AZ

Azərbaycan İraqa qızıl ixracını artıra bilər

Azərbaycanın İraqa qızıl ixracının artırılması üçün potensial var.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.

"İraqdan bir neçə böyük qızıl istehsalçısı və idxalçısı Azərbaycana səfər edəcəklər və bu kimi məsələlər müzakirə olunacaq", - deyə o qeyd edib.

Y. Abdullayevin sözlərinə görə, bu ilin yanvar ayında AZPROMO və Azərbaycan şirkətləri İraqda keçirilmiş beynəlxalq ticarət sərgisində iştirak ediblər: "Azərbaycanın su istehsalçısı müqavilə bağlayıb, İraqa ixraca başlayıb. Bu, çox uğurlu göstəricidir və bu ənənəni davam etdirmək istəyirik".

O həmçinin əlavə edib ki, bu gün yaradılmış Azərbaycan-İraq Biznes Şurası iki ölkə arasında biznes əlaqələrini təşviq etməklə ticarət dövriyyəsinin artırılmasına çalışacaq, şirkətlərin çətinliklərini dövlətlərə çatdıracaq.

Bu gün Azərbaycanda 170-ə yaxın İraq kapitallı şirkət iqtisadiyyatın müxtəlif sektorları üzrə fəaliyyət göstərir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla İraq arasında ticarət dövriyyəsinin həcmi 15 milyon 711 min ABŞ dolları olub, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,6 % çoxdur. Azərbaycanın İraqa ixracının həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,1% artaraq 15 milyon 337 min ABŞ dollarına çatıb. Hesabat dövründə Azərbaycanın İraqdan idxalının həcmi 5 dəfə artaraq 374 min ABŞ dolları olub.

Qeyd edək ki, biznes forum İqtisadiyyat Nazirliyinin və İraqın Ticarət Nazirliyinin dəstəyi, AZPROMO və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

Seçilən
19
sam.az

1Mənbələr