İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana səfər edəcək.
“Qafqazinfo” “Sputnik Ermənistan“a istinadən xəbər verir ki, o bu barədə “X“ sosial şəbəkəsində erməni həmkarı Vaan Kostanyanla söhbətindən sonra məlumat verib.
“Mən indicə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyandan xoş dəvət aldım, bütün qonşularımızla münasibətləri möhkəmləndirmək istəyimizi bildirdim və İrəvana dəvətini məmnuniyyətlə qəbul etdim”, - deyə Taxt-Rəvançi yazıb.
Xatırladaq ki, bu günlərdə İran XİN rəhbərinin digər müavini Məhəmməd Həsən Şeyxolislami beynəlxalq forum çərçivəsində İrəvana səfər edib. O qeyd edib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kontekstində Tehran Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə yönəlmiş danışıqları alqışlayır və sülh sazişinin imzalanması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayır.