AZ

İvanişvili “Suxumi fatehi” ola biləcəkmi?

Sovet hökuməti “canüstə” olanda  indi ərazilərində  müharibə gedən Donetsk vilayətinə, ona yaxın Xarkova, Dneprpetrovskə Gürcüstanın işğalda olan separatçı bölgəsindən- Suxumidən getmişdik.
Qafqazda etnik münaqişələr başlayanda Gürcüstanın bəxti bizdən də qara oldu.  İki muxtar respublikada-Cənubi Osetiya və Abxaziyada başlayan etnik münaqişə nəticəsində Tiflis hər iki ərazisinə nəzarəti tam itirdi. Separatizmin(muxtar vilayətlərin yaranması) açıq başlanma tarixi də, münaqişənin qızışması da, qanlı savaşların nəticəsi də aşağı-yuxarı Azərbaycandakı kimi olub.  Gürcüstanda milli zəmində yaranan qarşıdurma əlbəttə ki, daha qəliz idi, biz yalnız ermənilərlə üz-üzə olsaq da,  hakimiyyətdaxili silahlı münaqişələrin olduğu Tiflisin  separatizmlə iki cəbhədə mübarizəsi, üstəlik qalib gəlməsi mümkünsüz görünürdü. Şevardnadzenin hakimiyyəti gəlməsindən sonra Şimali Osetiyada münaqişənin silahlı mərhələsi 1992-ci ilin iyunuda Soçidə atəşkəs razılaşması ilə sonlandı. Ara-sıra alovlanan konflikt bir daha fəal müharibəyə keçmədi, 2004-cü ili avqustunda yenə də analoji atəşkəs sazişi imzalandı. 2008-ci ilin avqustunda 5 günlük Rusiya-Gürcüstan müharibəsinin nəticəsi olaraq Moskva Abxaziya ilə bərabər Şimali Osetiyanın da “müstəqilliyini” tanıdı.

Son aylar Gücüstanda oktyabrın sonunda  keçiriləcək parlament seçkilərinə, ərazisilərini  bərpa etmək mövzusuna Azərbaycan mediasının da xüsusi diqqət başadüşüləndir.  Gürcüstan bizim yaxın qonşumuzdur, çox sayda soydaşlarımız orada yaşayır,  həm də ciddi investiya yatırdığımız ölkədir.  Amma əsas diqqət  Abxaziya və Şimali Osetiyaya nəzarəti necə qaytaracağınadır.
Bu barədə çoxsaylı iddialar var. Seçkilər  yaxınlaşdıqca isə bu mövzuda spekulyasiyalar da artıb, xüsusilə qərbyönümlü müxalifət və Qərb mediası bu məsələni  “Rusiya ilə gizli sövdələşmələr aparan” hakim “Gürcü arzusu”nun əleyhinə yönəltməyə çalışırlar. Qərb mediasının dəstək verdiyi bu anti-təbliğatın hədəfləri çoxdur, amma ərazilərlə  bağlı məsələ xüsusi önəmlidir. Bu spekulyasiyaların əsas mahiyyəti budur ki,  “Gürcü arzusu”nun yaradıcısı və ideoloqu Bidzina İvanişvilinin ABŞ və Avropa İttifaqı ilə açıq qarşıdurmaya getməkdə iki məqsəd var- İsveçrə bankında hansısa məhkəmə qərarları səbəbindən  “ilişmiş” 2 milyard dollar şəxsi vəsaitini geri qaytarmaq və separatçı bölgələrin reinteqrasiyası. Reinteqrasiya Gürcüstandan bizə keçən termindir,  Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra separatizmin kökünü birdəfəlik kəsmək üçün Qarabağdakı ermənilərlə bu istiqamətdə danışıqlar apardı, amma heç bir nəticə vermədi. Gürcüstandakı separatçı bölgələrlə bağlı reinteqrasiya isə daha qəlizdir, amma belə görünür ki, nəticə əldə etmək mümkündür.

