AZ

Atəşin arxasındakı İran izi - İNCƏLƏMƏ

Ermənistanın Azərbaycanla şərti sərhəddə son zamanlar tez-tez atəşkəsi pozması İranın regionda siyasi gərginliyi artıran bəyanatları ilə müşahidə olunur. Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana səfərindən sonra Zəngəzur dəhlizinin açılması məsələsinin yenidən gündəmə gəlməsi rəsmi Tehranın Moskva və Bakı ilə münasibətlərində qarşılıqlı ittihamlara səbəb olub. Zəngəzur dəhlizinin açılmasından narahatlıq keçirən İran prosesi pozmaq üçün bölgədə sülhə və regional əməkdaşlığa mane olmağa çalışır. Bu baxımdan, İran rejimi Azərbaycan-Ermənistan şərti sərhədində silahlı münaqişlərin bərpasında maraqlıdır. Xüsusilə də Naxçıvan MR və Kəlbəcər rayonu istiqamətlərində, yəni Qərbi və Şərqi Zəngəzurda atəşkəsin mütəmadi pozulmasında İranın əlinin olması ehtimal edilir. Diplomatik müstəvidə gərginlik daha çox Tehran və Moskva arasında müşahidə olunsa da, İran siyasətçilərinin və hakimiyyətə bağlı ekspertlərinin yenə də Azərbaycanı hədəfə alması Ermənistanın icra etdiyi “atəş” əmrini verən tərəfi müəyyənləşdirməyə imkan yaradır.İranın hakimiyyət orqanları tərəfindən səsləndirilən bəyanatlar Tehranın bölgədə kommunikasiyaların açılmasına mane olmaq üçün siyasi və hərbi qarşıdurma yaratmağa hazır olduğunu göstərir. Ermənilərin “Hay dat” şovinist və terror təşkilatının İrandakı nümayəndəliyinin rəhbəri İshak Yunanesyanın açıqlaması bu baxımdan diqqəti cəlb edir. Onun sözlərinə görə, İran parlamentinin Müdafiə komissiyasında Ermənistan və Azərbaycan sərhədində təlimlərin keçirilməsi məsələsinə baxılır. Bu da İranın həmin məsələdə ilkin mövqelərindən geri çəkilmədiyinə işarədir. Göründüyü kimi, Cənubi Qafqazın geosiyasi aktoru olmağa can atan İran rejiminin Rusiya, Türkiyə və Qərblə maraqlar toqquşması baş verir. Hətta İran bu məqsədlə 2022-ci ildə olduğu kimi, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə güc nümayiş etdirməyə hazırlaşır. İranın qeyd edilən mövqeyi Rusiyanın siyasi təzyiqlərindən yayınmağa çalışan və Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan Ermənistanın maraqlarına cavab verir. Ona görə də İranın perspektivdə Ermənistan hakimiyyətinə təzyiqləri artıracağı gözlənilir. Nikol Paşinyan hökuməti Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan və Rusiya ilə anlaşmaya gedərsə, o zaman İran bölgədə eskalasiya yaratmaq üçün Ermənistandakı revanşist müxalifətə və terror qruplarına dəstəyi gücləndirə bilər. Zəngəzur dəhlizinin açılmasına imkan verməmək üçün İranın Azərbaycana və Ermənistana hərbi müdaxilə etməsi barədə səslənən çağırışlar baş verən silahlı təxribatların arxasında rəsmi Tehranın dayandığına işarədir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, İran parlamentinin keçmiş deputatı Mənsur Həqiqətpur “Entexap” saytına verdiyi müsahibədə Naxçıvanı İrana qaytarmağı təklif edib. Guya Naxçıvanın vaxtilə İran ərazisi olmasına işarə edən Həqiqətpurun sərsəm açıqlaması Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsin pozulmasının səbəblərinə aydınlıq gətirir. Eləcə də özünü müstəqil jurnalist adlandıran Mehrdad Mir də İranın Naxçıvanı özünə birləşdirməsinin vacibliyinə dair sosial şəbəkələrdə paylaşım edib. Ancaq bu “strateq”lər öz şovinist bəyanatları ilə İranı nə qədər böyük bir təhlükəyə sürüklədiklərini anlamırlar. Çünki onların Qars müqaviləsindən xəbərinin olmadığını görməmək çətin deyil. İranın Naxçıvana hərbi müdaxiləsi Türkiyə kimi böyük dövlətlə müharibəyə girməsi deməkdir. Eyni zamanda, Naxçıvana hücum Cənubi Azərbaycanda yaşayan 35 milyon Azərbaycan türkünün ayağa qalxmasına səbəb ola bilər. Bütün bunlar isə İranın bir dövlət kimi xəritədən silinməsinə gətirib çıxaracaq. Müşfiq Abdulla"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
dia-az.info

2Mənbələr