“Barselona”nın yeniyetmə ispaniyalı cinah hücumçusu Lamin Yamal bütün karyerasını məzunu olduğu “blauqrana”da keçirmək niyyətindədir.
Arena.az “El Hormiguero” dərgisinə istinadən, yeniyetmə futbolçunun bu barədə fikrini təqdim edir:
“Bu 120 milyonun mənim üçün ödənilməsini istəmirəm, çünki o zaman “Barsa”dan ayrılmalı olacağam. Ümidvaram ki, “Barsa”dan heç vaxt ayrılmayacağam, mən əfsanə olmaq istəyirəm”, deyə Yamal vurğulayıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 4 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. O, Kataloniya klubunda bütövlükdə 55 oyun keçirib, 8 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 16 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.