44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın düşməndən azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Əfqan Ağasəf oğlu Abdurahmanovdur.
Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Əfqan Abdurahmanov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Dağlıq Qarabağın düşmən tərəfindən işğal edilməsi ilə heç cür barışa bilməyən Əfqan hərbçi olmaq və gələcəkdə işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak etməyi qarşısına məqsəd qoyur. Əfqan tərəddüd etmədən bu məqsədinin arxasınca gedirdi. 1997-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. İmtahanları uğurla verən Əfqan Abdurahmanov hərbi təhsil aldığı dövrdə nizam-intizamı ilə seçilib.
2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun olan Ə.Abdurahmanov bir il müddətində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təcrübədə olub. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir zabit kimi peşakarlıq səviyyəsini daha da yüksəldən Əfqan müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələnib. 2002-ci ilin iyulunda Əfqan Abdurahmanov Gəncə şəhəri “N” saylı hərbi hissədə xidmətə başlayıb.
Hərbi xidmətdə olduğu müddətdə Türkiyə, Çexiya və Çində Müdafiə Nazirliyinin sərəncamları ilə müxtəlif kurslara, hərbi təlimlərə qatılıb.
Aprel döyüşləri zamanı Əfqan Goranboy rayonunun Baranbat meşəsi adlanan ərazidə xidmət edib. Aprel döyüşlərində ön cəbhədə olanlardan biri də Əfqan Abdurahmanov idi. Belə ki, Azərbaycan hərb tarixinin qızıl səhifəsi olan Aprel döyüşlərində zabit Əfqan Abdurahmanovun rəhbərlik etdiyi hərbçilərimizin də böyük töhfəsi olub. Bu döyüşlər Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Həmin döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnir. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madagiz kəndi istiqamətindəki yollar düşməndən azad olunur.
44 günlük vətən müharibəsi zamanı da Əfqan Abdurahmanovun komandirliyi ilə hərbçilərimiz qəhrəmanlıq göstərir. Murovdağ zirvələrindən birinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə də Əfqan Abdurahmanov xüsusi qəhrəmanlıq göstərib. Nəticədə Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nöqtələri nəzarətə götürüldü. Əldə edilən hərbi üstünlük antiterror əməliyyatınadək Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verib.
Əfqan Abdurahmanov Vətənə xidmət etdiyi dövrdə hərbi nailiyyətləri və üstün şəxsi keyfiyyətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı (2001), “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı (2008), “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı (2010), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı (2013), “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı (2015), “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı (2016), “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı (2018), “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı (2020) ilə təltif edilib.
Əfqan Abdurahmanov 2020-ci il oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.
Qəhrəman şəhid Əfqan Abdurahmanov Vətən müharibəsindəki misilsiz xidmətlərinə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” medalı, “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.