AZ

Hafiz Səfixanov: “Tunelin sonu görünmür, mina problemimiz böyükdür”

Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazda bütün mina qurbanlarının ümumi sayından çoxdur
 

Qarabağ dünyanın piyada və tank əleyhinə mina və partlamamış hərbi sursatla (PHS) ən çox çirklənmiş ərazilərindən biridir. Hesablamalara görə, bu ərazilərdə ən azı 1,5 milyon mina basdırılıb və onlar hər an partlaya bilər. 1991-ci ildən 2024-cü ilədək mina qurbanlarının sayı 3500-ə yaxın olub. Bugünədək baş vermiş 226 insident nəticəsində mina qurbanlarından həyatını itirənlər, ağır xəsarət alanlar olub, bir çoxlarının bədən üzvlərinin müəyyən hissəsi amputasiya edilib. Bu faciəvi hadisələrin böyük əksəriyyəti minatəmizləmə əməliyyatları, kənd təsərrüfatı işləri və infrastrukturun bərpası prosesi zamanı baş verib. 

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Sherg.az"a açıqlamasında deyib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə may-avqust aylarında "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" adlı layihə həyata keçirilib.

QHT rəhbəri vurğulayıb ki, layihə çərçivəsində onlar işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Ermənistanla şərti dövlət sərhədlərində olublar: "Ötən il Naxçıvan Muxtar Respublikasına monitorinqlər keçirtmişdik. Problemin miqyası həddindən artıq böyükdür. Belə təsəvvür etmirdik. Bizim təşkilat 1998-ci ildən fəaliyyət göstərir. 2020-ci ildə, torpaqlarımız işğaldan azad edilməmişdən qabaq bəzi beynəlxalq təşkilatların hesabatında göstərilirdi ki, Azərbaycanın Qarabağ bölgəsində 50-100 min minanın olması təxmin edilir. Amma torpaqlarımızı işğaldan azad etdikdən sonra tamamilə başqa mənzərə ilə rastlaşdıq. Ağla gələn və gəlməyən yerlərdə minalarla rast gəlinir. Minalara keçmiş təmas xəttində, onun ətrafında, arxa tərəfdə isə üzüm bağlarında, meşələrdə minalara rast gəlinir. Dağıdılmış yaşayış məntəqələrində, çay sahillərində minalarla ciddi çirklənmə müəyyən etmişik. Həmçinin, kənd təsərrüfatına yararlı torpaqlarda, otlaqlarda, yollarda, körpülərdə, məktəb binalarında, su mənbələrində də minalar çoxdur. Hətta məzarlıqlarda da minalar var. Məsələn, Ağdam rayonunun Yusifcanlı və Qarağacı qəbirstanlığında, Cəbrayılın Cocuq Mərcanlı və Qaracalılar, Laçının Suarası, Füzulinin Qorqan və Qarakollu kəndlərində yerləşən qəbirstanlıqlarda minaların olması dəqiqdir. Bu il Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbirstanlıqda da minalanmış sahə aşkarlandı. Həmçinin, Füzuli rayonunun Qarğabazar kəndi ərazisində Şah Abbas karvansarayı, Merdinli kəndində Pirlər türbəsi, Qorqan kəndi ərazisində İbə piri (ziyarətgah), Ağdam rayonunda Cümə məscidi, Tərtər rayonundakı alban kilsələrinin ətrafında minalanıb. Köndələnçayda, Tərtərçay, Xaçın, Qarqar, Həkəri çaylarında minalarla çirkləndirilmiş sahələr var". 

Ekspertin sözlərinə görə, ümumilikdə son rəsmi məlumata əsasən, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib: 
"Bu ərazilərdə 1.5 milyon mina və partlamamış hərbi sursatın olduğu güman edilir. Azərbaycan ərazisinin minalarla çirklənməsinə görə, dünyada ilk onluqda yer alır. Avropada isə ilk beşlikdəyik. İşğaldan azad olunmuş ərazilərdə, 702 min hektar ərazini əhatə edən 1 milyon 166 min minanın olması ehtimal edilir. Bunun 211 min 800 hektarı yüksək səviyyədə çirklənmədir. 954 min 902 hektarı isə ortadan aşağı səviyyədə çirklənmiş sayılır. Beynəlxalq ekspertlərin beynəlxalq böhran qrupuna verdiyi məlumata görə, azad olunmuş ərazilərin təxminən beşdə biri yüksək səviyyədə çirklənib. Təxminən, üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahədir. Mina problemi üç-beş günlük deyil. Ərazilərimizin minalardan təmizlənməsi illərimizi alacaq və milyonlarla vəsait sərf olunacaq". 

