Həmkarlar İttifaqı Komitəsinin əsas vəzifəsi rəhbərlik qarşısında üzvlərin hüquqlarını qorumaq, rəhbərliyin kollektiv əmək müqaviləsinin və ölkənin əmək qanunlarının şərtlərinə riayət etməsinə nəzarət etmək, əməkdaşlarının əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir.
Lakin Paytaxt.org saytının redaksiyasına göndərilən məqalədə qeyd olunur ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova müəllimlərdən çox məktəb rəhbərlərinə özünü yaxın hiss edir, sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etməyə cürət eləmir. Məqalədə bildirilir ki, Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova ilə əlbir işləyən Həqiqət Şahmuradova təhsil müəssisələri rəhbərləri öz işçiləri ilə müqavilələrin müddəalarını yerinə yetirməsə də səsini çıxarmağa hünəri çatmır, çünki "gözükölgəlidir", həmişə istismar olunanların deyil, istismar edənlərin tərəfində olub: “Həqiqət Şahmuradova həmkarlar təşkilatının xətti ilə maddi yardımı çox vaxt layiq olan, əsl ehtiyac duyan təhsil işçilərinə deyil, məhz özü istədiyi, ona “xüsusi minnətdarlıq etməyi bacaran” şəxslərə yazır. Belə qərarları sədr həmişə təkbaşına verir və nəyə əsaslandığı barədə hesabat verməyə özünü borclu saymır”.
Məqalədə qeyd olunur ki, ilk təşkilat ideoloji təbliğatla bağlı tədbirlər keçirməyi ümumiyyətlə unudub, təşkil etdiyi bütün tədbirlər sədrin özünün maddi maraq güddüyü məsələlərlə bağlı olub: “Komitə Məclisi, Rəyasət Heyəti, komitənin nəzdindəki komissiyalar formal olaraq mövcuddur, bütün qərarları Həqiqət Şahmuradova təkbaşına verir. Hesabat seçki konfransları da yalnız kağız üzərində keçirilir, nəticəsi də Həqiqət xanımın xeyirinə olur. Təşkilatda külli-ixtiyar Həqiqət Şahmuradovanın əlində olduğu üçün HİK-in müvafiq vəzifə daşıyıcılarının seçiulməsi də formal xarakter daşıyıb. Təftiş komissiyası da kağız üzərində mövcud olduğundan, təhsil müəssisələrində işlərin gedişinə nəzarət, müəllimlərin təkliflərinə, ərizə və şikayətlərinə baxılması işinin və HİK-nin büdcəsinin düzgün icrası, maliyyə, təsərrüfat fəaliyyətinin yoxlanılması yaddan çıxıb”.
Məqalədə birmənalı olaraq vurğulanır ki, Mingəçevir şəhər TİAHİ müəllimlərin sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirmək vəzifəsinin öhdəsindən gələ bilmir: “Əməkdaşların istirahətinin təmin olunması müstəvisində daim ayrı-seçkiliyə yol verilib. Təşkilat üzvlərinin istirahətlərinin təşkili, təhsil işçiləri üçün sanatoriyalara güzəştli yollayışların (“putyovka”) verilməsi məsələsi həmişə problemli, mübahisə doğuran məsələ olub. Heç kəsə sirr deyil ki, Həqiqət Şahmuradova “putyovkaları” onların ümumi qiymətinin 15 faizinə deyil, iki dəfə artıq qiymətə satıb. Nəticədə bəzi imkanlı şəxslər hər il bu fürsətdən yararlandıqları halda, Həqiqət Şahmuradovanı “görə bilməyən”lərin çoxları illərlə istirahət hüququndan istifadə edə bilməyiblər. Ümumiyyətlə, təşkilatın fəaliyyət çevrəsinə aid olan bütün humanist addımlar rüşvət qarşılığında həyata keçirilir”.
Qeyd edək ki, bütün bu məsələlərə aydınlıq gətirmək üçün Həqiqət Şahmuradova ilə əlaqə saxlamağa cəhd etdik. Dövlət tərəfindən müəyyən edilmiş telefonlara günlərlə zəng etsək də dəstəyi qaldıran olmadı. Sual olunur:Əgər dövlət tərəfindən təyin edilmiş bu telefon nömrələrinə cavab verən yoxdursa, nə üçün hər ay bu nömrələr üçün pul köçrülməlidir?
Ardı var...
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.