AZ

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə yekun vurub YENİLƏNİB VİDEO

Mərkəzi

Bakı, 16 sentyabr, AZƏRTAC

Məzahir Pənahovun sədrliyi ilə sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb. Yerli və beynəlxalq media mənsublarının, habelə digər maraqlı subyektlərin bilavasitə iştirakı ilə müzakirə edilən məsələlər və qəbul olunan qərarlar mediada geniş və operativ şəkildə işıqlandırılıb.

Komissiyanın iclasında öncə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi istiqamətində gerçəkləşdirilən genişmiqyaslı layihələr və atılan məqsədyönlü addımlardan danışılıb. Qeyd olunub ki, Milli Məclisə seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməklə respublikamızın ictimai-siyasi həyatında əlamətdar bir tarixi hadisəyə çevrilib. Seçkilərə rəsmən start verildiyi gündən başlayaraq MSK və qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik aidiyyəti qurumlar tərəfindən Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunub, nəzərdə tutulan bütün tədbirlər Komissiyanın hazırlayıb təsdiq etdiyi Təqvim planı əsasında ardıcıl, sistemli və keyfiyyətlə reallaşdırılıb.

Seçkilərdə mühüm prioritet məsələlərdən biri olan seçici siyahılarının dəqiqləşdirilməsinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə uğurla həyata keçirilməsi, bu işdə media qurumları və sosial media platformalarının imkanlarından da geniş istifadə olunmaqla, müxtəlif vasitələrlə əhatəli fəaliyyət göstərilməsi təqdirlə vurğulanıb. Bildirilib ki, adların seçici siyahılarında yoxlanılması ilə bağlı MSK-nın hazırladığı müxtəlif materiallar – bütün ölkə ərazisinə yayılan geniş tirajlı, böyük ölçülü məlumatlandırma plakatları, televiziya və radio kanallarında yayımlanan müxtəlif video və audio çarxlar, eyni zamanda, sosial media platformaları üzərindən çoxsaylı paylaşımlarla geniş kampaniya gerçəkləşdirilib. “ASAN xidmət”lə birgə layihə çərçivəsində ilk dəfə 2024-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində əsası qoyulan və seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsinə hədəflənən mütərəqqi və effektiv bir vasitə Milli Məclisə seçkilərdə də davam etdirilib. Belə ki, “ASAN xidmət” mərkəzlərindəki müvafiq smart monitorlara yerləşdirilən funksional bölmə aktivləşdirilərək Mərkəzlərə gündəlik müraciət edən on minlərlə vətəndaşımıza adlarını seçici siyahılarında yoxlamaq, aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirmək, həmçinin bu məsələlərlə bağlı ehtiyac yarandığı halda yerindəcə MSK-ya operativ müraciət etmək imkanı yaradıb. MSK-nın “ASAN xidmət”lə sıx əməkdaşlığı şəraitində hazırlanan və vətəndaşları Mərkəzlərdəki sözügedən innovativ vasitədən yararlanmaqla adlarını siyahılarda yoxlamağa, səs verəcəkləri seçki məntəqəsini öyrənməyə təşviq edən videoçarx da televiziya və radio kanallarında, habelə sosial media platformalarında geniş yayılıb.

Milli Məclisə seçkilərdə reallaşdırılan irimiqyaslı maarifləndirmə və məlumatlandırma proqramından bəhs edilərək diqqətə çatdırılıb ki, seçki marafonu boyunca seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, müxtəlif statuslu, demək olar, bütün seçki iştirakçılarının maarifləndirilməsi diqqətdə saxlanılıb, əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində səsvermə gününə qısa müddət qalanadək müşahidəçilərin və media nümayəndələrinin bilavasitə iştirakı ilə intensiv şəkildə fərqli istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirilib. MSK seçkinin tarixi, səsvermə qaydaları, habelə istiqamətverici və çağırış xarakterli yüz minlərlə plakat da çap etdirərək, bütün yaşayış məntəqələrinin ərazisində və asanlıqla görünə bilən məkanlarda yerləşdirilməsini təmin edib. Bununla yanaşı, seçici siyahılarında adın yoxlanılması, seçicilərin səsvermədə iştiraka dəvət olunması, seçki gününün xatırladılması, səsvermə prosedurları, eləcə də əlavə seçicilər siyahısı əsasında səsvermə barədə hazırlanan, ümumilikdə 6 video və audioçarx ölkədəki televiziya və radio kanallarında mütəmadi şəkildə nümayiş etdirilib, eləcə də sosial media platformalarında paylaşılıb.

