AZ

"5 yaşlı uşaq qələm tutmağa məcbur edilməməlidir" —Valideyn məcburdur ki...

Oktyabr ayında məktəbə hazırlıq qruplarında dərslər başlayacaq. Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir ki, məktəbə hazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə 16 – 30 iyul tarixlərində Bakı və Gəncə şəhərlərində yerləşən 45, rus bölməsi üzrə isə 18 iyul – 1 avqust tarixlərində Bakı və Gəncə şəhərlərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq olunacaq. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək. Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər. Bu yaş kateqoriyasında olan uşaqların məktəbə hazırlıq qruplarına getməsi mübahisə doğuran məsələlərdəndir. Tədris proqramının mürəkkəbliyini nəzərə alsaq, balacaların bu yaşda artıq parta arxasında oturmasının onlar üçün asan olmadığını görərik. 

Sosioloq Lalə Mehralı 5 yaşlı uşaqların məktəbə hazırlıq qruplarına getməsini doğru hesab etmir. L.Mehralı Demokrat.az-a açıqlamasında fikrini belə əsaslandırıb:

“İki məktəbli anası, jurnalist və bu sahəni müşahidə edən biri kimi deyə bilərəm ki, müasir dərs metodikası, dərs proqramı 5 yaşlı uşaq üçün nəzərdə tutulmayıb. 5 yaşlı uşağın yeri bağçadır, oyuncaqların içidir. 5 yaşında uşaq məktəb harayında olmamalıdır, əli qələm tutmağa məcbur edilməməlidir, şeir əzbərlədilməməlidir. Bunlar uşağın inkişafına faydadan çox zərər verir. Bütün metodistlər, pedaqoqlar bunu deyirlər və öz uşaqlarını 7 yaşından qoyurlar məktəbə. 5 yaşında məktəbə qədər hazırlığa, 6 yaşında isə 1-ci sinfə getmək uşağın zəkasına ziyan verir. 1-ci sinif materialları, tədris proqramı elə 6 yaşında uşaq üçün də təhlükəlidir, amma bunu 5 yaşlıların qrupunda körpələrə öyrədirlər”. 

Ekspertin fikrincə, erkən yaşda təhsil həyatı ilə tanışlıq uşaqları məktəbdən soyuda bilər:

“İnsan ömrünün bütün çağlarını doya-doya yaşamalıdır. Vaxtından əvvəl uşaqları məktəb proqramı ilə yükləməklə əslində onları məktəbdən soyuduruq. Uşaqlar məktəbəqədər hazırlıq  qruplarından sonra məkəbə getmək istəmirlər. Onlarda ikrah hissi yaranır dərs oxumağa qarşı. Məktəb barəsində mənfi düşüncələr formalaşır uşaqlarda. Əvvəl uşaq fikirlərşir ki, məktəb yaxşıdır, kitablara marağı oyanır. Amma 5 yaşında məktəb mühiti ilə tanış olanda düşüncələri dəyişir, həvəssiz yanaşırlar oxumağa, onlara çətin gəlir. Buna görə də 5-6 yaşlarında hazırlıq qruplarına, 1-ci sinfə getməyi doğru hesab etmirəm. Mənə görə məktəb yaşı 7 yaşdır, bir çox dünya ölkələrində də bu, belədir”.
L.Mehralının sözlərinə görə bəzi valideynlər bunun fərqində olsalar da məcburiyyətdən dolayı övladlarını hazırlığa aparmalı olurlar: 

“Əslində, ölkədə məktəqədər hazırlıq qruplarına getmək məcburi deyil. Amma artıq 5 yaşına çatmış uşağı bağçadan xaric edirlər. Belə olan halda işləyən valideynin bir seçimi olur, uşağı məktəbə qədər hazırlıq qruplarına göndərmək. Maddi problemlər yaşayan valideynlər uşaqlarını bağçaya qoyub işə gedirdilər. Amma indi 5 yaşında uşaq artıq bağçaya gedə bilmədiyi üçün valideyn məcbur olur onu hazırlığa qoymağa. İstəməsələr belə məcbur qalırlar buna. Yəni əslində dövlətin belə bir tələbi yoxdur ki, 1-ci sinfə gələn uşaq əvvəlcədən hazırlıq keçmiş olsun”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
27
demokrat.az

1Mənbələr