AZ

14 sentyabr: "Əsrin müqaviləsi"ndən "Yeni Əsrin müqaviləsi"nə doğru TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanın əsas hədəfi neft gəlirlərini insan kapitalına çevirmək olub və bu məqsədə nail olunub"

14 sentyabr 2017-ci il ölkəmizin həyatında çox əlamətdar və tarixi gün – «Yeni Əsrin müqaviləsi"nin imzalandığı "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövrün başladığı gün. Belə ki, "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə, daha yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin yeni "Əsrin müqaviləsi" adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

"BİZ MÜSTƏQİL SİYASƏT APARAN, HEÇ KİMDƏN ASILI OLMAYAN ÖLKƏYİK"

Azərbaycan 1994-cü ildən iki dəfə sərfəli bir sazişin imzalanmasına nail oldu. Prezident İlham Əliyev Yeni Sazişin imzalanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsində yeni dövr başlayır".

Dövlət başçısı bildirib ki, müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: "Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli və daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. "Əsrin müqaviləsi" imzalanan zaman "AÇG"-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".

Prezident "Əsrin müqaviləsi" imzalanan ərəfəyə də tarixi ekskurs edib: "1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə anarxiya yaşanıb. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayıb. Bununla yanaşı, Ermənistan torpaqlarımızın böyük hissəsini işğal etmişdi. Belə ağır vəziyyətdə xalq Heydər Əliyevi dəvət etdi".

Ölkə başçısı onu da deyib ki, o dövrdə xarici investorları cəlb etmək tarixi nailiyyət idi: "Bu, böyük məharət tələb edirdi. İndi Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir. Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında "Əsrin müqaviləsi"nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə "Əsrin müqaviləsi" yaratdı".

"NEFTİN QİYMƏTİ BİZİ YOLUMUZDAN DÖNDƏRMƏDİ"

Prezident İlham Əliyev çıxışında xatırladıb ki, 2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib. Dövlət başçısı onu qeyd edib ki, "Səngəçal" dünyada ən böyük neft-qaz terminalıdır: "Azərbaycanda neft platformaları tikilir. Bunlar "Əsrin müqaviləsi"nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. "Şahdəniz", "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq".

DAHA BİR ADDIM: YENİ ƏMƏKDAŞLIQ ÜFÜQLƏRİ

Yuxarıda vurğulanan bütün məqamlar, onu təsdiq edir ki, Azərbaycan rəhbərliyi 30 il ərzində enerji layihələrindən əldə edilən gəlirləri, əsas olaraq Azərbaycanın sosial-mədəni, intellektual, mənəvi, iqtisadi və ekoloji inkişafına sərf edib və onların hamısının kökündə "Əsrin müqaviləsi" dayanır! Bu, müasir mərhələdə müstəqil dövlət quruculuğunun ən səmərəli yoludur. Azərbaycan təcrübəsi bunu tam təsdiqləyir. Çox vacib məqamdır ki, ölkə rəhbərliyi həmin istiqamətdə prinsipial əhəmiyyətli yeni bir addım atıb.

Onu da vurğulamaq lazımdır ki, "Yeni Əsrin müqaviləsi" sazişi şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamıdır. Ölkə başçısı yeni sazişin imzalanması mərasimində söylədiyi nitqində bunu xüsusi ifadə edib. Yuxarıda təsvir edilən faktlardan da, görünür ki, 1994-cü il müqaviləsi strateji məzmun kəsb edib. İndi imzalanan müqavilə də, məhz bu prizmadan olduqca vacib hadisədir.