İclasda həssas qrupa aid seçicilər - görmə, eşitmə və hərəkət qabiliyyətində məhdudiyyət olanlar üçün gerçəkləşdirilən layihələrdən, yaradılan imkanlardan da danışılıb. Vurğulanıb ki, gözdən əlilliyi olan seçicilər səsvermə günü öz konstitusion hüquqlarını seçki bülletenlərindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretlərdən istifadə etməklə sərbəst şəkildə reallaşdırıblar. Eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində hazırladığı bütün videoçarxlar həm də alt yazısı ilə təqdim olunub. Hərəkət qabiliyyətində məhdudiyyət olan seçicilərin ictimaiyyətdən təcrid olunmadan, bilavasitə seçki məntəqələrinə gələrək səs verə bilmələri üçün seçki məntəqələrinin müvafiq binalarda yerləşdirilməsi və yeni panduslar quraşdırılması yolu ilə ehtiyac duyulan 2471 seçki məntəqəsində də digər məntəqələrdəki kimi əlverişli vəziyyət təmin edilib.

Eyni zamanda, məlumat verilib ki, Milli Məclisə seçkilərdə çoxsaylı siyasi partiyaları təmsil edən, eləcə də öz təşəbbüsləri ilə və seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən 990 iddiaçı deputatlıq uğrunda azad seçki mübarizəsi aparıb. Seçkilərin ən təqdirəlayiq tərəflərindən biri məhz siyasi partiyaların bu seçkilərə indiyədək görünməmiş şəkildə maraq göstərməsi, ölkədə fəaliyyət göstərən 25 siyasi partiyanın öz namizədləri ilə seçkilərdə iştirak etməsi olub. Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə geniş imkanlar və hərtərəfli bərabər şərait yaradılıb. Seçki qanunvericiliyinin tələblərinə əsasən bütün ölkə ərazisində 3469-u açıq, 2037-si qapalı olmaqla, ümumilikdə 5506 görüş yeri ayrılaraq təşviqat subyektlərinin ixtiyarına verilib. Onlar heç bir maneə ilə rastlaşmadan, sadəcə aidiyyəti üzrə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Bundan başqa, hər seçki məntəqəsinin ərazisində 2 ədəd olmaqla, seçicilər tərəfindən məlumatlar asanlıqla oxuna bilən əlverişli yerlərdə 10 mindən çox böyük ölçülü təşviqat lövhələri quraşdırılıb. Media subyektləri ödənişli əsaslarla seçkiqabağı təşviqata qoşulmaqda böyük fəallıq nümayiş etdiriblər. Bu məqsədlə 58 media qurumundan MSK-ya təqdim olunan müraciətlərin hamısı təmin edilib, onların müvafiq təklif və məlumatları təşviqat subyektlərinin tanış olması üçün Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim diqqətdə saxlanılıb. İclasda seçkilərin mühüm mərhələlərindən biri olan seçkiqabağı təşviqat kampaniyasının bütövlükdə sivil və müasir tələblərə cavab verən şəkildə keçdiyi, namizədlərin MSK tərəfindən yaradılan bərabər şərait və imkanlardan səmərəli istifadə etdiyi vurğulanıb.

