Türkiyədə yaşayan azərbaycanlı iş adamı Elşən Rəsulov Azərbaycan idmanına və futboluna yaxın şəxs olsa da, əksəriyyət onu tanımır.
Qarabağ müharibəsində Azərbaycan Ordusuna gərəkən dəstəyi verən, ölkəmizdə meydançaların salınmasında yaxından iştirak edən bu şəxs həm də “Difai” Futbol Klubunun İdarə Heyətinin üzvüdür.
Elşən bəylə müsahibəyə zərurət də elə buradan yarandı. Səbəbkarla söhbətdə bir çox maraqlı mövzulara toxunaraq səmimi cavablar eşitdik.
- Şəxsinizi yaxından tanımaq və tanıtmaq istərdik.
- Əslən Şamaxıdan olsam da, Şirvan şəhərində doğulmuşam. Bakıda böyümüşəm, Bakı Özəl Türk Litseyinin məzunu olmuşam. 2007-cü ildə İstanbul Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm, daha sonra Belçikada Gent Universitetində magistratura təhsili almışam. Bir müddət Avstriyada işləyəndən sonra 2010-cu ildə Türkiyəyə qayıtdım. O vaxtdan bu yana burada iş adamı olaraq çalışıram.
- Futbola marağınız nə vaxt və haradan yaranıb?
- Belçikada magistratura təhsili alanda dünyanın ən böyük xalça istehsalçısı olan şirkətlərindən birində işə başlamışdım. Onlar həm də futbol meydançaları üçün süni ot örtükləri satırdılar. İşə başlayanda şirkətin postsovet ölkələri üzrə təmsilçilik vəzifəsi mənə tapşırılmışdı. Orada çalışdığım dönəmdə Avstriyada təşkil olunan tədbirlərin birində Türkiyədə fəaliyyət göstərən “Reform Sports” şirkətinin rəsmiləri ilə tanış olduq və bizə iş təklif etdilər. Avropada yaşamaq asan deyil, xüsusən o dönəmdə çox çətin idi. Türkiyədə işləmək və yaşamaq mənə daha doğma gəldiyindən, bura qayıtmalı oldum.
- Yenə idman sahəsində?
- Bəli-bəli. Fəlaiyyətimə futbol meydançaları, tennis kortları, qaçış zolaqlarının istehsalatı ilə məşğul olan şirkətdə davam etdim. Bəzən mal tədarükü ilə bağlı problem yaşanırdı. Xüsusən tennis kortları ilə bağlı sıxıntı var idi. Dedim ki, mən həll edə bilərəm, sadəcə, istehsal üçün zamana ehtiyacım var. Sağ olsun o vaxtkı rəhbərim, dedi, investisiyanı mən verirəm, sən işə başla. İşə başladıq və şükürlər olsun, bu yerlərə gəlib çatdıq.
- Bu müddətdə AFFA, yaxud Azərbaycan klubları ilə əməkdaşlığınız olub?
- Tovuz və Şamaxı şəhərlərində inşa olunan süni örtüklü meydançaları biz təhvil vermişik. Biz materialı göndərmişik, montaj işini AFFA-nın uyğun bildiyi şirkət yerinə yetirib.
- “Difai” ilə tanışlığınız hansı vaxta, hansı məkana söykənir?
- Qələbəmizlə nəticələnən 44 günlük müharibə dönəmində həm iş adamları, həm də şəxsim olaraq dövlətə dəstək verməyə çalışdıq. Xəbər saytları bu barədə məlumatlar verdi, müəyyən mükafatlara layiq görüldük, sağ olsunlar. Gəncəyə raket atılan dönəmdə cənab səfir bizimlə əlaqə saxlayıb tibbi preparatların göndərilməsində təcili köməyə ehtiyac duyulduğunu bildirdi. Əslində, bəzi şirkətlər buna risk etmirdi.
- Niyə?
- Adlarının müharibəyə dəstək verən şirkətlərin sırasına salınacağından və ABŞ-ın və Avropanın “qara siyahı”ya düşəcəklərindən ehtiyatlanırdılar. Buna baxmayaraq, iş adamları olaraq bir araya gəlib tibbi preparatların Azərbaycana göndərilməsinə nail olduq. Daşınma ilə bağlı çox böyük çətinliklərlə üzləşməyimizə baxmayaraq, yekunda bir yol taparaq istəyimizə çatdıq. Müharibə başa çatandan sonra adımız Azərbaycana dəstək verən iş adamlarının siyahısına salındı və bir çox problemlərin həllində yaxından iştirak etdik.
(davamı olacaq)
HƏBİB / SPORTİNFO.AZ