AZ

Məktəblərdə “fond pulu” yığıla bilərmi – rəy

Ekspert: “Dövlət məktəblərində şagirdlərdən təmir üçün pul yığılması qanunvericiliyə ziddir, bunu edənlər…” 
Tədris ili hələ başlamayıb, amma valideyn qruplarında artıq “pul yığımı”na start verilib. Hər il olduğu kimi, bu il də “fond pulu” adı ilə müxtəlif yuyucu vasitələrin, kağız üçün, printer üçün, otaqların təmiri üçün, sınan, xarab olan avadanlıqların təmiri və sairə üçün valideynlərdən pul yığılmasına başlanılır. Eləcə də, otaqların təmizliyi və mühafizə üçün də valideynlərdən müəyyən məbləğ toplanır. Biçarə valideynlər bilmirlər dərs ili üçün məktəb ləvazimatları alsınlar, yoxsa məktəbdən gələn sifarişləri yerinə yetirsinlər.  Bəs dövlət məktəblərində şagirdlərdən hansısa formada  təmir üçün və ya ümumiyyətlə hər hansısa bir məqsəd üçün pul yığıla bilərmi?
“Yeni Müsavat” xəbər verir ki, bu məsələ son günlər valideynlər arasında müzakirələr səbəb olub. Bizimlə söhbətdə təhsil eksperti Kamran Əsədov deyib ki, dövlət orta ümumtəhsil məktəblərində cari və ya əsaslı təmir işləri üçün şagirdlərdən pul yığılması qanunvericiliyə ziddir:  

Kamran Əsədov 
“Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə görə, dövlət məktəblərində təhsil pulsuzdur və dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən (Maddə 42), hər bir vətəndaşın pulsuz orta təhsil almaq hüququ var.  Eyni zamanda, ”Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (Maddə 13) görə, dövlət təhsil müəssisələrində təhsil alan şagirdlərdən təhsil haqqı və ya digər ödənişlər tələb edilə bilməz.
Məktəbin təmiri və digər texniki təminat məsələləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilməli və maliyyələşdirilməlidir. 
Elm və Təhsil Nazirliyi və digər dövlət qurumları məktəbin təmirinə dair ehtiyacları müəyyən edir və bu işlər üçün dövlət büdcəsindən vəsait ayrılır. Bu səbəbdən, şagirdlərdən və onların valideynlərindən bu məqsədlə pul yığılması qanunsuzdur”.
Ekspert dünya təcrübəsindən də misal göstərib: “Bir çox ölkələrdə dövlət məktəblərində təhsil pulsuzdur və məktəbin maliyyə xərcləri dövlət büdcəsindən qarşılanır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində, ABŞ-da və Kanadada dövlət məktəblərində təhsil tamamilə pulsuzdur, və məktəbin təmiri, texniki avadanlıqların təminatı və digər xərclər dövlət tərəfindən qarşılanır. Bununla belə, bəzi ölkələrdə valideyn komitələri müəyyən könüllü ianələr toplaya bilərlər, lakin bu, məcburi deyil və valideynlərin razılığına əsaslanır. Azərbaycanda isə belə bir rəsmi fondlar məktəblərdə yoxdur. Nə kağız pulu, nə printer pulu, zibil pulu, fond pulu, təmir pulu yığıla bilməz.
Yekun olaraq, dövlət məktəblərində təmir və ya digər məqsədlər üçün şagirdlərdən pul yığılması qanuna ziddir və belə hallar aşkar edildiyi təqdirdə hüquqi məsuliyyətə səbəb ola bilər”.
Qeyd edək ki, 2024-cü ilin ilk rübündə təhsil sahəsinə 12 milyon 322,4 min manat vəsait ayrılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 31,1 min manat və ya 3,7 dəfə çoxdur. Bu sahəyə ayrılan vəsaitlər ümumi yatırımların 0,3%-ni təşkil edib. 2023-cü ilin yanvar-mart ayları üzrə ayrılan vəsaitlərin həcmi 3 milyon 291,3 min manat təşkil edib.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
16
arantv.az

10Mənbələr