Komissiyanın iclasında xüsusi qeyd edilən məsələlərdən biri də seçkilərin geniş aşkarlıq və şəffaflıq mühitində keçməsi olub. Bildirilib ki, Milli Məclisə seçkilərdə yerli və beynəlxalq müşahidəçilər də daxil olmaqla, məşvərətçi səs hüquqlu komissiya üzvü, səlahiyyətli nümayəndə, vəkil edilmiş şəxs və digər müxtəlif statusla, ümumilikdə 121 mindən artıq seçki iştirakçısı səsvermə günü məntəqə seçki komissiyalarının işini müşahidə etmək hüququ əldə edib. Seçkilərin müşahidəsinə 51 xarici qurum və 69 ölkəni təmsil edən 598 beynəlxalq müşahidəçi, o cümlədən nüfuzlu beynəlxalq media subyektlərinin təmsilçiləri qatılıblar. Yerli media mənsubları isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan, seçki marafonunun əvvəlindən axırınadək tam sərbəst və maneəsiz şəkildə proseslərin müşahidəsində iştirak ediblər. Seçkilərdə 2-si xarici partnyorları ilə birgə olmaqla, 3 ixtisaslaşmış təşkilat tərəfindən keçirilən “exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə, xəta əmsalı nəzərə alınmaqla, demək olar ki, üst-üstə düşüb.

Seçkilərin müşahidəsinə siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının ciddi maraq göstərməsinə də ayrıca diqqət çəkilib. Bildirilib ki, 24 siyasi partiya 65 minə yaxın təmsilçisi ilə seçkilərin müşahidəsinə qatılıb. Eyni zamanda, 16 qeyri-hökumət təşkilatı və vətəndaş cəmiyyəti institutu 5000-dən artıq yerli müşahidəçisi ilə seçkilərin izlənilməsində iştirak edib ki, bu da sözügedən ictimai təsisatların seçkilərdəki böyük fəallıqlarının bariz göstəricisidir.

Seçkilərin geniş aşkarlıq mühitində azad və ədalətli keçirilməsi üçün hər cür zəruri tədbirlərin görüldüyü vurğulanaraq diqqətə çatdırılıb ki, seçkilərdə informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən səmərəli istifadə olunması, xüsusilə uzun illərdir uğurla sınaqdan çıxmış veb-kamera praktikasının Milli Məclisə seçkilərdə də tətbiqi şəffaflığın miqyasını daha da böyüdüb. Bütün ölkə coğrafiyası əhatə olunmaqla, 1000 məntəqədə quraşdırılan yüksək görüntü effektinə malik veb-kameralar səsvermə günü seçki məntəqələri fəaliyyətə başladığı andan etibarən proseslərin gedişini hamı üçün açıq platformada bütünlüklə, arasıkəsilmədən və real vaxt rejimində dünyanın istənilən yerindən heç bir qeydiyyat tələb olunmadan internet istifadəçiləri tərəfindən müşahidə etməyə imkan yaradıb. Seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 570 mindən artıq baxış olub ki, bu da veb-kameraların seçki prosesindəki effektivliyinin və ictimaiyyət üçün kəsb etdiyi ciddi marağın daha bir göstəricisidir.

İclasda, həmçinin bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində keçirilib. Bu seçkilərdə işğaldan azad olunmuş ərazilərdəki daimi seçki məntəqələrinin sayı daha da artırılaraq 34-ə çatdırılıb, o cümlədən müvəqqəti əsaslarla fəaliyyət göstərən 20 seçki məntəqəsi yaradılıb. Səsvermə günü seçicilər azad və sərbəst şəkildə öz konstitusion hüquqlarını reallaşdırıb və ümumilikdə, ölkə üzrə seçicilərin 37,24 faizi səsvermədə iştirak edib. Seçki günü ərzində ictimaiyyət 5 dəfə seçicilərin aktivliyi barədə məlumatlandırılıb. Seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib və seçki məntəqələri üzrə nəticələrin müəyyənləşdirilməsinə yekun vurulduqca məntəqə seçki komissiyalarının protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsinə daxil olmaqla dərhal ictimailəşdirilib. Səsvermə başa çatdıqdan bir neçə saat sonra seçki məntəqələrinin 91 faizindən daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə ilkin nəticələr və lider namizədlər elan edilib. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

