AZ

AzMİU yeni tələbələri ilə birgə 50-ci tədris ilinə qədəm qoydu - FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni tədris ilinin başlanması və “Bilik Günü”nə həsr olunan tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, yüksəkixtisaslı kadrların bilik yolunda ilk addımını atdığı bu əlamətdar gündə ilk olaraq müasir müstəqil Azərbaycanın banisi, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. 

Açılış mərasimində akademik və inzibati heyət, valideynlər, tələbələr qarşısında çıxış edən universitetin rektoru professor Gülçöhrə Məmmədova onları salamlayıb. Rektorluq adından yeni tədris ilinin ilk dərs günü münasibətilə AzMİU-nun tələbəsi adını qazanan gəncləri və onların valideynlərini ürəkdən təbrik edib. 

Rektor təhsil həyatında biliyin önəminə diqqət çəkib. Bugünün əbəs yerə bilik günü adlandırılmadığını, hər kəs tərəfindən bayram kimi qeyd edildiyini deyib. Ölkəmizdə bilik iqtisadiyyatının qurulduğunu vurğulayan professor Gülçöhrə Məmmədova akademik heyəti və tələbələri daha əzmlə çalışmağa səsləyib: “Bu gün biliklərə əsaslanan yeni texnologiyalara sahib ölkələr sürətlə öncül mövqelərə daşınır. İntellektual səviyyəsi yüksək ölkələr yaratdığı yeni texnologiyalarla sənaye, iqtisadiyyat və digər sahələri inkişaf etdirərək qabaqcıl ölkələr siyahısında qərarlaşır. Prezident İlham Əliyev tərəfindən aparılan siyasət də məhz bu istiqamətə yönəlib. Biz daha çox çalışmaqla, ölkəmizi dünyaya tanıtmalı, demokratik və nüfuzlu ölkələrdən birinə çevirməliyik. Əlbəttə ki, bu işlər dünən də, bu gün də yerinə yetirilib. Şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Siz tələbələr, gənc nəsil ölkə başçısı tərəfindən yürüdülən bu strateji siyasətin sabahkı icraçıları olacaq, ideyaları həyata keçirəcəksiniz. 

Rektor çıxışında 2024/2025-ci tədris ilində AzMİU-nun qəbul planı və tələbə sayını da açıqlayıb: “AzMİU bu il qəbul planını 94% yerinə yetirib. Universitetə 2301 nəfər abituriyent qəbul olub, onlardan 1216 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq. Magistratura səviyyəsinə qəbul olan tələbə sayı isə 952-dir. Beləliklə, ümumilikdə 3200 nəfərdən çox gənc AzMİU-da təhsil almaq şansı qazanıb. Ötən ilə nisbətən bu il onlar arasında 500-600 bal yığan gənclərin sayı daha da artıb. Bu, universitet olaraq bizim doğru istiqamətdə olduğumuzun göstəricisidir, eyni zamanda bizim üçün əlavə motivasiyadır”. 

Qeyd olunan nəticənin universitetimizin tarixinə yazılan böyük nailiyyət kimi dəyərləndirən rektor Gülçöhrə Məmmədova akademik heyət üzərinə də böyük məsuliyyətin düşdüyünü söyləyib. Ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladaraq, dünya əhəmiyyətli bu hadisənin universitetdə hazırlanan ixtisaslar üçün də önəmli olduğunu qeyd edib: “İqlim dəyişikliyinin təbiətə, iqtisadiyyata gətirdiyi dəyişikliklər bizim hazırladığımız ixtisaslara bilavasitə təsir göstərir. Bu ixtisaslarda çalışan mütəxəssislər iqlim dəyişmələrinə uyğunlaşaraq, öz işlərində itki və zərərləri aradan qaldırmağa səy göstərirlər. Memarlar, inşaatçılar, mühəndislər və başqaları iqlim problemləri ilə bilavasitə  bağlıdırlar. Bu çağırışlara ölkəmizin necə cavab verəcəyi siz, gənclərin gələcək mütəxəssis kimi fəaliyyətindən asılı olacaq”. 

Professor Gülçöhrə Məmmədova universitetin tarixinə diqqət çəkərək yeni tədris ilini AzMİU-nun həyatında əlamətdar tarix adlandırıb. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan universitetimizin yaxın zamanlarda 50 illik yubileyi qeyd olunacaq. Rektor AzMİU-nun keçən 50 ildə dövlətçilik prinsiplərinə sadiq qaldığını, ölkəmizin ali təhsil sisteminin güclənməsinə, ixtisaslı mühəndis kadrların sayının artmasına, memarlıq, inşaat, kommunikasiya sistemləri və bu kimi önəmli sahələrin inkişafına xidmət etdiyini vurğulayıb. 

Daha bir əhəmiyyətli tarixə diqqət çəkən rektor Qarabağda fəaliyyətə başlayan universitet və məktəblərdən də danışıb. Tarixi qələbəmizin gətirdiyi bu qürurlu günün sevincini tədbir iştirakçıları ilə bölüşüb. İşğaldan azad edilmiş ərazilərimizdə daim üçrəngli bayrağımızın qürurla dalğalandırılmasını arzulayıb, yeni akademik ilin ölkəmizə və AzMİU-ya uğur gətirməsini diləyib. 

Tədbirin xüsusi qonağı işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işlərində yaxından iştirak edən Türkiyənin "ProYapı" şirkətinin icraçı direktoru Akif Aygen çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib. AzMİU-nu inşaat və memarlıq istiqamətində yüksəkixtisaslı mütəxəssis hazırlayan qabaqcıl universitet kimi qiymətləndirib. Universitetin artan dinamika ilə inkişafını beynəlxalq təcrübələri, innovativ elmi yenilikləri uğurla tətbiq etməsi ilə əlaqələndirib. Çıxışın sonunda tələbələrə akademik biliklərlə yanaşı şəxsi inkişafları üzərində daima çalışmağa, yeniliklərə açıq olmağa çağırıb.   

631 balla Memarlıq fakültəsinə qəbul olan Əminət Şabanova  və AzMİU ilə İTU arasında ikili diplom proqramının məzunu, hazırda isə universitetin magistratura səviyyəsinə qəbul olan tələbəsi Asiman Əlizadə öz sevincini tədbir iştirakçıları ilə bölüşüblər. Universiteti seçmə səbəbləri arasında AzMİU-nun beynəlxalq reytinqlərdəki mövqeyi, ixtisaslarının uğurla akkreditasiyadan keçməsi, qabaqcıl dünya universitetləri ilə birgə həyata keçirdiyi ikili diplom proqramları, akademik heyətin nüfuzlu alim və müəllimlərdən təşkil edilməsi kimi vacib məqamları qeyd ediblər.

Qeyd edək ki, bu il universitetimizi seçənlər arasında şəhid övladları da yer alıb. Şəhid mayor Rüfət Əsgərovun oğlu Xansuvar Əsgərli bakalavr, şəhid baş leytenant Valeh Babayevin oğlu Səid Babayev magistratura səviyyəsinə qəbul olublar. 

Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə universitet rəhbərliyi tərəfindən tələbə biletləri təqdim olunub.

Seçilən
164
50
unikal.az

10Mənbələr