AZ

"Cənubi Koreya Ermənistana silah tədarükünə Qərbin diktəsi ilə razılıq verib..." - AÇIQLAMA

Sentyabrın 8-də Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə gedib. Bundan əvvəl, sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səfər edərək bir sıra görüşlər keçirib. “Caliber»in məlumatına görə isə, Seulda danışıqlar aparılıb, daha sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunub. Xüsusilə tankların alınması imkanları nəzərdən keçirilib. 

Məlumata görə, Yaponiya da Ermənistana silahlar verən ölkələr siyahısına əlavə oluna bilər. Ermənistan nümayəndə heyəti hazırda həmin ölkədədir. Digər tərəfdən, İrəvanla Seul və Tokio arasında Ermənistana silah tədarükü ilə bağlı danışıqlar təəccüb yaradır. Çünki Azərbaycanın Cənubi Koreya və Yaponiya ilə güclü ikitərəfli əlaqələri var, o cümlədən iqtisadi sahədə...

 

Bəs Cənubi Koreya və Yaponiyanın Ermənistana silah tədarükü nəyə hesablanıb? Bu, ABŞ və ya Qərbin diktəsidirmi? 

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Arzu Nağıyev deyib ki, Ermənistandan bu məsələlərdə vasitəçi kimi istifadə edirlər:

“Bu gün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq mütləq şəkildə bu təşkilatdan tam imtina etməli və ya tərk etməlidir. Bundan sonra hansısa NATO blokuna qoşulmaq, eyni zamanda Alyans dövlətləri ilə silah üçün alver edə bilər. Burada əsas məqam addımların Rusiyaya yönəlməsidir. Digər məsələ, bu, birmənalı şəkildə NATO-nun Cənubi Qafqazda nüfuzlarını daha da genişləndirmək üçün atdığı addımlardır. Təbii ki, buna Rusiya adekvat cavab verməlidir. Çünki onlar bu prosesləri Ukraynada etdilər, tam şəkildə istədiklərinə nail ola bilmədilər, daha sonra Moldovanı vasitəçi kimi istifadə etməyə çalışdılar. Bu gün də Cənubi Qafqazda regional problemləri öz nəzarətlərində saxlamaq üçün bunu edirlər. Gürcüstan və Azərbaycan isə birmənalı şəkildə onların diktəsi ilə problemləri həll etmək istəmir”.

Millət vəkili bildirdi ki, İran da bu məsələdə öz sözünü deməlidir:

“Bu qədər NATO silahları regiona gəlir və İran susur. Azərbaycanın istər enerji, iqtisadi , istərsə də siyasi, hərbi məsələlərdə həm Cənubi Koreya, eyni zamanda Yaponiya, ABŞ və digər NATO-ya daxil olan bir sıra dövlətlərlə ən yüksək səviyyədə münasibətləri var. Bizim müqavilələrimiz, əməkdaşlıqlarımız mövcuddur. Buna baxmayaraq, vasitəçi kimi Ermənistanı seçərək problemin həllinə çalışırlar. Azərbaycan təbii ki, belə gedişatın hamısına hazırdır, dünya da başa düşməlidir ki, öz müstəqil daxili və xarici siyasətini həyata keçirən ölkəmiz artıq bu fəsadlara mütləq şəkildə müsbət cavab vermək imkanındadır. Onlar anlamalıdırlar ki, nə qədər ki regionda bu problemlər yaşanır, bu, heç də gələcəkdə alovlanacaq ocaqları söndürməyə kömək etməyəcək”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan da başa düşür ki, o, öz gücünə nə Yaponiya, nə də Cənubi Koreyadan bu qədər silah almaq iqtidarında deyil:

“Bunun üçün ciddi maliyyə dəstəyi lazımdır. Tənəzzülə uğramış iqtisadiyyatını bərpa etməkdənsə, silah almaq nə dərəcədə düzdür? Bunlar hamısı heç vaxt Azərbaycanın suverenliyini, ərazi bütövlüyü təhlükə altına ala bilməz. Bunun qarşısını almaq üçün bizim də güclü potensialımız var. Düşünürəm ki, nə Cənubi Koreya, nə də Yaponiya birmənalı şəkildə Azərbaycana qarşı öz mövqeyini dəyişən deyil. Bu, sadəcə olaraq Qərbin diktəsi ilə atılan addımlardır”.

REAL Partiyasının icra katibi Natiq Cəfərli isə saytımıza açıqlamasında Azərbaycanın bu məsələlərdə mövqeyini xatırladıb:

“Sülh danışıqları yekunlaşmadan və qalıcı sülh imzalanmadan Ermənistana silah satışı onları revanşist ideyalara kökləyə bilər. Bu nöqteyi-nəzərdən Azərbaycan tərəfinin mövqeyi beynəlxalq hüquqa və məntiqə söykənir. Amma Ermənistana da haradasa danışıqlar aparması ilə bağlı qadağa edə bilmərik. Həmçinin düşünürəm ki, Fransa kimi ölkələr istisna olmaqla, bir çox ölkələr Azərbaycanla münasibətləri Ermənistandan daha üstün tuturlar. Məsələn, Cənubi Koreya, Yaponiyanın enerji məsələləri ilə bağlı Azərbaycanla çox ciddi əlaqəli mövcuddur. Həm də hansısa bir əlaqələr yaransa, müqavilələr bağlansa da, burada kiçik həcmdən söhbət gedə bilər. İri həcmdə silah tədarükünü təmin etmək üçün Ermənistanın heç pulu da yoxdur”.

N.Cəfərli bildirib ki, istənilən halda Azərbaycan bu məsələlərdə beynəlxalq hüquq çərçivəsində doğru mövqe ortaya qoyur:

“Azərbaycan ordusu kifayət qədər güclüdür, dünyanın bir çox aparıcı ölkələri ilə kifayət qədər ciddi müqavilələrimiz var. Yəni Ermənistan gələcəkdə hansısa formada revanşist addımlar atmaq istəsə, bu, onların sonunu gətirə bilər. Bunu rəsmi İrəvan da anlamalıdır”.

 

Seçilən
15
1
gundem.az

2Mənbələr