Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev saytlardan birinə açıqlamasında deyib ki, Rövşən Nəcəfi aldadırlar.
Ad çəkməyib, sadəcə eyham vurub ki, həmin adamlar bir vaxtlar Rövnəq Abdullayevi də aldadıb milli komandaya əcnəbi məşqçilər gətiriblər.
Təəssüf ki, Azərbaycan futbolunda həmişə futbolun özündən çox siyasət olub. Bu sahəyə rəhbərlik edən adamları futbolun inkişafından çox öz kresloları, öz maraqları düşündürüb. Futbolu siyasətə, taxt oyunlarına çeviriblər. Ona görə də, kabinet oyunlarında udub-uduzanlardan asılı olmayaraq, futbolumuz həmişə uduzan tərəf olub.
İndi də yuxarı-aşağı eyni durumdur. Ramin Musayev deyir ki, Rövşən Nəcəfi aldadırlar. Hər şeydən əvvəl Rövşən Nəcəf özü-özünü aldadır. Çünki özünü inandırıb ki, futbolu yaxşı bilir, təkbaşına hər şeyi edə biləcək. "Neftçi"nin başına gətirdikləri ona dərs olmayıb. İndi də AFFA-nın başına iş açmaqla məşğuldur.
Amma bir məsələdə Rövşən Nəcəfin məharətini də demək lazımdır. Futbol idarəetməsində təcrübəsi olmasa da, hadisələrin gedişatını tuta bilən adamdır. Onu İcraiyyə Komitəsinin üzvlərini görməzdən gələrək qərarlar verməkdə, heç kəslə hesablaşmamaqda ittiham etsələr də, Rövşən Nəcəfin belə davranışları səbəbsiz deyil.
Rövşən Nəcəf başa düşüb ki, onu AFFA prezidenti təyin eləyib, federasiyanı başqa adamlar idarə etmək istəyirdi. Artıq vəzifələri də öz aralarında bölüşdürmüşdülər. İcraçı vitse-prezident də bilinirdi, baş katib də. Ad Rövşən Nəcəfin olacaqdı, amma AFFA-nı başqaları idarə edəcəkdi. Rövşən Nəcəfin xarakter göstərib hamını yerinə qoyması planları dəyişdi. Həmin adamlar da hər şey əldən çıxmasın deyə, doluşdular İcraiyyə Komitəsinə.
Rövşən Nəcəf də buralara elə-belə gəlib çıxmayıb. Özünə görə kabinet oyunları da görüb, belə başa düşülür ki, siyasəti də var. Amma o, AFFA-da təkdir. Belə görünür ki, heç kimə də güvənmir. Ən böyük bəla isə odur ki, heç kimi də yaxın buraxmır. Elə fikirləşir ki, o birisilər hamını ələ alıblar...
Yenə çətin vəziyyətdəyik. Futbolumuz yerində dayanıb. Nəinki addımlamır, heç iməkləmir də... Rövşən Nəcəf bir tərəfdən vəzifəbaz qruplaşmanı AFFA-nın idarəetməsindən uzaq tutmaq barədə düşünür, o biri tərəfdən heç özü də bilmir futbolu necə inkişaf etdirsin. Xülasə, uduzan yenə futbolmuzdur (sportal.az).