H.Səfixanov vurğulayıb ki, Ermənistan Azərbaycana 4 dəfə minalı əraziləri əks etdirən xəritələr verib:
 "Azərbaycanın hökumətinin israrlı tələbləri, beynəlxalq aktorların işə qarışması nəticəsində Ağdamda 97 min minanın olmasına dair xəritə verdi. İkinci dəfə Füzuli və Zəngilana aid 92 min minanın olduğu xəritə verildi. Üçüncü mərhələdə isə konkret rayonların adı çəkilmədi və sadəcə deyildi ki, İrəvan növbəti xəritəni təqdim edib. Üç xəritədə göstərilən minaların sayı hardasa 400 minə yaxındır. Bu il isə Kəlbəcər rayonuna aid mina xəritəsini verdilər. Murovdağ silsiləsini əhatə edən ərazilərə aid 8 formulyar idi. Amma nə qədər minanın olduğu göstərilmirdi. Yoxlamalardan sonra dəqiqliyin çox aşağı olduğu üzə çıxdı. Xocavənd, Tərtər, Goranboy rayonlarının ərazisindən keçən keçmiş təmas xəttinə aid 71 km.lik ərazinin xəritəsi isə Azərbaycana verilmədi. 2023-cü ilin sentyabrın 19-20-də keçirilən anti-terror əməliyyatından sonra biz daha bir problemlə üzləşdik. Təxminən, 500 kv.km.lik ərazinin 2 km. dərinlikdə minalanmasının şahidi olduq. Bu, 2020-ci ilin üçtərəfli bəyanatından sonra ermənilərin yaratdığı yeni "cəbhə xətti" sayılırdı. Orada 500 minə yaxın minanın olduğu deyilir. Bütün bunların hamısını biz əlaqədə olduğumuz beynəlxalq təşkilatlara, səfirliklərə, problemlə məşğul olan insanlara göndəririk". 

QHT sədri bəyan edib ki, əvvəllər Ermənistan ümumiyyətlə boynuna almırdı ki, əraziləri minalayıb. Hətta mina istehsal etməsini də inkar edirdi:
 "Ancaq həm hökumətimizin, həm QHT-lərin, həm də bizim təşkilatın gərgin fəaliyyəti nəticəsində Ermənistanı mina istehsal edən ölkə kimi tanıda bildik. Bu, müvafiq hesabata da düşüb, dünya da bunu bilir. Ermənistanda istehsal olunmuş minaların Azərbaycan ərazilərində yerləşdirilməsinə dair saysız foto-video materiallar var". 

Hafiz Səfixanov qeyd edib ki, beynəlxalq birlik də son dövrlər nisbətən aktivləşib. Minaların təmizlənməsinə bir qədər ciddi yanaşmağa başlayıblar:
 "Düzdür, ürəyimiz istəyən səviyyədə olmasa da, buna da şükür. ABŞ və Avropa ölkələri, Körfəz ölkələri Azərbaycana bu sahədə yardım edirlər. Proses gedir. Yenə təkrar edirəm ki, bu qısa müddətli məsələ deyil, özümüzü aldatmamalıyıq. Ona görə də əhalimiz maarifləndirmə təlimatlarına ciddi əməl etməlidir. Buna barmaqarası baxmaq olmaz. Əfsuslar olsun ki, hər ay mina qurbanlarının sayı artır. Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazda bütün mina qurbanlarının ümumi sayından çoxdur. Bu tunelin də sonu görünmür. Çünki problemimiz böyükdür. Ən azından maarifləndirmə tədbirləri ilə mina qurbanlarının sayını minimumlaşdıra bilərik. Belə olarsa mina qurbanlarına çəkilən xərc minaların təmizlənməsinə yönələr. Mina qurbanına çevrilmiş şəxs dövlətin boynunda əlavə yükə çevrilir. İnsanlarımız şüurlu şəkildə öz həyatlarını qorumalıdır. Minaya düşənlərin 197 nəfəri mülki şəxs, 182 nəfər isə hətbçilərdir. Görürsüz, mülki şəxslərin sayı hərbçilərdən çoxdur. 379 nəfər ümumilikdə minadan zərərçəkən var". 

Seçilən
18
sherg.az

1Mənbələr