AZ

Mingəçevirdə Aran derbisi, güclülər paytaxtda üz-üzə - YENİLƏNİR

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 2-ci tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, iki gün ərzində keçiriləcək oyunlardan "Baku Sportinq" - MOİK matçı "CBC Sport"da, qalanları isə PFL-in "1-ci liqa/2-ci liqa" "yutub" kanalında canlı yayınlanacaq.

Sürpriz nəticələrin qeydə alındığı ilk tur komandaları növbəti sınaqlara daha məsuliyyətli hazırlaşmağa vadar edib. Bu mənada qismən "Cəbrayıl"ı fərqləndirə bilərik. Ev oyunlarını Bakıda keçirən Qarabağ təmsilçisinin ciddi problemi yoxdu. "Difai"ni məğlub edən komanda paytaxtda "Zaqatala"nı sınağa çəkəcək. Elhad Nəzirinin yetirmələri hücumda effektiv olmağa çalışmalıdı. Ona görə ki, "Zaqatala" "Qəbələ" ilə matçda güclü müdafiə imkanlarının olduğunu sübut etdi. Rüstəm Məmmədovun komandası favoritdən aldığı bir xal sayəsində bu matçda daha motivasiyalı çıxacaq.

İkinci oyunda "Mingəçevir" "Karvan"ı sınağa çəkəcək. Aran derbisinin favoritini müəyyənləşdirmək çətindi. Hər iki komanda yeni mövsümə qələbə ilə başlayıb. Meydan sahiblərinə "doğma divarlar" və azarkeşlər, qonaqlara isə ötən mövsüm qeydə alınan nəticələr motivasiya verə bilər. Ona görə ki, Yevlax təmsilçisi 2023/24 "futbol ili"ndə bu rəqiblə keçirilən üç oyunun ikisində qələbə qazanıb. Digər tərəfdən, "Karvan" üç xala daha çox ehtiyac duyur. Hər halda, ilk "üçlük" hədəfinin reallaşması üçün yaxşı nəticələrə ehtiyac var.

Xüsusi diqqət mərkəzinə düşəcək matçlardan biri də "Qaradağ Lökbatan" - "Qəbələ" görüşüdü. Azər Həşimovun komandası ötən həftə Yevlaxdan məyus qayıtdı. Əslində eyni taleni Kaxaber Sxadadzenin kollektivinə də aid etmək olar. Qısası, Lökbatanda qələbə üçün alışıb-yananların duelinə şahidlik edəcəyik. Komandalar xal itkilərini kompensasiya etməklə turnirin favoritləri statusunu itirməməyə çalışacaqlar.

Dördüncü oyunda "Baku Sportinq" MOİK-i qəbul edəcək. Debütantın ilk ev oyununda güclü rəqiblə qarşılaşdığı məlumdu. Lakin Elman Sultanovun komandası da iddiasını gizlətmir. Bakılıların çempion olmaq istədiyini bilirik. Öz növbəsində "ordu klubu" da həmin məqsədə çatmağa çalışacaq. Belədə gərgin mübarizənin son ana qədər davam edəcəyi matç izləyə bilərik. Meydan sahibləri hesabına daha 3 xal yazdırmaq, qonaqlar isə ötən həftə "Mingəçevir"ə uduzmağın qisasını bakılılardan almaq üçün əlindən gələni edəcək.

Tura "Difai" - " İmişli" matçıyla yekun vurulacaq. Birinci oyunda "Cəbrayıl"a uduzan Ağsu təmsilçisi ikinci cəhddə qələbəyə nail olmağa çalışacaq. Yəqin ki, ötən mövsüm autsayderlər sırasında qərarlaşdığından 2-ci liqaya düşmək təhlükəsi yaşayan komanda dərsinu alıb və yeni "futbol ili"nə daha yaxşı hazırlaşıb. Bu üzdən "İmişli"yə qarşı əzmkar oyun sərgiləyəcəyini düşünmək olar. Fərid Namazovun komandası isə diqqətli olmalı, ilk turda yaşanan məğlubiyyətin təkrarlanmaması üçün tər tökməlidi.

18 sentyabr
Cəbrayıl – Zaqatala 0:0

Bakı, “ASCO Arena”. Saat 19.00.

Mingəçevir – Karvan
Mingəçevir, Yaşar Məmmədzadə adına şəhər stadionu. Saat 16.00.

19 sentyabr
Qaradağ Lökbatan – Qəbələ

Lökbatan, Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.

Baku Sportinq – MOİK
Bakı, “Baku Sportinq Arena”. Saat 16.00.

Difai – İmişli
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.
Xal durumu: Baku Sportinq, Karvan, Cəbrayıl, Mingəçevir – 3, Qəbələ, Zaqatala – 1, MOİK, İmişli, Difai, Qaradağ Lökbatan – 0.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
football-plus.az

1Mənbələr