası var. Məhz orada Körfəz Sahilində Starship kosmik gəmisi sınaqdan keçirilir.
Texas qubernatoru, respublikaçı Qreq Abbott biznesə və onun tam şəkildə ştata köçürülməsinə dəstəyini ifadə edib.
Paşa Məmmədli