Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində dünya hərb tarixinə qazandığı şanlı qələbə ilə yeni səhifə yazan Azəbaycan Ordusu – 2023-cü il sentyabrın 20-də növbəti uğura imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin “Dəmir Yumruq” siyasəti ilə yenilməz ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi.
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Tətbiq olunan cəza tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəkliklər işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi, 1 sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərksilah olunmaları milli dövlətçilik tariximizə yeni qəhrəmanlıq salnaməsi kimi yazıldı. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. Eyni zamanda, bu tədbirlər ordumuzun yüksək döyüş qabiliyyətini, əzmini bir daha nümayiş etdirdi.
Dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.
2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Müzzəfər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti, həmçinin rəaşdətli ordumuzun peşəkarlığı nəticəsində torpaqlarımızda separatizmin kökü kəsildi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
Tutu Kamal qızı
Yeni Azərbaycan Partiyası
Zəngilan rayon təşkilatının sədr müavini