Lakin yeni sazişin imzalanmasından, bir neçə gün əvvəl, bir sıra Avropa ölkələrinin KİV-i və qeyri-hökumət təşkilatları Azərbaycana qarşı çirkin təbliğat kampaniyasına başladılar. O zaman ekspertlər belə qiymət verdilər ki, (o cümlədən, "Newtimes.az" portalının analitik yazılarında bu, ayrıca vurğulanırdı - red.) bu kimi qarayaxma kampaniyası, adətən, Azərbaycanın hansısa əhəmiyyətli addımı ərəfəsində konkret dairələr tərəfindən aparılır. Məsələn, 1994-cü ildə "Əsrin müqaviləsi"nə mane olmaq üçün çox dəhşətli hadisələr törədildi. Dövlət adamlarına qarşı sui-qəsdlər planlaşdırıldı. Hətta o zaman ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevə sui-qəsd etməyə cəhd göstərildi. Sonra "Avroviziya" Mahnı Müsabiqəsi ərəfəsində, Azərbaycana qarşı olduqca çirkin təbliğat kampaniyası aparıldı. Hətta bəzi qonşu ölkələrin jurnalistləri Bakıda etik normalara sığmayan hərəkətlər etdi, ölkəmizə qarşı qərəzli informasiyalar yaydılar.

İndi də eyni ssenari təkrarlanır. Lakin bu dəfə, düşmənlər 1994-cü ildə olduğu kimi, Azərbaycanda sui-qəsdlər və terror aktları təşkil edə bilmirlər. Yəni "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmiz bütün istiqamətlərdə sürətlə inkişaf edib və təhlükəsizliyini tam təmin edə bilir. Bu səbəbdən də, yeni enerji sazişinin imzalanması ərəfəsi müəyyən dairələr, yalnız ideoloji kampaniya aparmağa çalışdılar, onun da qarşısını Prezident İlham Əliyev öz müdrik addımları ilə dərhal aldı. İndi dünyanın hər yerində Azərbaycanda həyata keçirilən islahatlardan danışırlar.

BƏLİ, BU DƏFƏ DƏ DÜŞMƏNİN ARZUSU GÖZÜNDƏ QALDI – “YENİ ƏSRİN MÜQAVİLƏSİ” AZƏRBAYCANIN MARAQLARINI TAM TƏMİN EDİR

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalanıb. Bu Sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Qarşıdakı illərdə AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

Ölkə başçısının imzalama mərasimində ifadə etdiyi bir fikri bu bağlılıqda tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev həmin fikri belə ifadə etmişdi: "Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır".

Qeyd edək ki, ölkə başçısı söylədiyi nitqində həmin fikirləri hərtərəfli və konkret ifadə edib. Hər şeydən öncə, yeni imzalanan kontrakt "Azərbaycan üçün daha da əlverişlidir... bu dəfə daha yaxşı şərtlərlə kontrakt imzalanır".

Göründüyü kimi, həmişə olduğu kimi, Ermənistan və onun havadarları Azərbaycanın atdığı hər uğurlu addımdan təlaşa düşür, Azərbaycanla bağlı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla özlərinə təsəlli verməyə çalışırlar. Ancaq təcrübə göstərir ki, bu kimi hərəkətlər Azərbaycan rəhbərliyini seçdiyi yoldan qətiyyən yayındıra bilmir, bilməyəcək də. Prezident İlham Əliyev təmkinli, uzaqgörən və düşünülmüş siyasəti ilə qarşıya çıxarılan bütün maneələri keçir və ölkəni yeni zirvələrə doğru aparır.

NƏTİCƏ…

Bütün bu deyilənlərin məntiqi nəticəsini ölkə başçısı nitqində çox lakonik və maraqlı ifadə edib. Prezident İlham Əliyev vurğulayıb: "Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur"

Beləliklə, "Yeni Əsrin müqaviləsi" Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. O, faktiki olaraq, dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə edən faktorlar sırasındadır. Bu prosesin geosiyasi aspektdə çox vacib cəhəti ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət quruculuğunu beynəlxalq aləmdə nüfuzunu sürətlə yüksəltməklə inkişaf etdirir. Artıq ölkənin etibarlı tərəfdaş obrazı formalaşıb. Dünyanın nəhəng enerji şirkətlərinin hər biri Bakı ilə əlaqələrin qurulmasına can atır. Bu prosesin əsasını Ulu Öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası qoyub. Hazırda onu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirməkdədir. "Yeni Əsrin müqaviləsi", məhz bu titanik zəhmətin bəhrəsidir. Azərbaycan bundan sonra da sürətlə və qətiyyətlə inkişaf edəcək! Yeni əsrdə yeni zirvələr fəth ediləcək!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
sesqazeti.az

5Mənbələr