AZ

Bu gün hansı addımlar atılırsa, onun hədəfə doğru getməkdə böyük mənası var

Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşadığımızı xüsusi vurğulayan dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,   elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun
Dünənimiz və bugünümüz, onların fonunda yeni dövrün hədəflərinin müəyyənləşdirilməsi cənab İlham Əliyevin «Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var»  fikirlərinin təsdiqidir. Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı. Hansı sahəyə diqqət yetirsək böyük uğurların, zəngin təcrübənin şahidi olduq. Ümummilli Lider hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasını təbliğ və inkişaf etdirdi. Daim bu çağırışı etdi ki, Vətən birdir və hər birimiz bu Vətən üçün çalışmalıyıq. Hər bir addım gələcəyə hesablandı. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk gündən bu çağırışı etdi ki,  çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan  dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcək.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan xalqı xoşbəxt xalqlar sırasındadır. Bu xoşbəxtliyə əsas verən Heydər Əliyev kimi Ümummilli Liderimizin, cənab İlham Əliyev kimi Prezidentimizin olmasıdır. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti də bugünümüzə və gələcəyimizə hesablanmış addımlar sırasındadır. Azərbaycanı yenidən quraraq hərtərəfli inkişaf etdirən Ümummilli Lider 1 oktyabr 2003-cü il tarixli müraciətində bildirdi: «Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində  prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini  İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək  Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev  çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq. «İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır» söyləyən dövlət başçısı İlham Əliyev suverenliyimizin bərpasından sonra  Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında onu da əlavə etdi ki, bu illər ərzində Azərbaycan gücləndi,  dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.»
Elə bir güclü ordu yaratdıq ki, bu gün  istənilən vəzifəni şərəflə yerinə yetirə bilər.  Azərbaycan Ordusu  Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda, ötən il  cəmi 23 saat davam edən antiterror əməliyyatı  gücümüzü göstərdi. Düşmən  yenə də  ağ bayraq qaldıraraq təslim oldu.
Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı.
Adı Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının  memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev  onu da bildirir ki, bu gün burada, Xankəndi şəhərində  olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin  ruhu qarşısında baş əyirik.  Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm dörd  il bundan əvvəl, həm son üç il ərzində, həm də ötən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Bu illər ərzində  Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki,  Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu  bu sənədlərdə öz əksini tapıb. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.
30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib. Heç zaman qan tökülməsini  istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı.
Son dörd il Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Dövlət başçısı İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 iliyində separatçılardan təmizlənən əzəli torpaqlarımıza səfəri və Azərbaycan Bayrağını ucaltması  özündə mühüm mesajları ehtiva etdi. Cənab İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Sərsəng su anbarının ərazisində oldu və Azərbaycan Bayrağını ucaltdı. Reallıq budur ki, cənab İlham Əliyev  Heydər Əliyev siyasətini uğurla davam etdirərək Azərbaycanı zəfərlərə qovuşdurur,  yeni reallıqları yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanır. Qeyd etdiyimiz kimi, Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada  siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu.  Xankəndidən ünvanladığı müraciətində  «Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki,  həmin ölkələr  o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Bu 30 il ərzində heç nə dəyişməyib.  Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. O çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur.
«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» bildirən  Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı edir ki,  Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə  onsuz da hazır olmalıyıq.  Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir.
Göründüyü kimi, Azərbaycanın atdığı addımlar konkret məqsədə xidmət edir. Növbəti hədəfimiz tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdışdır. Bunun üçün zəruri olan addımlar atılır. Qayıdış Konsepsiyası uğurla icra edilir. Gün gələcək bu hədəfimiz də reallığa çevriləcək. Dövlət başçısı İlham Əliyevin xalqa müraciətlərinin hər biri müjdələrlə zəngindir. Tarixi Zəfərimizə qədər, eyni zamanda, postmünaqişə dövründə görülən işlərin, əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi dövlət başçısı İlham Əliyevin bu fikirləridir.    «Bizim ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. İndi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur, Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır» söyləyən cənab İlham Əliyev bildirir ki, hər bir addımımızın məntiqi mənası var idi. Hər bir, istər Laçın-Xankəndi yolu ilə, istər antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar atılan  addım əvvəlki addımın məntiqi davamı idi. Ola bilər o vaxt bəziləri obyektiv səbəblərə görə bunu tam dərk edə bilmirdi. Ancaq bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ, avantüra xarakteri daşımırdı və mənasız deyildi.
Qalib Azərbaycan bu gün yeni dövrün yeni hədəflərinə doğru inamla addımlayır. Əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin tam bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Tezliklə sakinlərinə qovuşan  Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərinin sırasına Xankəndi, Cəbrayıl da daxil olacaq. İlin sonunadək bu sıraya Kələbəcər şəhəri də daxil olacaq. Bu, Azərbaycanın öz tarixi torpaqlarına sahib olmasının sevinci, xalqımızın yaradıcı xalq olduğunun, eyni zamanda, iqtisadi imkanlarımızın təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında daim vurğulandığı kimi, atılan addımların əsasında Azərbaycanın uğurlu gələcəyi dayanır.
Yeganə Əliyeva, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
arantv.az

2Mənbələr