Qərb vaxtilə bizə  Qarabağın itirilməsi ilə barışmaq kimi qəbuledilməz təkliflərini çoxdandır ki, Gürcüstanda da “sınaqdan keçirir”, Tiflisin Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə barışmağa çalışır,  əvəzində isə Avropa İttifaqı və NATO-ya üzvlük təklif edirdi.  Rusiya tutaq ki, Abxaziyanın geri qaytarılması və təhlükəsizlik zəmanətləri təklif edirsə, o zaman Tiflis niyə ərazilərini seçməsin? Gürcüstan dini dəyərlərə bağlı ölkədir, amma Qərb ona LGBT-ni legimtiləşdirmək kimi antixristian qanun soxuşdurmaq istəyir, bu ölkədə yenidən möhkəmlənmək müxtəlif planlar qürur, sözəbaxmaz “Gürcü arzu”na sanksiyalar tətbiq edir və ölkənin ərazi bütövlüyü haqda heç düşünmür də…
İndi də ittihamlar o istiqamətə yönəlib ki, guya Bidzina İvanişvili partiyasının hakimiyyətdə qalmasına zəmanət verilməsi qarşılığında Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq,  bu məqsədlə də Gürcüstan  Konstitusiyasını dəyişmək istəyir. Əvvəla, heç bir ağlı başında olan siyasi qüvvə  ərazindəki separatçı bölgənin “müstəqiliyini” tanımaqla hakimiyyətdə qalmağın mümkün olmadığının fərqində olmayacaq qədər korazehin deyil. İvanişvili bu yaxınlarda belə bir fikir işlədib ki, “regionda vəziyyət dinamik şəkildə dəyişir  və  istənilən vaxt Gürcüstanın ərazi bütövlüyünün bərpası gündəmdə ola bilər”.  Gürcüstan müxalifəti  İvanişvilinin Abxaziya və Cənubi Osetiya ilə konfederasiya sazişi imzalamağa hazır olduğun iddia edirlər. Bunun üçün isə konstitusiya dəyişdirməli,  Gürcüstan federal dövlət quruluşunu  seçməlidir. Gürcüstan təkcə bunun üçün deyil, bir çox məsələlərə görə məsələn, pravoslavlığı dövlət dini elan etmək üçün ana qanunu dəyişmək istəyir. Kilsə və xüsusilə 47 ildir patriarx olan İkinci İlya zatən Gürcüstanda  avtoritet sayılır, indi isə dinin dövlətə təsir imkanlarını artırmaq istəyi var.  Bunlar Gürcüstanın daxili işidir, kənar müdaxilələr olmasa,  gürcü cəmiyyəti dövlət quruluşu da daxil öz gələcək seçimlərini edə biləcək qədər yetkindir. Bu baxımda Gürcüstandakı oktyabr seçkiləri  bir çox suallara aydınlıq gətirəcək, o cümlədən ərazi bütövlüyü kimi ciddi problemə gələcək baxışı da. Gürcüstanın qərbpərəst qüvvələri bizim müxalifətə çox bənzəyirlər, daha çox tənqid edirlər, kimlərəsə “satqın” damğası vururlar, özlərini hamıdan ağıllı  və vətənpərvər sayırlar.

Rusiya kəşfiyyatının Qərbin Gürcüstanda “oktyabr inqilabı” hazırladığı haqda son xəbərdarlıqlarını qərəzli və tərəfli də hesab etmək olar. Əsas gürcü xalqının seçimidir. Biz işğalı yaşamış xalq olaraq, Gürcüstanın mümkün şərtlər daxilində ərazi bülövlüyünün bərpasına tərəfik. İvanişvilinin  “Suximi fatehi” olub-olmayacağına da xalq qərar verməlidir…
 
Nazim SABİROĞLU
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
arantv.az

2Mənbələr