Bakı, 13 sentyabr, AZƏRTAC
Müstəqil Azərbaycanın iqtisadi inkişafında və dünya birliyində layiqli yer tutmasında əhəmiyyətli rol oynayan neft hasilatı böyük tarixə malikdir. Bütün dünyada neft səltənəti kimi tanınan Azərbaycanda sənaye üsulu ilə ilk neft quyusu 1847-ci ildə Bibiheybətdə qazılıb. Sübut olunub ki, dənizdə də ilk neft quyusu XVIII əsrdə Abşeron yarımadasında – dənizdən 19 metr aralıda qazılıb. Sonralar Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində həmin neft kəhrizləri suyun altında qalıb.
Azərbaycan dünyada təkcə ilk neft-qaz hasilatçısı kimi deyil, həm də ilk neftayırma müəssisələrinə malik bir ölkə kimi də tanınır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının ilk iri neftayırma zavodları istifadəyə verilir. Hasil və emal olunan neft və neft məhsullarının dünya bazarlarına çıxarılması üçün 1897-ci ildə Bakıdan Batumiyə birbaşa neft kəməri çəkilir.
Bakı neft sənayesinin ətraflı təsviri 1683-cü ildə İrandakı İsveç səfirliyinin katibi E. Kempfer tərəfindən edilib. O, öz yazılarında Abşeronda yerin səthinə-Yanardağda çıxan təbii qazın yerinin mövcudluğunu təsdiq etmişdir. Sənaye əhəmiyyətli neft ilk dəfə 1847-1848-ci illərdə Bibiheybət, sonralar isə Balaxanı yataqlarında mexaniki üsulla qazılan quyulardan hasil edilib və bundan sonra Azərbaycanda neft sənayesinin inkişafı başlanır - “Binəqədi”, “Pirallahı”, “Suraxanı” yataqları açılır.
1847-1920-ci illər Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər mexaniki üsulla qazılan quyulardan hasil edilən neft ilk hasilat dövrü hesab edilir. 1941-ci ildə Azərbaycanda 23,5 milyon ton neft çıxarılıb ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4 faizini təşkil edib. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.
Dünyada ilk dəfə olaraq 1949-cu ilin 7 noyabr tarixində Azərbaycanda açıq dənizdə neftin çıxarılmasına başlanılıb. Sahildən 40 kilometr, Bakıdan isə 90 kilometr aralıda “Neft Daşları” yatağının aşkar edilməsi Azərbaycanı və Xəzəri bütün dünyada məşhur edib. Sonralar Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca “Gürgan-dəniz”, “Pirallahı”, “Çilov adası” kimi yataqlar mənimsənilib.
1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində dənizin 80-350 metr dərinliklərində hazırda adları bütün dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Kəpəz” və hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) neftinin 60 faizdən çoxunu verən “Günəşli” kimi yataqlar aşkar edilib.
Bu gün Azərbaycanın iqtisadi inkişafında SOCAR-ın əhəmiyyətli rolu var. Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması SOCAR kimi iri bir şirkətin yaranması zərurətini meydana çıxarmış və yaradılandan sonra neft və təbii qazın hasilatında, nəqlində, emalında və dünya bazarına çıxarılmasında mühüm funksiyanı yerinə yetirir. SOCAR Azərbaycanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə 1992-ci ildə “Azərineft” Dövlət Konserninin və “Azərnefkimya” İstehsalat Birliyinin bazasında yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncamına əsasən şirkətin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri, Azərbaycan Prezidentinin ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 24 yanvar 2003-cü il tarixli Fərmanına əsasən isə Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri birləşdirilərək “Azneft” İstehsalat Birliyi yaradılıb.
ARDNŞ respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. Hazırda Azərbaycanda neftlə zəngin 57 yataq mövcuddur ki, bunun da 18-i Xəzər dənizinin Azərbaycan sektorunda, qalanı isə qurudadır. Ümumiyyətlə, Xəzər hövzəsi 30 milyard tona yaxın neft, 18–20 trilyon kub metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın karbohidrogen resurslarının 15 faizini təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid bölgəsində isə 3–5 milyard ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur.
Azərbaycan neft hasilatını 2005-ci ildən artırmağa başlayıb. Proqnozlara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə neft hasilatının ən yüksək səviyyəsi 2010-cu ildə olub. Həmin il neft hasilatı 54,9 milyon tona çatdırılib. “Şahdəniz” layihəsi üzrə isə 2010-cu ildə 2,1 milyon ton kondensat hasil olunub. Hazırda SOCAR-da 58 mindən çox əməkdaş çalışır. Şirkət respublikanın neft və neft məhsullarına olan tələbatını ödəmək, daxili tələbdən artıq hissəni isə ixrac etmək imkanına malikdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Neft strategiyası”nı uğurla davam etdirən Prezident İlham Əliyev təbii sərvətlərin dünya miqyasındakı əhəmiyyətini yüksək qiymətləndirərək ölkəmizin iqtisadi inkişafına və dünyada söz sahibinə çevirib.
Bu günə qədər SOCAR dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalayıb. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Qaz Kəməri layihələri çox böyük önəm kəsb edir.
Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi layihələr məhz dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3 faza üzrə həyata keçirilir. “Faza-1” layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin, “Faza-2” layihəsi “Azəri” yatağının qərb və şərq hissələrinin, “Faza-3” layihəsi isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.
“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına tarixə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri kimi daxil olan boru vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu 1770 kilometrə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər 3 min metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb edir.
Bütün maneələrə baxmayaraq, kəmərin tikintisi başa çatdı və 2006-cı ilin may ayının 28-də – Azərbaycanın Respublika günü ərəfəsində kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. İyulun 4-də BTC kəməri ilə Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salındı. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan limanında və İstanbul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. Artıq bütün dünyanın diqqət mərkəzində olan BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş imzalanıb.
4 iyun 1996-cı il tarixində SOCAR və Layihə İştirakçıları olan BP, “Lukoil”, NİCO, “Statoil”, TPAO, Total” şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzaladılar. “Şahdəniz” yatağının təbii qaz ehtiyatı 1 trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir. Bu gün Azərbaycan məhz “Şahdəniz” yatağından hasil olunan təbii qazı Cənub Qaz Dəhlizi ilə Türkiyə üzərindən Avropaya nəql edərək bu qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əvəzolunmaz rol oynayır.