İclasda o da qeyd olunub ki, səsvermə günü və ondan sonrakı gün MSK və ya aşağı seçki komissiyalarına hər hansı qanun pozuntusu barədə heç bir şikayət və ya müraciət daxil olmayıb. Seçki günü Komissiyanın 115 saylı və elektron qaynar xətlərinə daxil olmuş seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu cür sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilib və zəruri addımlar atılıb. Səsvermə günündən sonra seçkilərə yekun vurulanadək daxil olan müraciətlər və müxtəlif mənbələrdən əldə edilən məlumatlar maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə tam şəffaf, obyektiv və hərtərəfli araşdırılaraq qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada operativ şəkildə iclasa çıxarılıb, geniş və ictimaiyyətə açıq müzakirələrin ardınca müvafiq qərarlar qəbul olunub. Müraciətlərlə bağlı araşdırma və baxılma prosesinin gedişatı barədə məlumatlar Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.

Milli Məclisə seçkilərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında onlayn platformaların imkanlarından geniş istifadə edildiyi, bu prosesdə MSK-nın internet səhifəsi xüsusilə mühüm rol oynadığı da iclasda vurğulanıb. Bildirilib ki, Komissiyanın zəruri məlumatların yerləşdirildiyi və mütəmadi yenilənən internet səhifəsi seçki prosesi boyunca istifadəçilərin ixtiyarına verilib, arzu edən şəxslər asanlıqla səhifədən istədikləri müxtəlif məlumatları əldə ediblər. Seçkilərə rəsmən start verildiyi gündən başlayaraq, seçki günü başa çatanadək MSK-nın internet səhifəsinə 3 milyona yaxın baxış keçirilib. Təkcə səsvermə günü isə bu göstərici 570 minə yaxın olub. Komissiyanın sosial media platformalarındakı rəsmi hesabları da seçki marafonu ərzində öz aktivliyini qoruyub, məlumatlar davamlı şəkildə paralel olaraq bu səhifələrdə də yerləşdirilib.

MSK-nın iclasında iştirakçılar Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi barədə məlumatlandırıldıqdan sonra gündəlikdə nəzərdə tutulmuş məsələlərin müzakirəsinə keçilib. Bildirilib ki, qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada MSK-ya təqdim olunan dairə seçki komissiyalarının protokolları və onlara əlavə edilən zəruri seçki sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə təfsilatlı araşdırılıb. Komissiya sənədlərin yoxlanılması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmayan 13 saylı Xəzər ikinci seçki dairəsinin 12, 15 saylı Yasamal birinci seçki dairəsinin 26, 18 saylı Nərimanov – Nizami – Binəqədi seçki dairəsinin 15, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1, 38 saylı Gəncə birinci seçki dairəsinin 13, 41 saylı Gəncə – Samux – Goranboy seçki dairəsinin 38, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5 və 9, 52 saylı Yevlax seçki dairəsinin 2 və 8, 80 saylı Lerik – Astara seçki dairəsinin 88, 82 saylı İmişli – Saatlı seçki dairəsinin 41, 42, 44 və 45, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25 və 34, eləcə də 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrini etibarsız hesab edib. O cümlədən seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində nöqsanlara yol verən ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılıb.

İclasda cari ildə keçirilən Milli Məclisə növbədənkənar seçkilərdə dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilib, seçkilərin ümumi yekunları haqqında MSK-nın protokolu tərtib olunub və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Həmçinin seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkilərin yekunlarının təsdiq edilməsi üçün Komissiyanın protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmasına qərar verilib.

Seçilən
65
3
azertag.az

4Mənbələr